Rusiya-Ukrayna müharibəsində geridə qalan 1 il

Udan kim, uduzan kimdir?

Rusiya-Ukrayna müharibəsinin başlamasının 1 ili tamam olur. Ötən bir ildə Rusiyanın Ukraynaya hücumu nəticəsində on minlərlə insan həyatını itirdi, şəhərlər, kəndlər dağıldı, hər iki ölkənin iqtisadiyyatına ciddi zərər dəydi. Rusiya-Ukrayna müharibəsi təkcə Moskva və Kiyevə deyil, eləcə də bütün dünyaya, dünya iqtisadiyyatına öz mənfi təsirini göstərdi. İqtisadçı Eldəniz Əmirov deyib ki, bu müharibənin bütün dünyaya təsir etməsi təbii idi. Çünki söhbət 148 mln.kv.km. quru sahəsi olan planetin 12%-ə sahib olan bir ölkədən gedir: "Bu bir il ərzində oxuduğum və eşitdiyim ən böyük yanlış fikir sanksiyaların Rusiyadan daha çox Qərbə zərər verməsi haqqındakı fikirlər idi. Küçədə piyadanı avtomobil vuran zaman avtomobilə də zərər dəyir. Amma qəza zamanı alın şüşəsi çatlamış avtomobilə həyatını itirməkdə olan piyadaya dəymiş zərərləri müqayisə etmək nə qədər məntiqlidirsə, bu da o qədər məntiqlidir. Müharibə başlayan kimi dedilər Avropa Rusiya qazı olmadan qışdan çıxa bilməyəcək, donacaq. Müharibənin 11-ci günü (7 mart tarixində) Avropada qazın qiyməti rekord vuraraq maksimum 3 900 dollara çatdı. Rusiya neft-qazı olmadan dünya olmaz deyənlərin səsi daha yüksəldi. Amma bu gün qazın qiyməti cəmi 600 dollardır. 7 dəfə azaldı qiymət. Qış isə geridə qaldı".

Bəs görəsən hələ də davam edən bu bir illik müharibədə udan kim oldu?

Eldəniz Əmirov deyir ki, bu müharibədən udan Amerikadır: " "S&P Global Commodity Insights" tərəfindən hazırlanmış hesabatlara əsasən, ötən il təkcə  II və III rüblərdə ABŞ-ın publik neft-qaz şirkətlərinin ümumi xalis mənfəəti 200,24 milyard dollar təşkil edib. Cəmi beş rübə bir trilyon dolları keçir. Hələ ondan sonrakı vaxtlarda Rusiyanın boşaltdığı qaz bazarını Amerika  öz LNG-si ilə (sıxılmış maye qaz) doldurmaqdadır.   Təhlil onu göstərir ki, Rusiyanı qısa müddətdə məğlub hala gətirmək ABŞ-nın planında yoxdur. Hər şey tədricən olmalıdır. Elə minvalla olmalı ki, Rusiyanın boşaldığı hər sahəni Amerika və onun izn verdiyi tərəfdaşları doldurmalıdır. Sürətli məğlubiyyət planetdə çox boşluqlar yarada bilər.  ABŞ qısa zamanda bu boşluqları hamısı özü doldura bilməz. Əvəzində rəqibləri (Məsələn, Çin) o boşluqları tuta bilər. Ona görə də hər şey Qant Qrafikində olduğu kimi zamanlar üzrə dəqiq idarə edilir. Hətta işlər o qədər plana uyğun gedir ki, Amerika İrana və Çinə belə hansısa güzəştə getmir, əksinə paralel konflikt nöqtələrini saxlayır və genişləndirir.  Bəs daha çox zərər kimə dəydi? Rusiyaya? Əlbəttə yox, Əvvəlcə Ukraynaya, sonra Rusiyaya. Bu gün Ukraynanın yanında olan Amerika Rusiyanı məğlub hala gətirdikdən sonra Ukraynanın bərpasına və yenidən qurulmasına vəd etdiyi xərcləri qarşılamayacaqmı?  Çətin. Ukraynaya dəymiş zərər trilyon dolları geridə buraxacaq. Zərərin birinci komponenti birbaşa infrastruktur itkiləridir ki, yüz milyardlarla dollarla ölçülür. Digər kompanent hərbi infrastruktur və digər mülki xərclərdir ki, onun da məbləği hələ müharibənin ikinci ayında 300 mlrd. dollara bərabər olduğu söylənilirdi. İndiyə qədər bu məbləğ dəfələrlə artmışdır".

İqtisadçı deyib ki,  üçüncü bir komponent isə Ukrayna iqtisadiyyatının itkiləridir: "Bura hərbi əməliyyatları davam etdirəcəyimiz müddət və sonrakı bərpa illəri boyunca ÜDM-in azalmasıdır. Qaçırılmış fürsətlər, itirilmiş mənfəətlər, sərmayə qoyulmamış investisiyalar və digər neqativlər Ukrayna iqtisadiyyarına trilyon dollardan artıq zərər vurdu.   Rusiya infrasturkturların dağıdılması baxımından Ukrayna ilə müqayisədə yaxşı hesab edilə bilsə də, iqtisadi zərər və strateji baxımdan heç də yaxşı deyil.  Düzdür, Rusiyanın rəsmi statistika qurumunun açıqlamasına görə Rusiya iqtisadiyyatı 2022-ci ildə 2.1 faiz kiçilib. Amma bu statistikanın reallığı əks etdirmədiyini, azalmanın daha çox olduğunu düşünürəm. Ötən il bir müddət ümumiyyətlə rəsmi statistikaların verilməsi qadağan edildi, ələxsusda neft-qaz statistikası gizlədildi. Odur ki, azalmanın çox olması və qarşıdakı müddətdə davam etməsi qaçılmazdı.  DIW Berlin (Almaniya İqtisadi Araşdırmalar İnstitutu) bir neçə gün öncə isə  Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərərin 1,6 trilyon dollar olduğu bildirilib. Yəni qlobal iqtisadiyyatın 2022-ci ildə 1,6 trilyon dollar gəlir əldə edə biləcəyi halda müharibəyə görə bunu edə bilməyib. Bu il də ən azı əlavə dəyər itkisi 1 trilyon dolları ötəcək.  Bu 1.6 trilyon dolların içərisində Azərbaycanın da payı var. Yəni müharibə olmasaydı, Azərbaycan iqtisadiyyatında fərqli makroiqtisadi göstəricilər görə bilərdik. Düzdür, müharibənin Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurduğunu dəqiq söyləmək hazırkı mərhələdə mümkün deyil, amma reallıq budur ki, ölkə iqtisadiyyatı üçün mənfi təsirlər oldu.  Eyni zamanda bir məsələni mütləq qeyd etmək lazımdır ki, bu müharibənin Azərbaycan üçün strateji hədəflər baxımından ciddi müsbət tərəfləri var.  Müsbət və mənfi tərəflərindən, hansının daha çox olmasından asılı olmayaraq bütün hallarda müharibələr bəşəriyyətin ən pis hadisəsidir. Çünki, sülh zamanı oğlunun çiynində dəfn edilməli olan atalar, müharibə zamanı oğullarını öz çiyinlərində dəfn edirlər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31