Mütəxəssis: "Bu şəhərdə zəlzələ ehtimalı yüksəkdir"

Mütəxəssis: "Bu şəhərdə zəlzələ ehtimalı yüksəkdir"

İstanbulda baş vermiş 5,8 bal gücündə zəlzələdən sonra mütəxəssislərin yeraltı təkanların araşdırılması istiqamətində işləri davam edir.Olaylar.az  AZƏRTAC-a istinadən bildirir ki, elm adamlarının fikrincə, Türkiyənin İzmir şəhərində zəlzələ olması ehtimalı daha yüksəkdir. Belə ki, bu bölgədə 13 gərginlik xətti aktiv vəziyyətdədir.

Türkiyənin Mühəndislər və Memarlar Palataları Birliyinin geoloji mühəndislər bölməsinin İzmir şöbəsinin rəhbəri Alim Murathan deyib ki, yeraltı təkanların meydana gəlməsinə səbəb olan gərginlik xətlərinin sayı İstanbulda birdirsə, İzmirdə 13-dür. Bu da şəhərdə 7 baladək zəlzələnin başvermə ehtimalının artırır.

Bu xətlərin çoxunun şəhərin mərkəzindən keçdiyini deyən A.Murathan bunun dərindən araşdırılmasının və lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O, bu cür təbii fəlakətlərə hazırlanmağın əsas yollarından birinin də başda uşaqlar olmaqla əhalinin maarifləndirilməsi olduğunu bildirib. Qeyd edilib ki, bu maarifləndirmə işlərinin istər məktəblərdə, istərsə də ailələr daxilində aparılması vacibdir.

Hazırda İzmirin sahil bölgələrinə bağlı rayonların hamısının riskli bölgə olduğunu deyən A.Murathan daha yüksək riski olan rayonların isə Karşıyaka, Çiğli, Bayraklı Menemen olduğunu bildirib. Ümumiyyətlə, İzmirin bu böyüklükdə yeraltı təkanlara hazır olmadığını deyən mütəxəssis belə hal baş verdiyi təqdirdə şəhərdə nəqliyyat və içməli su qıtlığı kimi bir çox problemlər yaşana biləcəyini vurğulayıb. O qeyd edib ki, dənizlə bağlantısı olan və allüvial səth üzərində inşa edilən tikililər risk faktoru daşıyır. Bununla bağlı xüsusi risk xəritəsinin hazırlanması vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31