Odessa meri Rusiya pasportuna sahib olmaqda ittiham olunur- ÖZƏL
18 Sentyabr 2024 10:00 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın Odessa şəhərinin meri Gennadiy Truxanovun Rusiya pasportuna sahib olması ilə bağlı yeni bir qalmaqal ortaya çıxıb. Sosial şəbəkələrdə tanınmış bloqçu və aktivist Sergey Sternenko Truxanovun Rusiya vətəndaşı olduğunu iddia edən sənədlərin surətlərini yayımlayıb. Sternenko öz Telegram kanalında qeyd edib ki, şəhər rəhbəri Truxanovun Rusiyadan aldığı pasport məlumatları və bu sənədlərin dəqiq seriya nömrələri sızdırılmış məlumat bazalarında tapılıb. O həmçinin bildirib ki, Truxanov 2022-ci il fevralın 9-da, Ukraynada hərbi əməliyyatların başlanmasına az qalmış, Rusiyada bank kartı açıb.
Məlumatların yayılmasından sonra Truxanov bu iddiaları təkzib edərək, onun haqqında yayılan ittihamların uzun müddətdir ki, müzakirə edildiyini və heç bir əsasının olmadığını bildirib. Mer qeyd edib ki, 2014-cü ildən bəri bu mövzuda mütəmadi olaraq saxta sənədlər və ittihamlar yayılır. O vurğulayıb ki, dəfələrlə Ukraynanın müvafiq hüquq-mühafizə orqanları bu iddiaları araşdıraraq, onun Rusiya vətəndaşlığını təkzib edən rəsmi cavablar verib.
Mövzu uzun müddətdir müzakirə olunur.
Gennadiy Truxanov ilk dəfə 2014-cü ildə Odessa meri vəzifəsinə namizədliyini irəli sürdüyü zaman Rusiya pasportuna sahib olmaqda ittiham olunmuşdu. O vaxtkı rəqibi və sabiq Odessa meri Eduard Qurvits, Truxanovun 1992-ci ildə Dağıstanda, Buynaksk şəhərində Rusiya pasportu aldığını iddia etmişdi. Qurvits həmçinin bildirmişdi ki, Truxanov ikinci Rusiya pasportunu 2010-cu ildə, 45 yaşı tamam olanda, Moskva yaxınlığındakı Serqiyev Posad şəhərində alıb. Truxanov isə öz növbəsində, rəqibini saxta sənədlər hazırlamaqda günahlandırmışdı.
2016-cı ildə isə Odessa vilayətinin o zamankı qubernatoru Mixail Saakaşvilinin müavini Saşa Borovik Truxanovu yenidən Rusiya pasportuna sahib olmaqda ittiham etmiş və bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) müraciət etmişdi. Lakin SBU-nun apardığı araşdırma nəticəsində bu ittihamları təsdiq edən heç bir dəlil tapılmamışdı.
Bununla belə, Ukrayna sosial şəbəkələrində Truxanovun Rusiya pasportu ilə yanaşı, İtaliya və Yunanıstan pasportlarına da sahib olduğu iddia edilirdi. İddialara görə, o, bu pasportlardan istifadə edərək Vircin adalarında offşor hesablar açmışdı və qeydiyyat zamanı Rusiyadakı ünvanını göstərmişdi. Bu xəbərlərin yayılmasından sonra Truxanov Rusiyanın Odessadakı baş konsulluğundan aldığı arayışı paylaşaraq, bu ittihamları təkzib etmişdi.
Ukrayna qanunvericiliyində dəyişikliklər
2022-ci ildə Ukrayna hökuməti dövlət məmurlarının Rusiya pasportu almasını cinayət hesab edən qanun qəbul etdi. Bu qanuna əsasən, Rusiya vətəndaşlığını könüllü olaraq qəbul edən məmurlar 10-15 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bundan başqa, Rusiya pasportu almağa məcbur etmək və ya Rusiya vətəndaşlığını təbliğ etmək də cinayət məsuliyyəti yaradır.
2023-cü ildə Ukraynanın prezident administrasiyası Rusiya pasportu alan şəxslərin avtomatik olaraq Ukrayna vətəndaşlığından məhrum edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləmişdi. Bu qanun layihəsi çərçivəsində Truxanovun vəziyyəti bir daha diqqət mərkəzinə düşüb.