Sıralama turundan sonra pilotların mətbuat konfransı keçirilib

Artıq 4-cü ildir ki, Bakıda yarışa pouldan start götürən Şarl Lekler Bakı Şəhər Halqasının onun ən sevimli traslarından olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-də keçirilən sıralama turunun ardından pilotların iştirakı ilə mətbuat konfransı baş tutub. F1 sürücüləri yarışla bağlı fikirlərini və gözləntilərini bölüşüblər.

Ferrari-nin sürücüsü Şarl Lekler dördüncü il ardıcıl olaraq Azərbaycan Qran Prisində pouldan start götürəcək. Sürücünün sözlərinə görə, Bakı Şəhər Halqası onun ən sevimli traslarından biridir. Lakin o, hələlik bu yarışda qələbə qazana bilməyib və indi bunu düzəltmək istəyir: "Bu, təqvimdəki ən sevimli traslarımdan biridir, o, həqiqətən mənə çox xoşdur. Birinci sərbəst yürüşlərdə baş vermiş qəza səbəbindən bizim üçün asan həftəsonu olmayacağını düşünmüşdüm. Amma bu qəza mənim əminliyimə təsir etmədi, çünki mən bilirdim ki, bizim tempimiz var".

İkinci sərbəst yürüşlərdə komandanın maşınının yeni komponentlərindən biri ilə problem yaranıb və onlar daha yarım saat boksda itiriblər. Öz son cəhdində Şarl bir qədərdə sürətini artırmağa qərar verib və əla nəticə göstərə bilib.

"Maşın əla təəssürat bağışladı, hər şey qaydasında idi və mən poul qazandığıma görə çox şadam. Ferrari maşınları 1-ci və 3-cü mövqelərdən start götürəcəklər, ona görə də ümid edək ki, sabah biz komanda oyunu oynaya və yarışda qələbə qazana biləcəyik", deyə Şarl qeyd edib.

Gənc avstraliyalı pilot Oskar Piastri bu gün keçirilən Azərbaycan Qran Prisinin sıranlama turunda inanılmaz performans nümayiş etdirərək 2-ci nəticə göstərib. O, təkcə Ferrari-nin pilotu Şarl Leklerdən cəmi 0.3 saniyə geri qalıb.

Yarışdan sonra Piastri mətbuat konfransındakı açıqlamasında deyib: "Son sürətli dövrəmdə divarın lap yaxınlığından keçdim! Bu tras həqiqətən də fədakarlığı mükafatlandırır, cəsurları sevir, buna görə də finalda son cəhdimdə bütün gücümlə hücum etdim, çünki itirəcək bir şeyim yox idi".

Piastri həmçinin qeyd edib: "Bu trasda başqa bir maşının arxasında getmək çox çətindir, buna görə də sabah boş bir trasda olmağa çalışmalıyıq. Bizim yaxşı yarış tempimiz var, lakin Ferrari maşını da yavaş deyil".

Ferrari komandasının ispaniyalı pilotu Karlos Sayns bu gün keçirilən Azərbaycan Qran Prisinin sıralanma turunda 3-cü nəticə göstərib. Sessiyadan sonrakı mətbuat konfransında Karlos nəticəsi barədə fikirlərini bölüşüb: "Düşünürəm ki, biz sıralanma turunu əminliklə keçdik və bütövlükdə bütün gün normal keçdi. Sabahkı yarışa hər ikimiz - mən və Şarl yaxşı mövqelərdən start götürəcəyik".

Daha sonra Sayns əlavə edib: "Əvvəlki illərdə bu trasda heç vaxt sıralanma turunda sürətli dövrəni imkanlarımın hüdudunda keçə bilməmişəm, heç vaxt tam gücümlə çıxış edə bilməmişəm. Ona görə də 3-cü mövqeni pis nəticə hesab etmək olmaz. Görünən odur ki, mən kifayət qədər yüksək yarış tempinə malikəm, buna görə də sabah hələ mübarizə aparacağıq".

Konfransın sonunda jurnalistlərdən birinin yarışdan öncə hansı musiqini dinləyirsiniz sualına cavab olaraq açılış mərasimində səsləndirilən Azərbaycan Himini çox sevdiyini bildirib.

Beləliklə, kvalifikasiya sessiyası yarışın gərginliyini artıraraq final günü üçün böyük gözləntilər yaratdı. Sürücülər, Bakı trasının çətinliklərini aşaraq yüksək nəticələr əldə etmək üçün əllərindən gələni edəcəklərini ifadə etdilər.

Sıralama turundan sonra pilotların mətbuat konfransı keçirilib

Sıralama turundan sonra pilotların mətbuat konfransı keçirilib
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31