Almaniya kimi ciddi bir Avropa dövləti öz reputasiyasını erməni oyunlarına qurban verməz - ÖZƏL
3 Mart 2023 12:54 Dünya"Avropa İttifaqının aparıcı dövlətlərindən olan Almaniyanın Qarabağ məsələsində Fransa ilə eyni mövqedən çıxış edərək, Ermənistanı və ya Qarabağ ermənilərini dəstəkləməsi mümkün haldır. Məsələ ondadır ki, bu, Almaniyanın dövlət kimi öz işidir. Simpatiya duyduqları, özlərinə və öz prinsiplərinə yaxın hesab etdikləri dövlət və ya separat da olsa hər hansı qrupun fəaliyyətinə loyal yanaşa, hətta ona dəstək də ifadə edə bilərlər. Bu baxımdan Almaniya konsleri Şoltsun Qarabağ separatçıları barədə hansısa fikir bildirməsi və ya bildirdiyi deyilməsi əslində heç nəyi dəyişmir". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O, daha sonra bunları qeyd edib: "Məgər Azərbaycan ərazilərinin 27 il işğalda qalması zamanı bütün dövlətlərmi bunu pisləyib, qarşı çıxırdılar?! İndi Azərbaycanla bir mövqedə olan Amerika məgər hər zaman Ermənistanı dəstəkləmirdimi? 907-ci düzəlişin tam ləğv edilməməsi hələ də həmin dəstəyin nəticəsi deyildimi? Bu baxımdan, hesab edirəm ki, istər Almaniya konslerinin, ya Fransa prezidentinin bizə uyğun gəlməyən fikirlərini ciddiyə almaq lazım deyil. Məsələ ondadır ki, dünyada cərəyan edən hadisələr indi heç bir normal dövlətin separatizmi, işğalı dəstəkləyən hərəkət etməsinə imkan vermir. Bu olsa-olsa hansısa təzyiq məqsədi güdə bilər, amma real şəkildə rəsmi dəstəyə çevrilə bilməz. Belə hal həmin ölkəni Rusiya ilə yan-yana qoymaq olar".
Politoloq hesab edir ki, Almaniya kimi ciddi bir Avropa dövləti öz reputasiyasını erməni oyunlarına qurban verməz: "Bu, Avropa İttifaqının prinsiplərinə qarşı çıxmaq olar, Rusiyanın hərəkətlərinə haqq qazandırmaq olar. Almaniya dövlət kimi belə səhv etməz, xüsusən də, tarixdə bu səhvi iki dəfə etmiş və onun nəticələrini öz üzərinə hiss etmişkən".