Yaxın Şərqdə yeni münaqişə ocağı yaradılır

Regionda İrana qarşı yeni cəbhə açılır

Regionda İrana qarşı yeni cəbhə açılır

Yaxın Şərqdə proseslər yenə arzuedilməz məcraya doğru istiqamət götürüb. Suriya böhranının aradan qaldırılması istiqamətindəki beynəlxalq səylərin nəticə verməməsi, Birləşmiş Ştatların "sürpriz" Qüds qərarı, eləcə də İran İslam Respublikası ilə Qərb, Avropa arasında əldə edilən tarixi anlaşmanın yenidən pozulması ilə bağlı yayılan xəbərlər regionda yeni bir gərginliklərin meydana çıxacağından xəbər verir. Bu arada İsraillə İran arasında da gərginlik getdikcə artmaqdadır. Uzun illər bir-birinə qarşı amansız mövqe sərgiləyən Təl-Əviv və Tehranın indi müharibə vəziyyətində olduğu müşahidə edilməkdədir. Paralel olaraq Birləşmiş Ştatların İranla əldə edilən nüvə anlaşmasını tərk etməsi barədə yayılan xəbər Yaxın Şərqdə İslam Respublikasına qarşı yeni bir cəbhə açıldığından xəbər verir. Bəs görəsən bundan sonrakı proseslər necə cərəyan edəcək? Ümumiyyətlə, artmaqda olan ziddiyyətli münasibətlər və gərginlik regiona hansı təsirləri göstərəcək?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Birləşmiş Ştatarın İran İslam Respublikası ilə nüvə anlaşmasından çıxmasını şərh edərkən maraqlı detala diqqət çəkib. O. Bildirib ki, Vaşiqtonun İranla nüvə anlaşmasından çıxmasını bəyan etməsindən ardınca Tehran uranın zənginləşdirməsinı artıracağını bildirib: "Maraqlıdır ki, bu bəyanatı prezident Həsən Ruhani deyil, ali dini lider Əli Xamaneyi səsləndirdi. Bu o deməkdir ki, İranın mühafizəkar kəsimi Həsən Ruhani və onun komandasının xarici siyasətini uğursuz hesab edir və təşəbbüsü ələ alıblar. Prezident Həsən Ruhani çətin vəziyyətdədir, Amerikanın keçmiş prezidenti Barak Obama ilə imzaladığı saziş Donald Tramp tərəfindən zibilə atıldı. Bu da Həsən Ruhaninin İrandakı mövqelərini zəiflədib".

Politoloqun sözlərinə görə, bu arada, İsrailin baş naziri Benyamin Netanyahu indi də Avropa ölkələrini inandırmağa çalışır ki, İrana inanmaq olmaz: "Onun Berlin, Paris və Londona turnesinin yeganə mövzusu İran idi. Avropa İttifaqı Amerikadan fərqli olaraq nüvə anlaşmasından çıxmaq istəmir. Buna baxmayaraq, Amerika sanksiyalarından ehtiyat edən Avropa şirkətləri bir-bir İranı tərk edirlər. Üstəgəl ali dini lider Əli Xamaneyinin sosial şəbəkədə yazdığı "İsrail adlı dövlət Yaxın Şərqdən yox olmalıdır" cümləsi Avropada narazılıq doğurub, Almaniyanın kansleri Angella Merkel da narazlığını ifadə edib".

Elxan Şahinoğlu bildirib ki, Birləşmiş Ştatlar və İsrail İranı içəridən qarışdırmaq üçün müxtəlif ssenarilərə əl atacaqlar: "Məsələn Benyamin Netahyahu son video müraciətində bildirib ki, iranlılar ağıllı insanlardır, təşəbbüskar və zəki düşüncəyə sahibdirlər, İranı tərk edib Qərbdə yaşadıqda elmdə və texnikada böyük naliyyətlər əldə edirlər. Netanyahu fikrini belə davam etdirir ki, İrandakı rejim bu xalqa layiq deyil, maliyyəni nüvə silahına və terrorçu təşkilatların silahlandırılmasına xərcləyir, halbuki, bu pulları ölkənin inkişafına yönəldə bilərdi. Netanyahu bu açıqlama ilə faktiki İran xalqını qiyama çağırır".

Bu arada regionun digər dövlətlərində cərəyan edən proseslərə diqqət çəkən politoloq deyib ki, 4 ölkə - Səudiyyə Ərəbistanının, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin və Bəhreynin Qətər dövləti ilə diplomatik münasibətləri kəsmələrindən bir il keçdi və Faktiki Qətər blokadaya alındı: "Bu dövlətlər Qətərə qarşı 13 maddəlik ultimatum irəli sürdülər. Maddələr içərisində İranla əməkdaşlığın dayandırılması, Türkiyə hərbi bazasının çıxardılması və məşhur "Əl-Cəzirə" televiziya kanalının yayımının dayandırılması var idi. Faktiki bu o demək idi ki, müstəqilliyindən əl çək. Bu işi başladan Səudiyyə Ərəbistanı düşünürdü ki, müttəfiqi Birləşmiş Ştatlardan dəstək alacaq. Ancaq Vaşinqton qovğaya qarışmadı, Donald Trampın anti-İran ritorikasına rəğmən, Ağ Ev Səudiyyə ilə yanaşı Qətərlə də strateji tərəfdaşlığını davam etdirir. Bunda Birləşmiş Ştatların Qətərdə hərbi bazasının varlığı da rol oynayır. Blokadanın ilk günlərində Qətərdə bir az panika yarandı, dükanlar boşaldıldı və s. Məsələ burasındadır ki,  Qətər qaz nəql edən varlı dövlət olsa da, ərzağın tamamını xarici ölkələrdən alırdı. Qətərin köməyinə Türkiyə və İran yetdi, daha sonra Oman və Hindistan da Qətər üçün limanlarından gen-bol istifadəyə icazı verdilər. Bir sözlə Qətər təslim olmadı, əksinə özü ərzaq istehsalına başladı.

Buna baxmayaraq, Qətər üçün böyük qonşusu Səudiyyə Ərəbistanı ilə düşmənçilik şəraitində yaşaması böyük təhlükəsizlik problemi yaradır. Ayrıca, qətərlilər müqəddəs Məkkə və Mədinə şəhərlərini ziyarət edə bilmirlər. Səudiyyə Ərəbistanı geri addım atmaq istəmir. Bu isə o deməkdir ki, Yaxın Şərqdə bir il öncə formalaşan yeni münaqişə ocağı digərləri kimi uzun sürəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31