Bolu-keçmişlə müasirliyin vəhdət təşkil etdiyi Türkiyənin cəlbedici turizm məkanı - FOTO
9 Dekabr 2022 11:00 Dünyahttps://olaylar.az/news/dunya/479749
İstanbulun sayrışan işıqları fonunda məşhur Taksim meydanındakı izdihamlı turist axınını dəf edərək gecələyimiz otelə üz tuturuq. Səhər maraqlı, maraqlı olduğu qədər də bizlərə rəngarənglik bəxş edəcək yolçuluq gözləyir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Qərbi Qara dənizi tanıtmaq məqsədilə həyata keçirdiyi layihə çərçivəsində hərəkət edəcəyimiz marşrut bizlərə təqdim edilir. Bolu-Safranbolu-Kastamonu.
Türkiyənin ən zəngin meşə massivi
Yol boyunca sağ və sol kənarlarda uzanan meşə sahəsi, uzaqda görünən Bolu dağları buranın gözəl bir turizm məkanı olduğu barədə artıq bizdə təsəvvür yaratmışdı. Sadəcə yerdə qalırdı mənzil başına daha tez çatıb ora ilə yaxından tanış olmaq.
Haşiyədən kənara çıxaraq oxuculara məlumat vermək istərdim ki, Türkiyənin Qara dəniz bölgəsinin qərbi Qara dəniz hissəsində yer alan Bolu ümumilikdə 8323 kvadrat kilometr ərazini əhatə edir. Ərazisinin 18 faizini əkin sahələri təşkil etdiyindən Boluda kənd təsərrüfatı kifayət qədər inkişaf edib. Hətta buğda və arpa istehsalı yerli əhalini təmin edəcək səviyyəyə çatır. Bolunu cəlbedici turizm məkanına çevirən başlıca amillərdən biri yuxarıda qeyd etdiyim kimi ərazidə meşə örtüyünün çoxluq təşkil etməsidir. 64 faizlik meşə örtüyü Bolunun füsnkar təbiətini turistlər üçün cəlbedici edir. Bolunun meşəlik massivi Türkiyənin ümumi meşə massivinin 2,55 faizini təşkil edir. Qaradərə, Səbən və Aladağ meşələri təkcə Bolunun deyil, ümumilikdə Türkiyənin ən zəngin meşə massivi sayılır.
Bələdçimizin bildirdiyinə görə, Bolu il ərzində turistlərin ən çox üz tutduğu şəhərlərdən biridir. Buna səbəb təkcə buranın sıx meşə örtüyü, gözəl təbiəti deyil, zəngin tarixə malik olmasıdır. Hətta miladdan əvvəl 1200-cü ilə qədər gedib çıxan Bolunun tarixi barədə arxiv materiallarında məlumatlar yer alır. Miladdan əvvəl 336-cı ildə isə Makedoniyalı İsgəndərin Anadolunun bir çox əraziləri kimi Bolunu da ələ keçirdiyi bildirilir. Böyük İsgəndərin imperiyası yıxılınca bölgədə Bitinya imperiyası qurulur ki, Bolu da həmin imperiyanın hüdudları daxilində yer alır.
Boluda Osmanlı izinə də kifayət qədər geniş rast gəlmək mümkündür. Bu vilayətə Osmanlı axınının ilk dəfə Osman Qazinin zamanında başladığı tarixi mənbələrdə yer alır. Bu təxminən 1324 - 1326-cı illərə təsadüf edir. Bəzi mənbələrə görə Bolu adı da məhz osmanlıların zamanından etibarən işlənməyə başlayıb. Rəvayətə görə Osmanlılar zamanında bölgədə Uluğ - Alim çox olması səbəbindən bu əraziyə "Bol Uluğ" adı verilib. Tədricən xalqın dilində bu ifadə dəyişərək indiki Bolu adını alıb.
Eyni zamanda Bolu günümüzdə öz müasirliyi, inkişafı ilə də göz oxşayır və Türkiyənin digər iri şəhər və vilayətlərindən geri qalmır. Bir növ bu gün Bolu keçmişlə müasirliyin vəhdətini özündə əks etdirir.
