Yunanıstanda baş verən qasırğa nəticəsində dörd gəmi batıb

Yunanıstanda Bofort cədvəli üzrə 10 ballıq "Ksenofont" qasırğası nəticəsində 4 gəmi batıb, yüzlərlə ağac aşıb, bərə əlaqəsi kəsilib, məktəblər bağlanıb.

Attika paytaxt regionunda küləyin ağacları aşırması səbəbindən yanğınsöndürmə xidməti sutka ərzində 355 çağırış alıb. Artıq 12 saatdır ki, Kefaloniya adasının Zola rayonundakı yanğını söndürmək mümkün olmur.

Sahil mühafizə xidmətinin məlumatına əsasən, hündür dalğalar nəticəsində limanlarda 4 kiçik gəmi batıb. Ölkənin materik hissəsi ilə adalar arasında sərnişin gəmisi reyslərinin əksər hissəsi ləğv edilib.

Güclü külək səbəbindən Tinos, Andros, Zakintos və Mikonos adalarında məktəblər bağlanıb.

Qasırğa Attikada temperaturun müsbət 30 dərəcədən 13-15 dərəcəyə düşməsinə səbəb olub. Ölkənin dağlıq rayonlarına ilk qar yağıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31