Yaxın Şərqdə yeni savaşın ayaq səsləri
15 May 2018 11:21 DünyaBöyük siyasi-hərbi oyunun başlanğıcı
Son bir neçə gündə Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Hələ bir neçə ay əvvəl Ağ Ev rəhbəri Donald Trampın Birləşmiş Ştatların İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyi barədə ortaya qoymuş olduğu yalnış mövqedən sonra gərginləşən vəziyyət ötən gün özünün pik nöqtəsinə qədəm qoyub. Belə ki, Trampın səfirliyin Qüdsə köçürüləcəyi barədə fikirlərinin real əməldə özünü büruzə verməsi on minlərlə fələstinlinin etiraza qalxması və qanlı toqquşmalara yol açmasına gətirib çıxarıb. Təkcə ötən gün Qəzza bölgəsində baş verən qanlı toqquşmalar nəticəsində 60-a yaxın fələstinlinin həlak olduğu bildirilir.
Birləşmiş Ştatların İsraildəki səfirliyinin Qüdsə köçürmək qərarının Yaxın Şərqdəki onsuz da ağır olan vəziyyəti bir qədər də gərginləşdirəcəyini deyən ekspertlər hesab edirlər ki, Vaşinqtonun bu addımı onun müsəlman dünyasındakı nüfuzuna xələl gətirəcək və İslam aləmində Birləşmiş Ştatlara qarşı bir cəbhə açılmış olar. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Birləşmiş Ştatlar səfirliyinin Qüdsə köçürülməsi regionda münaqişəni daha da alovlandırır: "Ağ Ev rəhbəri Donald Trampın İsraildəki Birləşmiş Ştatlar səfirliyini Yaxın Şərqdə böhran fonunda Qüdsə köçürmək qərarı, bu regionda sülhə deyil, yeni müharibənin alovlanmasına xidmət edir. ABŞ adminstrasiyası birtərəfli olaraq İsrail-Fələstin münaqişəsində balans siyasətini İsrailin xeyrinə dəyişib. Bundan sonra Birləşmiş Ştatların moderatorluğu ilə Fələstin üzrə sülh danışıqları fiaskoya uğradı. Bu günlərdə Qüdsdə səfirliyin açılışına görə etiraz edən 60-a yaxın şəxs öldürülüb, 2400 çox fələstinli yaralanıb".
Politoloq deyib ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp Fələstini görməzlikdən gələrək, beynəlxalq qanunları nümayişkaranə şəkildə pozdu: "Fələstin xalqının Qüds üzərində İsrail kimi haqqı var. İsraillə Fələstin arasında sülh mümkündü. ABŞ iki xalq arasında sülh yaratmaq iqtidarındadır. İsrailin Fələstini dövlət kimi tanımamaq istəyi hələ ki, iki xalq arasında münaqişəni uzadır. İsrailin hazırkı hərbi kabinetdən ibarət rəhbərliyi Fələstinə qarşı radikal siyasət və barışmaz mövqe tutur. Yəhudi xalqı sülhpərvər xalqdır. Əsrlərlə ərəblərlə daima qardaşlıq əlaqlərinə malik olaraq birgə yaşayışla bunu sübut edib. Baş verənlər iki xalq arasında mümkün sülh danışıqlarına böyük zərbədir".
Məhəmməd Əsədullazadə qeyd edib ki, BMT-nin qərarına əsasən Qərbi Qüds İsrailə, Şərqi Qüds isə Fələstinə aiddir: "İsrail Qüdsü bölünməz olaraq İsrailin paytaxtı elan edib. Bu gün Fələstinə beynəlxalq dəstək yoxdur. Ərəb liqası, başda Səudiyyə Ərəbistanı və Misir İsrailə təsir rıçaqlarına malik olsa da, seyrçi mövqe nümayiş etdirir. Bu gün Fələstin ABŞ-İsrail tərəfindən sıxışdırılır, məcbur şəkildə fələstinlilərin iradəsinin əleyhinə olan sülh müqaviləsinə imza atmağa məcbur edilir. Qeyd edim ki, Yaxın Şərqdə yeni nizam formalaşır. ABŞ bu regionun siyasi xəritəsini dəyişəməyə çalışır. Baş verənlər böyük siyasi-hərbi oyunun başlanğıcdır. Daha ağır fəsadlar qarşıdadır. ABŞ İran, Türkiyə və Rusiyanı bu regiondan çıxarmaqla, yeni sistem qurmağı planını işə salıb. Bu planı həyata keçirmək üçün Səudiyyə Ərəbistanı, Misir, İsrail və Körfəz ərəb ölkələrindən Vaşinqton siyasi-hərbi koalisiya qurub".
