Xarici dili çox asan öyrənərsiniz: Bu kompleksdən qurtulsanız

Kembric imtahanlarına, OGE və Vahid Dövlət İmtahanlarına hazırlıq proqramları üzrə ekspert Nataliya Tutançevanın sözlərinə görə, xarici dildə danışmağı istəyiriksə, hər şeydən əvvəl utanmaq hissindən azad olmalıyıq.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "Moslenta.ru"ya danışıb.

O bildirib ki, problem bilik səviyyəsinin aşağı olmasında deyil, həm də psixoloji səbəblərlə bağlıdır.

"Bəzi insanlar qrammatikanı yaxşı bilir, yaxşı söz ehtiyatına malikdir, oxuyub-yazır, lakin danışmaqda çətinlik çəkirlər. Əsas səbəb daxili qorxudur. Xüsusilə söz ehtiyatının az olacağı qorxusu və ya söhbət əsnasında yadından çıxacağı fikri onlara mane olur. Ünsiyyət qurarkən narahatlıqdan xilas olmaq üçün rahat bir mühitdə daha çox məşq etməlisiniz. Həmçinin sosial şəbəkələrdəki yazılara şərh yazmağı məsləhət görürəm. Beləliklə, siz xarici dildə dialoqa girə, şərhçilərin reaksiyasını izləyə və daxili qorxunu aradan qaldırmağa kömək edə bilərsiniz.

Yazıda yeni sözlərdən və qrammatik konstruksiyalardan istifadə etməyə çalışmalısınız ki, yazınız və fikriniz güclənsin. Başqalarının şərhlərindəki tanış olmayan ifadələri öyrənə və onları aktiv şəkildə tətbiq edə bilərsiniz. Bu, söz ehtiyatını artıracaq və özünə inam gətirəcək.

Gündəlik ünsiyyət üçün dərin dil biliyi tələb olunmur. Səlis danışmaq üçün əsas qrammatik konstruksiyaları və leksik klişeləri yaxşı mənimsəmək kifayətdir. Yeni bir bacarığı mənimsədikdən sonra onu dərhal tətbiq edin və dildə avtomatik istifadə halına gətirin.

Şifahi nitqlə məşğul olmaq üçün həmsöhbətə ehtiyacınız var. Bu, hər hansı bir müəllim və ya o dildə danışan biri ola bilər. Həm şifahi, həm də onlayn söhbətlərdə müxtəlif həyat vəziyyətlərindən danışmaq daha effektivdir.

Belə bir insanı tapmaq çətin deyil. İstənilən ölkədən həmsöhbət seçib, zəng təşkil edə biləcəyiniz xüsusi saytlar var" , - Nataliya Tutançeva bildirib.

Mütəxəssis əlavə edib ki, başqa ölkəyə səyahət etməyə hazırlaşırsınızsa, dil öyrənərkən yerli sakinlə danışmaq daha yaxşıdır. Yerli sakinlərin dili ədəbi dildən fərqli ola bilər.

"Bundan əlavə, səs yazılarına, videolara qulaq asmaq, tərcüməsiz filmlərə baxmaq ünsiyyət bacarıqlarını öyrətmək üçün uyğundur", - ekspert müsahibəsində vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31