D-8 ölkələri yeni ödəmə kartı təsis edib

İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ölkələri öz aralarında ticarət əməliyyatları üçün xüsusi ödəmə kartı təsis ediblər.

Bu barədə D-8-in Baş katibiDato Ku Cəfər Ku Şəəri məlumat verib.

O, "D8P Card" yaratmaq fikrinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın2017-ci ilin oktyabr ayında keçirilən D-8-in zirvə görüşü zamanı həmin ölkələr arasında ticarət əməliyyatlarını milli valyutalarda aparmaq çağırışından sonra ortaya çıxdığını qeyd edib: "Bu kart vasitəsilə D-8 ölkələrinin sakinləri ticarəti milli valyutalarda apara biləcəklər".

Dato Ku Cəfər Ku Şəəri 2019-cu ildə başlıca hədəflərinin üzv ölkələr arasında enerji əməkdaşlığının inkişafı olduğunu vurğulayıb: "D-8 ölkələri arasında enerji ehtiyatlarının bölüşdürülməsi və ötürülməsi məsələsi üzərində çalışmağa davam edirik", - deyən Baş katib turizm sahəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsinə ciddi diqqət yetirildiyini dilə gətirib.

Qeyd edək ki, 1997-ci ildə Türkiyənin həmin vaxt Baş naziri olmuş Nəcməddin Ərbakanın təşəbbüsü ilə yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyədir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31