Məhkəmə qapısından ekranlara və hüquqi əlçatanlığa yetməyin yeni qlobal standartları-Özəl
14:41 Sosial"Əsrlər boyu dünyada ədalət mühakiməsi və hüquqi müdafiə böyük, soyuq məhkəmə binalarının qapıları arxasında, mürəkkəb terminlərlə dolu qalın sənədlərin içində gizlənmişdi. Sıravi vətəndaş üçün hüquq - əlçatmaz bir labirint, ədalət isə yalnız maddi imkanı və sosial statusu olanların keçə bildiyi bir imtiyaz statusunda idi. Lakin bu gün dünya tamamilə fərqli bir transformasiya dövrünü yaşayır: hüquqi əlçatanlıq artıq sadəcə məhkəmə zalına fiziki olaraq daxil ola bilmək demək deyil, o, artıq smartfonlarımızın və kompüterlərimizin ekranlarındadır". "Olaylar" xəbər verir ki, bunu Vəkil-hüquqşünas Rövşən Qasımov deyib: "Hüquqi əlçatanlıq və ya ədalət mühakiməsinə çıxış imkanı (Access to Justice), hər bir fərdin sosial statusundan, fiziki imkanlarından və ya iqtisadi vəziyyətindən asılı olmayaraq, öz hüquqlarını bərabər şəkildə qoruya və məhkəmə müdafiəsindən istifadə edə bilməsi prinsipidir. Hüququn aliliyinin tam təmin olunması üçün hüquqi əlçatanlıq həm yerli, həm də beynəlxalq səviyyədə fundamental meyar hesab olunur. Hüquqi əlçatanlıq sadəcə qanunların mövcudluğu deyil, həm də onların hər bir kəs tərəfindən asanlıqla tapılması, başa düşülməsi və tətbiq edilməsidir. Beynəlxalq konvensiyaların tələbləri ilə yerli qanunvericiliyin sinerjisi rəqəmsallaşma sahəsindəki islahatlarla birlikdə vətəndaşların ədalət mühakiməsinə çıxışını daha da sürətləndirir və inklüziv hüquqi mühitin yaradılmasına xidmət edir. Beynəlxalq hüquqda hüquqi əlçatanlıq insan hüquqlarının qorunmasının təməl sütunudur və bir neçə qlobal sənədlə təsbit edilmişdir. Belə ki , Ümumdünya İnsan Hüquqları Bəyannaməsisini 8-ci maddəsinə əsasən, hər bir şəxsin Konstitusiya və ya qanunla ona verilmiş əsas hüquqları pozulduqda, səlahiyyətli milli məhkəmələr tərəfindən bu hüquqların bərpa olunması hüququ vardır. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi qanun və məhkəmə qarşısında hamının bərabərliyini, ədalətli və açıq məhkəmə araşdırması hüququnu qəti olaraq müəyyənləşdirir.BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyası fiziki və rəqəmsal əlçatanlığı xüsusi tənzimləyir. Onun 13-cü maddəsi dövlətlərin üzərinə əlilliyi olan şəxslərin ədalət mühakiməsinə effektiv çıxışını (məsələn, işgəncə və ya istintaq prosesində procedural asanlaşdırmalar təqdim etməklə) təmin etmək öhdəliyi qoyur. Avropa İnsan Hüquqları Konvensiyasının Maddə 6-cı maddəsi izah edir ki , "Ədalətli məhkəmə araşdırması hüququ" Avropa məkanında hüquqi əlçatanlığın ən güclü mexanizmidir. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəməyə müraciət hüququ nəzəri deyil, praktiki və effektiv olmalıdır.
Azərbaycan Respublikası öz qanunvericilik sistemində beynəlxalq standartları rəhbər tutaraq hüquqi əlçatanlığı fərqli hüquq sahələri üzrə təmin edir. Belə ki , Azərbaycan Respublikasının Konstitusiyası ölkədə ən yüksək hüquqi qüvvəyə malik sənəddir və vətəndaşların hüquqi müdafiəsini birbaşa zəmanət altına alır. Konstitusiyamızın 25-ci maddəsinin izahına görə hamının qanun və məhkəmə qarşısında bərabərliyini, irqindən, cinsindən və maddi vəziyyətindən asılı olmayaraq hüquqların eyni dərəcədə qorunmasını bəyan edir. Konstitusiyamızın 60 -cı maddəsinin izahına görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə tam təminat verir. Konstitusiyamızın 61-ci maddəsinin izahına görə hər bir şəxsin peşəkar hüquqi yardım almaq imkanını təsbit edir. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım dövlət hesabına (ödənişsiz) göstərilir.
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna və mülki/cinayət prosessual qanunvericiliyə əsasən, maddi imkanı olmayan şəxslərə cinayət işləri üzrə, həmçinin müəyyən mülki və inzibati mübahisələrdə dövlət büdcəsi hesabına ödənişsiz vəkil təyin edilir.
Hüququn təməl prinsiplərindən biri də qanunların cəmiyyətə açıq olmasıdır. Azərbaycan Respublikasının Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu sənədlərin rəsmi dərc edilməsini və rəqəmsal reyestrdə yerləşdirilməsini məcburi edir. Bu məqsədlə yaradılmış rəsmi E-qanun.az portalı qanunvericiliyin hər bir vətəndaş üçün rəqəmsal əlçatanlığını tam təmin edir.
İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq hüquqi əlçatanlıq anlayışı fiziki çərçivələri aşaraq rəqəmsal mühitə keçmişdir. Azərbaycanda fəaliyyət göstərən "Elektron Məhkəmə" informasiya sistemi və dövlət xidmətlərinin vahid platforması olan "ASAN xidmət", vətəndaşların məhkəməyə getmədən iddia qaldırmaq, dövlət rüsumlarını ödəmək və hüquqi sənədləri əldə etmək imkanlarını genişləndirmişdir.
Beynəlxalq səviyyədə tətbiq olunan WCAG (Veb Məzmununun Əlçatanlığı Təlimatları) standartları isə rəqəmsal hüquqi portalların kor və ya görmə məhdudiyyətli şəxslər üçün də tam oxunqlu olmasını tələb edir".