Trampın Şimali Koreya ilə bağlı verdiyi şok qərarın pərdəarxası

ABŞ prezidenti yeni dünya düzəninin formalaşmasının anonsunu verdi; Tofiq Zülfüqarov: "Şimali Koreyanın təxribatçı davranışları ABŞ-ı Çinlə üzbəüz qoya bilərdi"

"ABŞ Şimali Koreya ilə danışıqlara başlamağa hazırdır, lakin bunun üçün Pxenyan nüvə silahından imtina etməlidir". Bunu ABŞ prezidenti Donald Tramp nüfuzlu jurnalist təşkilatının yaradılmasının ildönümü münasibətilə təntənəli ziyafətdə çıxışında deyib.

Qeyd edək ki, son zamanlar Şimali Koreya ilə bağlı maraqlı gəlişmələr müşahidə olunmaqdadır. Bir zamanlar ABŞ-ın "şər üçbucağı"na daxil etdiyi Pxenyanla bağlı artıq fərqli siyasi kursun yürüdüldüyü müşahidə edilir. Bundan əvvəl bəyan edilmişdi ki, Vaşinqton Pxenyandan ilkin tələblərin icra edilməsini tələb etməyəcəyi təqdirdə Şimali Koreya ABŞ-la danışıqlarda iştirak edəcək.

Bu barədə KXDR XİN-in məlumatında da bildirilirdi. "Onilliklərdir davam edən KXDR-ABŞ danışıqları dövründə biz hələ bir dəfə də olsun ABŞ-la hər hansı ilkin şərtlərlə bağlı danışıqlar aparmamışıq. Bu, gələcəkdə də davam etdiriləcək", - deyə Şimali Koreya XİN-in nümayəndəsi deyib. Onun sözlərinə görə, Pxenyan dialoq və danışıqların köməyi ilə  məsələləri dinc və diplomatik yolla nizamlamağa hazırdır. Diplomat qeyd edib ki, KXDR Vaşinqtona dialoq aparmağa yalvarmayacaq və ABŞ-ın bəyan etdiyi hərbi variantdan yayınmayacaq: "Pxenyan tərəfləri narahat edən məsələləri bərabər hüquqluluq əsasında müzakirə etməyə hazırdır".  Ancaq XİN nümayəndəsi KXDR-in nüvə proqramının ləğv olunmasına dair Vaşinqtonun niyyətini "gülünc" adlandırıb. 

Dünənə qədər Şimali Koreya ilə savaş dilində danışan ABŞ-ın yeni administrasiya dönəmində fərqli kurs sərgiləməsi, hər halda, təsadüf sayıla bilməz. Paralel olaraq Şimali Koreya lideri Kim Çen İnin 2011-ci ildən bu yana ilk xarici səfərini edərək, Çinə getməsi də maraqlı hadisədir. Hətta Kim gərgin münasibətləri olduğu ABŞ-la da danışıqlar masasına oturmağa razılıq verib. Onunla Donald Trampın görüşünün may ayına kimi baş tutması planlaşdırılır.

Bu ilin fevralında Rusiyanın bəzi bölgələrinin yerli hakimiyyətlərinin Şimali Koreya vətəndaşı olan fəhlələri öz ərazilərindən çıxarmağa başlaması da səbəbsiz deyildi.

Belə görünür ki, ABŞ Şimali Koreyanı Rusiyadan ayırmağa başladığı ərəfədə, həmçinin Kremlə sürprizlər yaşatdığı bir dönəmdə onun müttəfiqlərini öz tərəfinə çəkmək üçün hərəkətə keçib. Hətta ABŞ prezidenti Donald Tramp Rusiyanın KXDR-ə beynəlxalq sanksiyalardan yayınmağa kömək etdiyi barədə ittiham irəli sürüb. "Rusiya Şimali Koreya ilə bağlı bizə heç bir köməklik etmir. Bizə Çin kömək edir, Rusiya isə onların səylərini puç edir", deyə D.Tramp qeyd edib...

Çox maraqlı situasiya yaranıb, Vaşinqton bir tərəfdən Şimali Koreya ilə əməkdaşlıq üçün hərəkətə keçib, digər tərəfdən də Moskvanı Pxenyanla əməkdaşlıqda suçlayır.

Ancaq görünən budur ki, Moskva da sakit oturmaq niyyətində deyil. Elə bu günlərdə məlum oldu ki, Şimali Koreyanın Çin və Cənubi Koreya ilə birgə tək quru sərhədi olan Rusiya ABŞ ilə yaşadığı ixtilafdan sonra gündəmdən düşməyən qonşusu ilə sərhədlərində körpü inşa etməyi planlaşdırır (publika.az). Rusiya Uzaq Şərq İnkişaf Nazirliyinin yaydığı açıqlamada iki ölkənin diplomatlarının sərhəddə inşa ediləcək yeni körpü üçün bir araya gələcəyi bildirilib.

