Erməni mətbuatı Paşinyanı kökündən vurur ANALİTİK

Armenianreport: "Ermənistan Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi yoldaş Nikol Vovayeviç Paşinyan bundan sonra da Sov. İKP-nın baş katibi yoldaş Vladimir Vladimiroviç Putinin tövsiyələrini dinləməyə, müdrik kursunu davam etdirməyə hazırdır"

Ermənistan bu gün daha öncəki rejimlər kimi Qərbdən uzaqdadır. Bundan əlavə, Paşinyan da öz sələfləri kimi istənilən məsələdə Putinlə məsləhətləşmələr aparmağa tələsir. Bu barədə Ermənistanın armenianreport.com saytının analitik bölməsində gedən siyasi təhlildə qeyd olunur.

"2018-ci ilin aprelində Paşinyan çoxsaylı müxalifət təmsilçilərindən biri idi", deyə qeyd edilən təhlildə bildirilir ki, buna baxmayaraq o, Ermənistanın iki ən böyük şəhərində - Gümrü və Yerevanda öz bayrağı altına Sarkisyan rejimindən narazı olan kütlələri toplaya bildi və sadəcə məxməri inqilabın lideri deyil, həm də mövcud hakimiyyətə qarşı meydan oxuyan, həmin vaxt ölkənin ən nüfuzlu şəxsi - Serj Sarkisyanı taxtından devirən şəxs oldu.

"Biz 2018-ci ilin aprelindən bu yana tox və xoşbəxt həyat sürmək barədə danışa bilmərik"

SİTAT: "Paşinyana bu rejimi dəf etmək üçün yalnız xalqın Sarkisyana və onun korrupsiyalaşmış hakimiyyətinə qarşı nifrəti deyil, həm də Paşinyanın xalqa verdiyi çoxsaylı vədləri, o cümlədən, Ermənistanın Rusiya asılılığından çıxaracağı ilə bağlı sözləri oldu. Lakin məxməri inqilabdan bir il keçdikdən sonra təəssüflə qeyd etmək lazımdır ki, Paşinyan cüzi olsa da belə, o zamanlar verdiyi vədlərini yerinə yetirə bilmədi. Bəli, ölkədə yaxşılıqlara doğru müəyyən dəyişikliklər oldu, lakin biz 2018-ci ilin aprelindən bu yana tox və xoşbəxt həyat sürmək barədə danışa bilmərik".

Analitik yazıda xüsusilə vurğulanır ki, Yerevan bu gün də Moskvanın təsiri altında qalmaqda davam edir: "Paşinyanın hakimiyyətdəki ilk vaxtlarında Kreml Ermənistanın inqilabçı hökumətinə qarşı bəlli ehtiyatlarını, hətta düşmənçilik münasibətini sərgiləməyə başladı, belə ki, çoxlarımız müxalifətçi Paşinyanın Ermənistanın gələcəyinin Rusiyaya bağlı Avrasiya İqtisadi İttifaqı və KTMT ilə deyil, Avropa İttifaqı və NATO ilə əlaqəli olacağı bəyanatlarını xatırlayırıq. Lakin zaman keçdi və biz görürük ki, postinqilab Ermənistanı nəinki davamlı olaraq təzyiqlərə məruz qaldığı Avrasiya İqtisadi İttifaqında və KTMT-dəki üzvlüyünü qoruyub-saxlayıb, hətta daha çox Rusiyaya bağlanıb. Axı erməni ictimaiyyətinin də istədiyi kimi rus sərhədçiləri, nə də hərbçiləri Ermənistanı tərk etmədilər, halbuki, onların mövcudluğu birbaşa göstərir ki, ölkə Moskvadan asılıdır.Eyni zamanda, Ermənistan daha öncəki rejimlərdə olduğu kimi, bu gün Qərbdən də uzaqdadır. Bundan əlavə, Paşinyan Koçaryan və Sarkisyan kimi istənilən məsələdə Putinlə məsləhətləşmələr aparmağa tələsir".

"Soruşula bilər ki, onda Paşinyan Kreml marionetkaları Sarkisyan və Koçaryandan hansı fərqi ilə seçilir?"

Siyasi təhlildə əsas mövzu olaraq, Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanada keçirdiyi görüşünə də toxunulub və xüsusilə, erməni baş nazirinin həmin görüşdən sonra Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinə zəng etməsinə işarə edilir. SİTAT: "Bax, misal üçün Paşinyan Vyanada Əliyevlə görüşəndən sonra geri qayıtmağa macal tapmamış, dərhal Rusiyanın prezidenti Vladimir Putinə zəng etdi və bu vasitəylə danışıqların nəticələri barədə onun qarşısında hesabat verdi. Soruşula bilər ki, onda Paşinyan Kreml marionetkaları Sarkisyan və Koçaryandan hansı fərqi ilə seçilir? Hər kəs xatırlaya bilər ki, onlar da hər görüşdən sonra Putinə hesabat verməyə tələsirdilər, bu isə erməni ictimaiyyətində narazılıq yaradırdı. Belə çıxır ki, Paşinyan Ermənistanın öncəki hakimiyyətləri kimi Moskva qarşısında qul-nökərçilik amilindən qurtulmağı bacarmadı".

"Paşinyan zəng etdi, Əliyev isə bunu etmədi"

Məqalənin müəllifi erməni baş nazirini ittiham etməyə davam edərək yazır ki, əslində Paşinyan Ermənistanın və "Artsaxın" (dırnaqlar bizimdir-R.N.) yəni Qarabağın əhalisinə Əliyevlə apardığı danışıqlar barədə dəqiq məlumat verməliydi: "Bunun yerinə isə o Putinə telefonla zəng edərək, Vyana görüşü barədə məruzə etməyə tələsdi. Maraqlıdır, Əliyev isə bunu etmədi. O, Moskvaya zəng etməyərək, Paşinyanla danışıqlarının nəticələri barədə məruzəylə çıxış etmədi. Ancaq bizimki bunu etdi. Əgər xatırlasaq ki, Vyana danışıqlardan öncə mövcud hökumətin nümayəndələri Moskvaya axışdılar, onda bundan hansım nəticəni çıxaracağımızdan danışmağa belə dəyməz".

"Ermənistan Rusiyadan ayrılıb heç yerə getməyəcək"

Nəticədə Ermənistanın Rusiyadan asılı vəziyyətdə qalacağına işarə edən müəllif yazır: "Beləliklə, Kreml analitikləri və Putin rejiminin kommentatorları sakit ola bilərlər - Ermənistan Rusiyadan ayrılıb heç yerə getməyəcək. Bu ümumiyyətlə görünmür, hətta ən yaxın gələcəkdə belə bu baş verməyəcək".

"Beləliklə, nə Kremldə, nə Krasnopresnensk sahilində və Smolensk meydanında, hətta Lubyankada rahat nəfəs ala bilərlər - Ermənistan Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi yoldaş Nikol Vovayeviç Paşinyan bundan sonra da Sov. İKP-nın baş katibi yoldaş Vladimir Vladimiroviç Putinin tövsiyələrini dinləməyə, müdrik kursunu davam etdirməyə hazırdır", deyə armenianreport.am-ın analitiki Ermənistanın baş naziri Nikol Paşinyana istehza edərək, ələ salıb.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31