Bakı Zirvəsi: Təhlükəsizlik və ədalətli sülh

Müasir dünyada geosiyasi ziddiyyətlərin dərinləşdiyi, münaqişələrin beynəlxalq sabitliyə ciddi təsir göstərdiyi bir şəraitdə təhlükəsizliyin təmin olunması dövlətlərin qarşısında duran əsas vəzifələrdəndir. Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq dialoqa və çoxtərəfli əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı beynəlxalq hüququn qorunması, münaqişələrin həlli və dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından mühüm mesajlarla yadda qaldı.

Bu gün beynəlxalq münasibətlərin əsas problemlərindən biri qəbul edilən qərarların icrası ilə bağlıdır. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi təmin olunmadıqda, münaqişələrin davam etməsi və yeni qarşıdurmaların yaranması üçün zəmin qalır.

Azərbaycanın tarixi təcrübəsi də göstərir ki, beynəlxalq hüququn nüfuzu yalnız bəyanatlarla deyil, onun bütün dövlətlərə münasibətdə ardıcıl tətbiqi ilə təmin oluna bilər. Ədalətli və davamlı sülhün əsas şərti məhz hüquqi prinsiplərə hörmət və beynəlxalq qərarların icrasıdır.

Azərbaycanın uzun illər ərazilərinin işğalından əziyyət çəkməsi beynəlxalq qərarların icrasının əhəmiyyətini ölkəmiz üçün xüsusilə aktual edir. Prezident İlham Əliyevin zirvə görüşünün iştirakçılarını Zəfər parkına, Zəfər muzeyinə və Hərbi Qənimətlər Parkına dəvət etməsi Azərbaycanın tarixi təcrübəsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli idi.

Bu məkanlar ölkəmizin keçdiyi yolu, əldə etdiyi tarixi Qələbəni və sülhün qorunmasının vacibliyini nümayiş etdirir. Azərbaycanın mövqeyi beynəlxalq münasibətlərdə ədalət, suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini bir daha önə çıxarır.

AQEM-in VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfənin göstəricisidir. Müxtəlif dövlətlərin rəhbərlərini bir araya gətirən belə platformalar fikir mübadiləsi, qarşılıqlı etimad və ortaq həll yollarının axtarışı üçün mühüm imkanlar yaradır.

Azərbaycanın AQEM-də sədrliyinin daha iki il uzadılmasına üzv dövlətlərin dəstək verməsi ölkəmizin təşkilat çərçivəsindəki fəaliyyətinə göstərilən diqqətin ifadəsidir. Bu, Azərbaycanın beynəlxalq diplomatiyada fəal iştirakını davam etdirməsi və Asiya məkanında əməkdaşlığın genişlənməsinə töhfə verməsi üçün əlavə imkanlar yaradır.

Prezident İlham Əliyevin çıxışının əsas mahiyyəti beynəlxalq təhlükəsizliyin hüququn aliliyinə, qarşılıqlı etimada və qəbul edilmiş qərarların icrasına əsaslanması zərurətidir. Müasir dünyanın çağırışları dövlətlərdən məsuliyyətli yanaşma və səmərəli əməkdaşlıq tələb edir.

Bakıda keçirilən zirvə görüşü bir daha göstərdi ki, davamlı sülhün təmin olunması yalnız siyasi bəyanatlarla mümkün deyil. Bunun üçün beynəlxalq hüquqa hörmət edilməli, qərarlar həyata keçirilməli və dövlətlər arasında əməkdaşlıq gücləndirilməlidir. Azərbaycanın bu istiqamətdə nümayiş etdirdiyi diplomatik fəallıq ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Əminə Ağazadə

Milli Məclisin deputatı 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31