Şəhər təsərrüfatı ilə bağlı Vətəndaş Cəmiyyəti İnstitutları monitorinqlər təşkil etməlidir-Özəl
14:54 Sosial"İstanbul kimi nəhəng bir şəhərdə sel fəlakətini təəssüflə, təəccüblə izləyirik. Ona görə təəccüblə ki, belə yağışlar fəlakətli təbiət hadisəsidir". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Təbiətin amansızlıqları qarşısında insan nə qədər güclü olsa da, bəzən acız duruma düşür. Heç bir ölkə, şəhər belə sel fəlakətindən sığortalanmayıb. O baxımdan biz Bakı şəhəri haqqında düşünməliyik. Göydən yerə iki damcı yağış düşən kimi aləm bir-birinə qarışır. Ötən illərdə leysan yağışlar zamanı paytaxtın yollarında, keçidlərdə, müxtəlif tikililərdə baş vermiş acınacaqlı durumu yaxşı xatırlayırıq. O baxımdan cavabdeh şəxslər, səlahiyyətli məmurlar bu məsələlərdə məsuliyyət daşıyırlar. Qabaqda qış gəlir. Düşünürəm ki, Vətəndaş Cəmiyyətinin, medianın nümayəndələri bu məqamlarla bağlı mütəmadi monitorinqlər təşkil edib hesabatlar hazırlamalıdır. Ötən ilki acı təcrübələrdən nəticə çıxarmaq lazımdır.
Hər il qış mövsümündə qazdan zəhərlənmələr baş verir. Bunu yalnız ehtiyatsızlıq kimi qələmə vermək düzgün deyil.
Müstəqil ekspertlərin iştirakı ilə qazın laboratoriyalarda tərkibi yoxlanmalıdır. Neçə-neçə insanın həyatına son qoyan qaz zəhərlənmələri ilə bağlı problem ciddi araşdırılmalıdır. İstehlakçı hüquqları, ümumilikdə şəhər təsərrüfatı ilə bağlı Vətəndaş Cəmiyyəti İnstitutlarının rolunu və nəzarətini artırmaq lazımdır.
Heç kim yaxasını kənara çəkməsin. Ona görə ki, biz eyni gəminin sakinləriyik".