Rusiya-Ukrayna savaşında dönüş yaranacaqmı?

Rusiya-Ukrayna müharibəsi özünün növbəti mərhələsinə qədəm qoydu. Hazırkı mərhələ də müharibənin başladığı ilk günlər kimi özünün dağıdıcılığı, daha çox zərəri ilə müşahidə edilir. Cari ilin fevral ayının 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən bu günə qədər birincinin Ukraynaya qarşı hava hücumundan ən çox istifadə etdiyi günlər kimi xarakterizə edilir son həftələrdə baş verənlər. Vəziyyət o həddə çatıb ki, hətta Ukrayna prezidenti Volodmir Zelenskinin ofisi də Rusiya raketlərinin zərbəsinə tuş gəlir. Belə ki, Krım körpüsünün bir hissəsinin partladılmasına cavab olaraq Rusiyanın Ukraynaya etdiyi hava hücumu zamanı bir neçə raket də məhz Zelenskinin ofisinin yaxınlığına düşüb.

Türkiyənin müharibə başlayandan vasitəçilik missiyasınn müsbət nəticələrə gətirib çıxardığı bir ərəfədə Ukraynanın Krım körpüsünün bir hissəsini partlatması Moskva ilə Kiyev arasında savaşın yeni bir mərhələyə keçməsinə səbəb oldu. Bu baxımdan haqlı olaraq ekspertlər hesab edirlər ki, sözügedən körpüdə törədilən partlayış mənasız idi və Ukrayna bu addımı atmamalı idi. Daha doğrusu Ukrayna rəhbərliyinin düzgün siyasət yürütməməsinin zərərini indi Zelenskidən daha çox sadə ukraynalılar görür. Çünki hər gün paytaxt Kiyev də daxil olmaqla onlarla raket yaşayış məntəqələri, binaları, infrastrukturu darmadağın edir. Bu arada Rusiyanın davamlı olaraq səsləndirdiyi nüvə silahından istifadə etmək kimi fikirlər də yenidən gündəmə gəlib. Bunun baş verməsi isə nə qədər inandırıcı görünməsə də, eyni zamanda Kreml rəhbərinin ən son varinat kimi nüvə silahından istifadə etməsi də mümkün variantlar sırasında səsləndirilir. Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov da deyir ki, son günlər Rusiya Silahlı Qüvvələrinin Ukraynaya raket hücumları davam edir. Onun sözlərinə görə, ABŞ-ın Müharibə Tədqiqatları İnstitunun iddiasına görə, bu, oktyabrın 8-də Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında birləşmiş qoşunlar qrupuna yeni komandan təyin olunmuş Sergey Surovkinin tapşırığıdır: "Axır vaxtlar Rusiya hərbi elitasındakı xaos aydın hiss olunur. Hətta müxtəlif məlumatlara görə, Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlikdəki uğursuzluğa görə müdafiə naziri Sergey Şoyqunu günahlandırmağa hazırlaşır. Şoyqu ilə bağlı iddialar getdikcə artır. Ukraynadakı durum, o cümlədən Krım körpüsünün vurulması Rusiyanın işini getdikcə çətinləşdirir. Moskva alternativ tədbirlər görməli idi. Bu mənada yeni komandirin təyin olunması əslində gözlənilən idi. Surovkin təcrübəli hərbçidir. O, bir sıra "qaynar nöqtələrdə" , o cümlədən Suriyada xidmət edib. Düşünürəm ki, Surovkinin bu vəzifəyə təyin edilməsi təsadüfi deyil. Bu, onun hərbçi kimi səciyyəvi xüsusiyyətləri, o cümlədən qəddarlığı  ilə bağlıdır".

Ekspert bildiirib ki, Kremlin məqsədi Ukraynadakı müharibədə dönüş yaratmaqdır: "Son günlər davam edən raket hücumları bunun təzahürüdür. Surovkin fəlakətin "müjdəçisi" kimi "cənab Armegeddon" adlanır. Qərb mətbuatı artıq bir neçə gündür onun qəddarlığından yazır. ABŞ Müharibə Tədqiqatları İnstitutunun qənaətinə görə, Rusiya Ukraynada istədiyi məqsədə çata bilməyəcək. Çünki Ukrayna Suriya deyil. Fikrimcə, qarşıdakı günlərdə Ukraynada durum bir az da gərginləşəcək. Surovkin nəyə qadir olduğunu göstərməyə çalışacaq. Bu mənada raket hücumlarının intensivləşəcəyi istisna deyil. Amma bu, Ukraynanın təslim olacağı kimi başa düşülməməlidir. Əvvəllər də dediyimiz kimi, müharibədə ABŞ və müttəfiqlərinin konkret məqsədləri var. Və onlar bu məqsədlərinə nail olanadək Kiyevi dəstəkləməyə davam edəcəklər. Bir müddət əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu demişdi ki, Kreml özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə bilər. Bu, beynəlxalq ictimaiyyət arasında ciddi ajiotaj yaratdı. Müxtəlif dünya liderləri bu barədə Moskvaya xəbərdarlıq etdilər". Mərkəz rəsmisi onu da diqqətə çatdırıb ki, nüvə silahının tətbiqi istisna deyil: "Rusiya bu addımı ata bilər. Amma məcburiyyət qarşısında. Putin yalnız bütün imkanlarının tükəndiyindən əmin olanda nüvə silahına əl atacaq. Çünki bu, Moskvanın özü üçün də arzuolunan deyil. Bu mənada, ola bilsin, Kreml rəhbəri "cənab Armegeddon"u savaşa  cəlb etməklə nüvə "kartını" sonraya saxlamaq istəyir. Görünür, Putin Surovkinə, həqiqətən, ümid edir.  Surovkin etimadı doğrultmağa çalışacaq. O, bunun üçün hər şey edəcək. Amma müharibənin taleyinin yaxın vaxtda həll olunacağına, "cənab Armegeddon"un Putinin ümidlərinə doğruldacağına inanmıram".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31