Britaniya varislərinin adı qalmaqaldan çıxmır – Hədəf Çarlz oldu
Britaniya varislərinin adı qalmaqaldan çıxmır – Hədəf Çarlz oldu
4 Noyabr 2019 13:48 DünyaBritaniya şahzadəsi Çarlz qalmaqalın mərkəzində olub. Belə ki, onun xeyriyyə Fondunda saxlanılan Pablo Pikasso, Klod Mone və Salvador Dalinin şəkilləri saxta ola bilər.
Olaylar.az bildirir ki, bu barədə "DailyMail" amerikalı falsifikator Toni Tetroya istinadən xəbər verir.
Şəkillərin qiyməti 105 milyon funt-sterlinq (135 milyon dollardan çox) təşkil edir. Qeyd olunur ki, bu üç əsər Britaniya taxt-tacının varisinin fonduna iflasa uğramış biznesmen Ceyms Stantın verdiyi 17 incəsənət əsərinin arasında olub. Tetronun sözlərinə görə, sahibkar onun alıcısı idi və əsərin keyfiyyətli surətini əldə etdiyini bilirdi.
Xeyriyyə Fondunda qeyd ediblər ki, əsərlər artıq təşkilatın mənzil-qərargahında ictimai nümayişdən yığışdırılıb.
"Bu konkret şəkillərin həqiqiliyinin şübhə altına alınması təəssüf hissi doğurur", - deyə Fondun nümayəndəsi nəşrlə söhbətində bildirib.
Xatırladaq ki, şahzadə Çarlz Britaniya kraliçası II Yelizavetanın böyük oğludur.
Qeyd edək ki, şahzadə Çarlz adı qalmaqalda hallanan Britaniya taxtının ilk varisi deyil. Belə ki, Böyük Britaniya Kraliçası II Yelizavetanın ikinci oğlu, 59 yaşlı şahzadə Endryu geniş miqyaslı cinsi qalmaqalın mərkəzində olub.
Onun adı milyarder və Donald Trampın dostu Ceffri Epşteynin (sonradan cəsədi təcridxananın kamerasında aşkar edilib - red.) barəsində insanların cinsi köləliyə satılması ilə bağlı açılan cinayət işinin materiallarında çəkilir.
Məhkəmə sənədlərinə görə, şahzadə Endryunu cinsi təcavüzdə miss Ciffr və Cuanna Şoberq adlı iki qız ittiham edib. Bununla yanaşı,şahzadə 2015-ci ildə də eyni ittihamlarla üzləşib. Virciniya Roberts adlı qadın 1999-2002-ci illərdə şahzadə ilə üç dəfə seksual əlaqəyə girdiyini bəyan edib. Sübutlardan biri isə 17 yaşlı Virciniyanın şahzadə ilə birgə şəkli olub. Miss Ciffr və Şoberq də Britaniya kral ailəsinin üzvü ilə əlaqədə olduqlarını bildirdikdən sonra, sübut kimi məhkəməyə birgə şəkillərini təqdim ediblər.
AzNews.az