Ermənilər Paşinyana qarşı AYAĞA QALXDI: Nikol uçuruma doğru - FOTO
11 Mart 2019 15:21 Dünyaİrəvanda qazlı içkilər istehsalçıları bu gün səhər saatlarından Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirirlər.
Sahibkarlar Vergi Məcəlləsi layihəsi ilə nəzərdə tutulmuş vergi yükünün artırılmasına qarşı çıxırlar. Söhbət xüsusi halda, aksiz vergisinin artırılmasından gedir. Sahibkarların sözlərinə görə, Vergi Məcəlləsində dəyişikliklik qazlı içkilərə qiymətlərin artmasına və alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxara bilər.
Etirazçılar əllərində "Mən limonadın bahalaşmasına qarşıyam", "Mən işsiz qalacağam", "Hökumət orta sahibkarlığı məhv edir" kimi yazılar olan plakatları tutublar.
Qeyd edək ki, Nikol Paşinyan hakimiyyət dəyişikliyindən sonra xalqa "iqtisadi inqilab" vədi verib. Lakin Respublikanın Milli Statistika Komitəsinin ötən həftə açıqladığı məlumatları acı bir gerçəyi ortaya qoyub: işğalçılıq siyasətini davam etdirən heç bir hökumət "iqtisadi inqilab" həyata keçirmək iqtidarında deyil.
Milli Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-cu ilin yanvarında ixrac 2018-ci ilin yanvarı ilə müqayisədə 15,8 faiz azalıb.
İdxal isə 3,3 faiz azalıb. Bununla da, ticarət dövriyyəsində ixrac və idxal arasındakı fərq daha da artıb. Yanvarın sonuna olan məlumata əsasən, Ermənistandan ixracın həcmi 145,4 milyon, idxal isə 317,3 milyon dollar təşkil edib.
Bundan başqa, şəxsi mənbəyinə istinadən "Past" nəşrinin yazdığına görə, Nikol Paşinyanın Brüsselə səfərinin əsl məqsədi kredit razılaşmalarına nail olmaq idi. Mənbə qeyd edib ki, Paşinyan avropalı rəsmilərlə müzakirələrdə daha çox maddi yardım məsələsini qaldırırdı. Məlumata görə, Paşinyan avropalılarla müzakirələrdə maliyyə yardımı məsələsini qarşıdakı aylarda büdcədəki problemləri aradan qaldırmaq üçün qaldırıb. Dövlət büdcəsinin ehtiyat fondunda ciddi problemlərin olduğu bildirilir.
Qəzet qeyd edir ki, istisna olunmur ki, yaxın vaxtlarda parlamentə təqdim olunacaq kredit müqaviləsi ölkənin xarici borcunu daha da artıracaq.
Nəşr əlavə edib ki, bu kimi digər kreditlər də əvvəlki büdcə kəsirinin aradan qaldırılması üçün götürülürdü. "Past" vaxtilə müxalifətdə olarkən Paşinyanın bu məqsədlə kreditlərin alınmasını dəfələrlə tənqid etdiyini xatırladıb. İndi isə Paşinyanın başqa çıxış yolunun olmadığı və Ermənistanın işində olduğu acı reallığı daha yaxından dərk etdiyi bildirilir.
Xatırladaq ki, Ermənistanın yeni hökumət proqramı "iqtisadi inqilabın startı" adlandırılır. Proqramda Ermənistanda illik ÜDM-in ən azı 5 faiz artımının təmin ediləcəyi göstərilir. Lakin hazırkı blokada şəraitində "iqtisadi inqilab"ın həyata keçirilməsi mümkünsüz hesab edilir. İqtisadi ekspertlərin fikrincə, vəd verdiyi xarici investisiyaları cəlb edə bilməməsi və beynəlxalq maliyyə təşkilatlarının Ermənistana kredit vermək istəməməsi Paşinyan hökumətini vergilərin artırılması yolu ilə vəziyyətdən çıxış yolu axtarmağa məcbur edir. Lakin bunun növbəti inqilabla nəticələnə biləcəyi ehtimalı olduqca yüksək qiymətləndirilir.