Qərbi Kaspi Universitetinin eksperti Emil Həsənli isə deyib ki, son günlər Qəzzada baş verənlər Yaxın Şərqdə yeni savaşın ayaq səsləridir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar prezidenti Donald Tramp Ağ Ev rəhbəri seçiləndən sonra ABŞ-ın digər dövlətlərlə dövlətlərarası münasibətlərində böyük durğunluq yarandı: "Rusiya ilə əlaqələrin güclənəcəyi düşünülərkən münasibətlər daha da kəskinləşdi. Obama dönəmindən bu yana Türkiyə ilə münasibətlər də Tramp dövründə daha da gərginləşdi. Çin və Avropa ilə münasibətdə də xeyli durğunluq yaranıb. İranla münasibətlər isə son günlər daha da pisləşib. Uzaq Şərqdə Şimali Koreya ilə ABŞ arasındakı münasibətlər heç də xoş deyil. Tramp söz verdiyi kimi ABŞ səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi qərarını təsdiqlədi. Artıq qərar icra edilir və Avropanın çox ölkəsi, ərəb dövlətləri, Türkiyə qərardan narahatlıq keçirdiklərini vurğulayıblar. Həmçinin qərar Rusiya və Çin tərəfində də narahatlıqla qarşılanır. Xüsusən, qərar İranın mənafeyinə cavab vermir".
Bəs, görəsən Donald Trampın bu qərarı hansı geosiyasi nəticələrə səbəb ola bilər?. Ekspert bildirib ki, hər şeydən öncə Trampın bu qərarın icrasından bir neçə gün öncə İranla münasibətlərin kəskinləşməsinə səbəb olacaq "nüvə anlaşması"nı dayandırmağına diqqət çəkmək lazımdır: "Trampın qərar verəcəyi bəlli idi və İranla nüvə anlaşmasını da qərarın icrasından bir neçə gün əvvəl ləğv etdi. Bu bir təsadüf idi?. Düşünürəm ki, xeyr. İranla İsrailin əlaqələrinin yaxşı olmaması ilə ABŞ-ın bu addımı atması arasında təsadüf ola bilməz. İsrailin paytaxtı Təl-Əvivdən Qüdsə köçürmək arzusu bəllidir və faktiki olaraq İsrailə də bu yolda ən böyük dəstək ABŞ-dan gəlir. ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsində isə həm Qüdsün İsrail ərazisi olduğunu dünyaya duyurmaq mesajı güdür, həm də bu mesajda siz də tanımalısınız xəbərdarlığı var: "Həm də yəhudi və müsəlmanlar arasında mübahisəli hesab edilən bu şəhərə ABŞ öz səfirliyini köçürürsə, İsrail paytaxtı Tel-Əvivdən köçürəcəyi halda, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, yaxud tanımayacağı sualına da cavab bu qərarın icrası ilə tapıldı. Bəli ABŞ bu məsələdə İsrailin atdığı hər bir addımı dəstəkləyəcək. ABŞ İsrailə dəstək olmağa da məcburdur, çünki İran məsələsində İsrail ABŞ cəbhəsində yer almış dövlətdir və İrana qarşı kəskin mövqeyi ilə seçilir. İsrail hesab edir ki; "İranın nüvə silahı əldə etməsi ilk növbədə İsrailin suverenliyinə təhdiddir. İran məsələsinin həllində İranı özünə təhdid kimi görən dövlət də ABŞ-a lazımdır". Emil Həsənli deyib ki, Qüdsün önəmini görmək üçün tarixə baxmaq zəruridir: "Qüdsə hələ lap əvvəllər yəhudi və müsəlmanlar iddia ediblər. Xüsusən, katolik kilsəsinin də burada maraqları var idi. Papa II Urban səlib (xaç) yürüşlərində ən böyük məqsəd kimi Qüdsün ələ keçirilməli olduğunu bəyan etmişdi. Papa müsəlmanları kafir adlandıraraq İsanın qəbrini onların əlindən xilas etməyin vacib olduğunu bildirmişdi. Lakin burada əsas mövqedə İusus Xristos (İsa peyğəmbər) sevgisi yox, şəxsi mənfəət dayanırdı. Bu yürüşü həyata keçirmək üçün qəlbində İsa sevgisi olan hər kəsi buna təhrik etmək lazım idi. Bu gün isə bu qərarın qəbulu və icrası Qüdsün öz önəmini itirmədiyinin göstəricisidir. Qəzzada qarşıdurmalar şiddətlənir. Trampın qərarından sonra xeyli sayda insan qərarın icrası əleyhinə çıxır. Ölü və yaralı sayı artmaqdadır. Lakin hər şeyə rəğmən, qərarın icrası həyata keçiriləcək və bu da Yaxın Şərqdəki çətin geosiyasi durumu daha da çətinləşdirəcək. Qərar Türkiyə tərəfindən də sərt şəkildə tənqid edilir. Hətta Hizbullah da qərarın icrasına qarşı çıxıb. Ərəb ölkələri və əksər Avropa ölkələri də qərara qarşı çıxıblar. Qərarın icra edilməsi ABŞ üçün İsrailin bütün dövlətlərdən daha artıq çəkiyə malik olduğunun əsas göstəricisidir".
Süleyman