Körpü hər iki ölkə üçün iqtisadi və maddi önəmi ilə yanaşı, siyasi və simvolik əhəmiyyət də daşıyır. Belə ki, Şimali Koreya ilə Rusiya "soyuq müharibə" dövründə iki müttəfiq ölkə kimi görülürdü. SSRİ Şimali Koreyanın ən böyük maliyyə dəstəkçilərindən idi. Ancaq ittifaqın dağılmasından sonra bu ölkələrin münasibətləri də sona çatmışdı. Qonşular arasında sular 2000-ci ildə prezident Vladimir Putinin Pxenyana səfəri ilə isinməyə başlamışdı. 

Bundan qabaq Seulun müharibə vəziyyətində olan Pxenyanla əlaqələr qurmağa qərar verməsi də diqqətdən yayına bilməz. Belə ki, bir müddət öncə Cənubi Koreyanın prezidenti Mun Ce-in Şimali Koreyanın nümayəndə heyətini qəbul etdi. Nümayəndə heyətinə KXDR lideri Kim Çen İnin bacısı Kim Yo-conq da daxil idi. Bu, Koreya müharibəsindən sonra KXDR-in Cənubi Koreyaya ən yüksək səviyyəli nümayəndə heyətinin səfəridir. Eyni zamanda bu, tarixdə ilk səfərdir ki, KXDR liderinin ailə üzvü də nümayəndə heyətində təmsil olunur. Bütün bunlar isə yeni dünya düzəni barədə planlardan xəbər verir. Hər halda, dünyanı nüvə silahı ilə təhdid edən Şimali Koreya ilə münasibətlərin sivil mərhələsinin başlandığını demək olar. Bu addımın isə nəyin, hansı ölkə ilə bağlı hazırlanan planların müqabilində hazırlandığını söyləmək üçün Rusiya və İran ətrafında cərəyan edən proseslərə diqqət yetirmək lazımdır. Mümkündür ki, ABŞ Şimali Koreyanı öz tərəfinə çəkməklə digər nəhəng güclərlə haqq-hesab çəkməyi düşünür.

Şimali Koreya ətrafında baş verən hadisələrin Azərbaycana birbaşa aidiyyəti olmasa da, dünyanı təhdid edən təhlükələrə təbii ki, biganə qala bilmərik.

"Trampın xarici siyasətində bizim diqqətimizi cəlb edən budur ki, aqressiv xarici siyasət yürüdən Tramp indi Şimali Koreya rəhbərliyi ilə görüşdən bəhs edir və bu, maraqlı məsələdir. Bu, onu göstərir ki, ABŞ və onun prezidenti daha çox siyasi yollarla məsələləri həll etmək niyyətindədir. Gələcəkdə bu, digər problemlərə də şamil edilə bilər".

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Yeni Müsavat"a açıqlamasında belə dedi. Təcrübəli diplomat bu yaxınlaşmanın səbəbsiz olduğunu düşünmür: "Hamı başa düşür ki, Şimali Koreyada əsas oyunçular Amerika və Çindir. Həmçinin burada Cənubi Koreya, Yaponiya və digər ölkələrin də qatıldığı iki cərgə var. Məsələlərin bu yolla həlli dünyanı inkişafı üçün çox vacib məsələdir, bir növ göstəricidir. Bölgədə maraqlı proses gedir. Çinin ümumdaxili məhsulu ABŞ-ın ümumdaxili məhsulundan çoxdur və getdikcə artır. Təbii ki, iqtisadi güc gec-tez siyasi gücə çevrilir və ölkənin rolu artır. Bu, ilkin mərhələdədir. Ancaq istisna etmirəm ki, Koreya mövzusunda ABŞ və Çinin rəqabətini görə bilərik. Gələcəkdə bu rəqabətdə Avropa ittifaqı, Rusiya, Hindistan və Pakistan da qoşula bilər".

T.Zülfüqarov inanmır ki, burada Rusiya amilinin rolu böyükdür: "Sadəcə, Şimali Koreyanın təxribatçı davranışları ABŞ-ı Çinlə üzbəüz qoya bilərdi. ABŞ isə bunu ya istəmir, ya da buna hazır deyil. Ona görə də Şimali Koreya ilə danışıqlara başlanılması niyyəti çox vacib bir məsələ idi. Bu addım həm də ondan xəbər verir ki, artıq Tramp ölkəsinin xarici siyasətini biznesmen kimi yox, siyasətçi kimi idarə etməyə başlayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31