Güney Azərbaycanda koronavirus bəlası: Ölənlərin sayı 1700-ü ötdü

Rəsmi məlumatlara Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxanların sayı 1723 nəfərə çatıb.

İran hökumət orqanları infeksiyadan ölənlərin sayında kəskin artımın müşahidə olunduğunu bildirib. Bu rəqəm Güney Azərbaycanda artıq 144 nəfərə çatıb. Martın 17-də Güney Azərbaycanın müxtəlif əyalətlərində daha 14 nəfərin koronavirus infeksiyasının qurbanı olduğunu göstərir. Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir. Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayının 487 nəfərə çatdığını deyib.

Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 78 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Somi bir gün öncə daha yeddi nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 39 nəfərə çatdığını bildirib. Tibb universitetinin rektoru bundan öncə bildirib ki, xəstəliyin hazırkı yayılma sürəti ilə aprel ayının ilk günlərindən etibarən Şərqi Azərbaycan əhalisinin doqquz faizi (300,000 nəfər) koronavirusa yoluxmuş olacaq. Məhəmməd Somi həmçinin, koronavirus infeksiyasının geniş yayılmasına nəzarət etməyin mümkün olmayacağı, müraciət edənlərin sayının əyalətin səhiyyə sisteminin potensialından qat-qat artıq ola biləcəyi haqda ciddi xəbərdarlıq etmişdi. Güney Azərbaycanın digər bölgələrində də koronavirusa yoluxma hallarının sürətlə artdığı müşahidə olunur. Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə 258 nəfərdə infeksiya aşkarlanıb, onlardan 14 nəfəri həyatını itirib. Beləliklə, Qərbi Azərbaycanda keçən 24 saat ərzində 34 yeni yoluxma halı qeydə alınıb, həmin gün daha iki nəfər infeksiyadan ölüb. Ərdəbil səhiyyə rəsmilərinin dediyinə görə, hazırda bu əyalətdə xəstəlik əlamətləri daşıyan 300 nəfər xəstəxanalarda müalicə alır. Bunlardan 184 nəfərinin koronavirusa yoluxduğu təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə rəsmi məlumata görə 20 nəfərdir. Zəncan Tibb Universitetinin rəis müavini Əlirza Şoğli, əyalətdə infeksiyaya tutulanların sayının artıq 216 nəfərə çatdığını bildirib. O, infeksiyadan ölənlərin sayının 13 nəfər olduğunu deyib.

Qəzvin əyalətində də hələlik 447 nəfərin koronavirusa yoluxduğu, 50 nəfərin həyatını itirdiyi açıqlanıb. Bu rəqəm Həmədanda 131 nəfərdir ki, onlardan səkkiz nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.
Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31