Dünyada neft qıtlığı təhlükəsi: Qlobal bahalaşma fonunda Azərbaycanı nə gözləyir? – ÖZƏL
16:26 İqtisadiyyatYaxın Şərqdə hökm sürən qeyri-sabitlik fonunda strateji əhəmiyyət daşıyan Hörmüz boğazından neft daşımaları rekord səviyyədə aşağı düşüb. Bu barədə "The Wall Street Journal" məlumat yayıb. Qəzetin yazdığına görə, həftənin əvvəlində boğazdan gündəlik 22,8 milyon barrel neft keçdiyi halda, cümə günü bu rəqəm 6,7 milyon barelə, şənbə günü isə cəmi 2 milyon barelə enib.
"Vəziyyətin bu şəkildə davam etməsi, əlbəttə ki, dünya bazarında neft təchizatında ciddi problemlər yaradacaq. İlk növbədə, neftin qiymətinin yüksəlməsi tendensiyası davam edəcək. Belə olduğu təqdirdə, bazarda yaranan gərginlik və təchizat problemləri neftdən əldə edilən məhsulların da qiymətlərinin bahalaşmasına səbəb olacaq".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, bura sürtkü yağları, mühərrik yağları, eyni zamanda neft tullantılarından əldə edilən yüngül sənaye məhsulları daxildir. Həmçinin benzinin qiymətində də müəyyən bahalaşmalar müşahidə oluna bilər. İlk növbədə, ABŞ-nin daxili bazarında, daha sonra isə Avropada sənaye məhsulları ilə təminatda gecikmələrin yaranması təbii olaraq qiymətlərin artmasına gətirib çıxaracaq. Hörmüz boğazına alternativ olaraq ABŞ-nin Kuba və Venesuelada olan nefti depolamağa hazırlaşması və bununla bağlı verdiyi vədlər hələlik bazarda real icraya yönəlmədiyinə görə təchizat sahəsində müəyyən çətinliklər yaranır.
Digər tərəfdən, Səudiyyə Ərəbistanında baş verən lokal daxili qarşıdurmalar və hərbi əməliyyatlar, eləcə də neft zavodlarının hərbi təsirlər nəticəsində müəyyən qədər istehsal potensialını itirməsi Avropa və Amerika bazarlarında ciddi problemlərin yaranmasına səbəb olacaq.
İqtisadçının sözlərinə görə, bu vəziyyət Azərbaycan iqtisadiyyatı üçün neft gəlirlərinin proqnozlaşdırılandan bir neçə dəfə yüksək olması ilə nəticələnə bilər. Təbii ki, bu, Dövlət Neft Fonduna daxilolmaların, eyni zamanda büdcə üzrə neft satışından əldə edilən vergi və gömrük rüsumları ilə bağlı gəlirlərin proqnozlaşdırılan göstəricilərdən yüksək olmasına gətirib çıxaracaq. Yanacağın qiymətlərinə gəlincə, hər hansı bahalaşma gözlənilmir. Çünki Azərbaycan neft istehsal edən ölkədir və yerli istehsalımız da daxili tələbatın müəyyən hissəsini ödəyir. Xarici bazarlardan asılılıq isə tədricən azaldılır. Ona görə də xarici bazarlardakı qiymət dalğalanmaları, bahalaşma, gərginlik, təchizat çətinlikləri və logistika problemləri Azərbaycanın daxili bazarında yanacağın qiymətini artırmayacaq. Mövcud vəziyyətdə belə bir təsir real görünmür. Beləliklə, deyə bilərik ki, indiki şərait Azərbaycan iqtisadiyyatı üçün əlverişlidir və ölkədə yanacağın qiymətlərinin bahalaşması gözlənilmir.
Səidə Ramazanova