"Danimarkanın bunu demokratiya və ifadə azadlığının təzahürü kimi təqdim etməsi xüsusi narahatlıq doğurur"
1 Aprel 2023 18:55 DünyaTürkiyənin Milli Müdafiə Nazirliyi Danimarkada müqəddəs Qurana və Türkiyə bayrağına qarşı törədilən təxribatı pisləyib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında deyilir.
Nazirlik NATO üzvü olan Danimarkanı "ümumbəşəri dəyərləri təhdid edən və terrorizmin növbəti təzahürü olan islamofobiya təzahürlərinə qarşı məsuliyyətsiz münasibətindən dərhal əl çəkməyə" çağırıb.
Ankara Türkiyə səfirliyinin yaxınlığında Türkiyə bayrağına və 1,5 milyarddan çox dünya müsəlmanları üçün müqəddəs olan Qurana qarşı törədilmiş növbəti çirkin təxribata diqqət çəkib. "Türkiyə tərəfinin bütün xəbərdarlıqlarına baxmayaraq, Danimarka hakimiyyətinin nifrət cinayətinə məhəl qoymamağı, bunu demokratiya və ifadə azadlığının təzahürü kimi təqdim etməsi xüsusi narahatlıq doğurur", - deyə açıqmlamada bildirilir.
Müdafiə Nazirliyi bu cür düşmən düşüncə və hərəkətlərin Avropada demokratik dəyərlər, tolerantlıq və dinc yanaşı yaşama mədəniyyətini məhv etdiyini vurğulayıb.