Osmanlı tarixini özündə yaşadan Mudurnu
Boluda ilk dayanacağımız da məhz addımbaşı Osmanlı izinə rast gəlinən Mudurnu qəsəbəsi olur. Bir növ İçəri Şəhəri xatırladan Mudurnuda heç bir mədəni abidə, keçmiş binalar kənar müdaxiləyə məruz qalmayıb, öz keçmişini, tarixiliyini qoruyub saxlayıb. Cəmi 165 evdən ibarət olan qəsəbə fərdi yaşayış evindən çox, yəni 173 ədəd tarixi-mədəni abidə ilə zəngindir. Qəsəbədə mövcud olan 8 məscidin də tarixi çox uzaqlara gedib çıxır.
Bələdçimiz deyir ki, Boluya gələn xarici turistlərin ilk üz tutduğu məkan məhz Mudurnu olur. Paralel olaraq qəsəbə sərhədlərinə aid olan Abant gölü, Sülük gölü, Karamurat Gölü və Şeyh-ül Ümran Təpəsi də turistləri özünə cəlb edən məkanlardandır. Sonuncunun maraqlı tarixçəsi də var. Qəsəbə ağsaqqallarının rəvayətinə görə, Şeyh-ül Ümran vaxtı ilə Mudurnuda yaşayan və el arasında sayılıb-seçilən şəxslərdən olub. O, səhhəti səbəbindən xəstə düşüb bu dünyadan vidalaşmağa az bir müddət qalmış vəziyyət edib ki, qəsəbədəki ən yüksək təpədə dəfn etsinlər. Son günlərini yaşayan Şeyh-ül Ümranın fikrini dəyişmək üçün qəsəbə ağsaqqalları onu dilə tutsalar, cənazəni həmin yüksəkliyə qaldırmağın çətin olacağını desələr də, sonuncu "Siz məni yerdən götürün, özüm gedəcəm" deyə israr edib. Deyilənə görə, hadisə Şeyh-ül Ümranın dediyi kimi də olub. Onun cənazəsini yerdən qaldıran kimi sanki cənazə özü gedirmiş kimi sürətli bir şəkildə Şeyh-ül Ümranı dəfn etməyə gedənlər mərhumun vəziyyət etdiyi təpəyə çatırlar. Dəfndən sonra isə ərazidə onlarla heyvan kəsilib imkansızlara, qəsəbə əhalisinə ehsan verilir. Qəsəbə ağsaqqalı deyir ki, Şeyh-ül Ümran iyul ayının ilk həftəsi rəhmətə getdiyindən hər il eyni tarixlərdə qəsəbə xalqı həmin təpəyə qalxar, mərhumun məzarını ziyarət edərlər. Həmçinin ziyarətə gedən hər kəs özüylə gücü çatan qədər yeyəcək, mal-heyvan aparıb orada kəsər, yemək bişirər və ziyarətə gələnlərə paylayar. İlk illərdə bu ziyarətdə yalnız Mudurnu sakinləri iştirak etsə də, artıq neçə illərdir ki, ətraf şəhər və vilayətlərdən də insanlar iyul ayının ilk həftəsində Mudurnuya gələrək Şeyh-ül Ümranın ziyarəti mərasiminə qatılırlar. Artıq bu hadisə Mudurnuda hər il keçirilən bir xalq yığıncağına, ziyarətinə çevrilib.
Qardaş ölkənin hər bir şəhəri, vilayəti kimi Bolunun Mudurnu qəsəbəsi də öz adət-ənənələri, mətbəxi, özünəməxsus məşğuliyyəti ilə seçilir. Qəsəbə əhalisinin əsas gəlir mənbəyi heyvandarlıq hesab edilsə də, eyni zamanda qadınlar arasında çox yayılmış tikiş sahəsi də mudurnuların gəlir mənbələri sırasındadır.
Mudurnunun dünyaca məşhur olan özəlliyi
Ayrıca Mudurnu bir özəlliyinə görə, nəinki Türkiyə miqyasında, hətta dünya çapında belə məşhur olub. Belə ki, Pişmaniyə adıyla tanınan Mudurnu Saray Halvalarının Türkiyə və dünyada ən çox tələbatı olan şirniyyat məhsulları sırasında yer alır. Onu da qeyd etmək yerinə düşər ki, Mudurnu Türkiyədə az sayda qəsəbə və vilayətlərdəndir ki, onun istehsal etdiyi hər hansı bir məhsul dünya miqyasında tanınmış olsun.
