Emin Hacıyev: “Azərbaycan xalqı seçkilərə böyük ruh yüksəkliyi ilə hazırlaşıb”
6 Fevral 2024 19:10 Siyasət"Sabah, fevralın 7-də ölkəmizdə mühüm siyasi hadisə - prezident seçkiləri baş tutacaq. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazilərimizdə keçiriləcək bu seçkilər ölkəmizin gələcəyi üçün mühüm önəm daşıyır". Bu fikirləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev deyib.
"Hər birimizdə qürur hissi yaradan növbəti məqam isə odur ki, uzun illər sonra ilk dəfə Şuşada, Xocalıda, Xankəndidə - bütün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan xalqı öz siyasi iradəsini ifadə edə biləcək. Qalib xalqımız seçkilərə çox böyük ruh yüksəkliyi ilə hazırlaşıb. Artıq ölkə ərazisində şəffaf və demokratik seçkilərin keçirilməsi üçün uyğun şərait yaradılıb, seçki məntəqələri bütün lazımi vasitələrlə təmin olunub. Eyni zamanda, qeyd etmək istərdim ki, seçkilərə beynəlxalq arenada böyük maraq var. Bir sıra dünya ölkələrindən və beynəlxalq təşkilatlardan çoxlu sayda beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Əvvəlki illərdə keçirilən seçkilərdə beynəlxalq müşahidəçilərdən müsbət rəy alan Azərbaycan şəffaf və demokratik seçki təcrübəsinə malikdir. Müvafiq seçki qurumları tərəfindən yüksək səviyyədə maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilib", - deyən deputat əminliyini bildirib ki, Zəfər seçkisində xalqımız hər zamankı kimi öz azad siyasi iradəsini ifadə edəcək və bu seçki tarixi seçki kimi yaddaşlarda qalacaq.