Yaponiya imperatoru taxt-tacdan getməyə hazırlaşır
12 Mart 2019 14:43 DünyaYaponiya imperatoru taxt-tacdan getməsi üçün hazırlıq mərasiminə başlayıb.
Yaponiya imperatoru Akihito bu il aprelin 30-da taxt-tacını oğlu vəliəhd Naruhitoya ötürmək üçün ənənəvi mərasimlərin icrasına başlayıb.
Əvvəlcə saraydakı Kasikodokoro məbədinə gələn imperator girişdə Yaponiya hökmdarları sülaləsinin ulu anası kimi qəbul olunan ilahə Amaterasuya xitabən taxt-tacını təhvil verəcəyi barədə dua oxuyub.
Daha sonra əlahəzrət imperator sələflərinə və müxtəlif tanrılara həsr olunan Koreyden və Sinden ibadətgahlarını da ziyarət edib.
Taxt-tacını təhvil verəcəyi aprelin 30-da imperator sözügedən məbədləri ziyarət edəcək.
Qeyd edək ki, 2017-ci ilin dekabr ayında imperator ailəsi işlərinə dair komissiya 85 yaşlı Akihitonun bu il aprelin 30-da taxt-tacdan çəkiləcəyini, mayın 1-də isə 59 yaşlı şahzadə Naruhitonun da taxt-taca qalxacağı barədə qərar vermişdi. Yeni imperatorun taxta çıxmasına bir ay qalmış hökumət yeni dövrün adını bəyan edəcək. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barış dövrüdür.(report.az)