Mudurnu təkcə gözəl təbiəti, turizm potensialı, dünyaca tanınan şirniyyat növləri ilə məşhur deyil. Həmçinin, ərazi sağlıq turizmi baxımından da əhəmiyyətli rol oynayır. Qəsəbədən 5 kilometr məsafədə yerləşən Babas bulağından (isti bulaq) metabolizm xəstəlikləri və diabetin yüngül formasının müalicəsi üçün istifadə edilir. Şeyh-ül-Ümran ziyarətgahı kimi Babas bulağına da Türkiyənin ayrı-ayrı bölgələrindən gələrək oranın müalicəvi suyundan istifadə edənlər olur. Bundan başqa qəsəbədə, daha doğrusu Mudurnudan 30 kilometr şimal qərbdə, Taşkesti-İlica kəndi hüdudlarında Sarot İsti bulağı, digər termal sular, müalicəvi bulaqlar vardır ki, həmin sulardan davamlı istifadə orqanizmdə bir çox problemlərin aradan qalxmasına səbəb olur.
Qeyd etdiyimiz kimi öz tarixiliyi, qədimliyini qoruyan Mudurnu 2014-cü ildən etibarən Dünya İrs Siyahısına daxil edilib. Məsələn, Yıldırım Bəyazıt Məscidinin 1374-cü ildə, məhz Yıldırım Bəyazitin vaxtında inşa edildiyi bildirilir. Yaxud 600 ildən çox yaşı olan Yıldırım Bəyazıt Hamamı da 1382-ci ildə, adıçəkilən türk sərkərdəsinin zamanında inşa edildiyi tarixi mənbələrdə qeyd edilir. Qəsəbədə həmçinin Səlcuklu və Osmanlı dövrünə aid olan çoxlu sayda tarixi abidələr də var ki, bütün bunlar Mudurnunun Dünya Mədəni İrs Siyahısına düşməsini şərtləndirən başlıca amilərdəndir.
Mudurnunun səssiz, sakit küçələri, mehriban insanları adamda bu qəsəbədən ayrılmamaq hissi yaradır. Şəhər mərkəzlərinin uzun-uzadı tıxacı, neft-qaz qoxuyan havası, gərginlik yaradan gününü bir daha yaşamamaq, ruhən dincəlmək üçün Mudurnu kimi sakit bir məkanda ömrü başa vurmaq istəyi yaranır insanda. Elə bu səssizlik, təmiz ekoloji mühitdir ki, qəsəbə sakinləri də uzunömürlülər sırasında yer alır. Mudurnuluların 80-85 yaşa qədər həyat sürdükləri, bir çox hallarda isə bu rəqəmin 100-ə belə çatdığı da bildirilir. Hər halda qəsəbə ağsaqqalları özləri bunu etiraf edirlər. Onlar da uzunömürlüyün sirrini məhz Mudurnunun gözəl təbiəti, səssiz, sakit bir məkan olması ilə əlaqələndirirlər.
Ürək bu gözəl, gözəl olduğu qədər də tarixiliyi, qədimliyi ilə zəngin olan bu məkandan ayrılmaq istəməsə də, lakin zaman məfhumu bizi Mudurnudan ayrılmaq məcburiyyətində buraxır. Tək mən deyil, ümumilikdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Qərbi Qara dənizi tanıtmaq məqsədi daşıyan layihəsi çərçicəsində qardaş ölkəyə səfər edən azərbaycanlı və özbək həmkarlarım da Mudurnudan o qədər zövq alırlar ki, qəsəbədən ayrılmaq istəmir, buranın daimi sakini olmaq belə xəyallarından keçir. Ancaq qeyd etdiyim kimi zaman məfhumu bizi buna məcbur edir. Çünki irəlidə bizi bir-birindən daha maraqlı bölgələr, turizm zonaları gözləyir. Beləcə Mudurnudan yenidən Mudurnuya qayıtmaq arzu və istəyi ilə ayrılırıq. Qarşıda bizi Azərbaycanın Göygölünü xatırladan Abant gölü gözləyir.
Süleyman İsmayılbəyli
Bakı-İstanbul-Bolu-Safranbolu-Kastamonu-Bakı
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)