Türkiyənin işi haqq işidir

Bu günlər bütün dünya demək olar ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatından danışır. Buna görə Türkiyəni haqlı sayanlar da var, ona qarşı çıxanlar da. Ancaq qəribəsi odur ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatına qarşı çıxan dövlətlər zaman-zaman beynəlxalq terrorizmə qarşı mübarizə aparılmasının zəruriliyini vurğulayanlardır.

Elman Nəsirov: "Dünya bunu nə qədər tez dərk etsə, beynəlxalq terrorizmə qarşı mübarizədə daha böyük uğurlar qazanmaq olar"

"Bu əməliyyatlara qarşı çıxış edən azsaylı dövlətlərin hərəkətləri isə daha çox imitasiya xarakteri daşıyır"

Bu günlər bütün dünya demək olar ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatından danışır. Buna görə Türkiyəni haqlı sayanlar da var, ona qarşı çıxanlar da. Ancaq qəribəsi odur ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatına qarşı çıxan dövlətlər zaman-zaman beynəlxalq terrorizmə qarşı mübarizə aparılmasının zəruriliyini vurğulayanlardır. Hazırda Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatın məhz antiterror əməliyyatı olduğunu nəzərə alsaq, o zaman Ankaraya bu addımına görə kəskin etiraz edən ölkə və ölkələrin elə bu və ya digər formada terrorizmə əlaqəli olduğunu söyləyə bilərik. Bütün halda kimin nə deməsindən və hansı mövqe ortaya qoymasından asılı olmayaraq Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar məhz antiterror əməliyyatıdır. Elə millət vəkili Elman Nəsirov da bu qənaətdədir. O, bildirib ki, 2018-ci il, 20 yanvar tarixində Türkiyə Silahlı Qüvvələrinin başladığı "Afrin əməliyyatı" birmənalı olaraq Türkiyənin antiterror əməliyyatıdır. Millət vəkilinin sözlərinə görə,  bu əməliyyatın başlanmasına səbəb Pentaqonun polkovniki Tomas Valın Suriyanın şimalında Türkiyə ilə sərhəd boyunca 30 minlik və əsasən "Demokratik Suriya Qüvvələri"ndən ibarət (YPG və PYD) "Sərhəd təhlükəsizlik xidməti" yaratmaq istiqamətində hazırlıq işlərinə başlanması haqqında bəyanatı oldu: "Onu da qeyd edək ki, həm YPG, həm də PYD beynəlxalq terror təşkilatı olan PKK-nın Suriya qanadlarını təşkil edir. Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-ın bu addımı rəsmi Ankara və Vaşinqton arasında münasibətlərin son dərəcə gərginləşməsinə səbəb oldu. Türkiyə Birləşmiş Ştatları müttəfiqlik münasibətlərinə daban-dabana zidd addım atmaqda və terrorçuların yanında yer almaqda ittiham etdi. Rəsmi Vaşinqtonun cavabı özünü çox gözlətmədi. Birləşmiş Ştatların Dövlət Katibi Reks Tillerson Vankuverdən Vaşinqtona qayıdarkən təyyarədə məlum ittihamlara cavab olaraq bildirdi ki, "bütün vəziyyət təhrif edilmiş təqdim olunub və qeyri-dədiqliyə yol verilib. Biz Suriyada sərhəd təhlükəsizliyi qüvvələri yaratmırıq. Təəssüf ki, bəzi adamların fikirləri xoşagəlməz iz qoyubdur. Biz bu məsələləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ətraflı şəkildə Vankuverdə müzakirə etdik". Göründüyü kimi, Birləşmiş ŞtatlarTürkiyənin qətiyyətli mövqeyi qarşısında geri çəkilməli oldu. ABŞ-ın mövqeyi Türkiyənin məlum addımlarını şərtləndirsə də, son davranşı ilə PKK və PYD-nin ümidlərini puç etməkdədir". Elman Nəsirov bildirib ki, Rusiyanın mövqeyi daha çox neytrallığı ilə diqqəti cəlb edir: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov məhz Birləşmiş Ştatları Suriyada baş verməkdə olan son hadisələrdə ittiham etmişdi. Rəsmi Moskvanın bu davranışının motivləri anlaşılandır. Birincisi, Rusiya uçün ilk növbədə bölünməz Suriya lazımdır. YPG və PYD terror təşkilatları isə faktiki olaraq Suriyanın şimalında ayrıca kürd dövləti yaratmaq istəyirlər. Deməli, Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatları nəticə etibarilə Suriyanın ərazi bütövlüyünün qorunmasına xidmət göstərir və bu baxımdan həm Moskva, həm də Dəməşqin milli maraqlarına cavab verir. İkincisi, Rusiya Prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə bu ilin yanvar ayının 29-30-da Soçi şəhərində "Suriya Milli Dialoq Konqresi"nin toplantısının keçirilməsi planlaşdırılır. Bu toplantının baş tutması Suriya böhranının tənzimlənməsində Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər. "Afrin böhranı"nda Rusiyanın Türkiyə ilə konfliktə girməsi həmin toplantının baş tutmasına ciddi mane ola bilərdi. Üçüncüsü, yanvar ayının 18-də Türkiyənin hərbçi və kəşfiyyat rəhbərliyinin Moskvada məlum hadisələrlə bağlı yüksək səviyyəli danışıqlar aparması da, heç şübhəsiz, Moskvanın bəlli mövqeyinin formalaşmasında az rol oynamamışdı". Millət vəkili deyib ki, Bəşər Əsəd rejimi Türkiyə ilə bağlı hədələyici bəyanatlar versə də, Rusiyanın məlum mövqeyi fonunda bu, imitasiya təsiri bağışlayır: "İran hərbi əməliyyatların dayandırılmasına çağırış etsə də, əslində kürd terrorçularının məhvi rəsmi Tehranın da strateji maraqlarına cavab verir.
Onu da xüsusi olaraq qeyd edək ki, Türkiyə "Afrin əməliyyatı"na başlamazdan öncə, ilk növbədə Suriya rəhbərliyinə rəsmi məktubla müraciət etmiş və atacağı addımların Suriya ilə sərhədlərdən gələn terror təhlükəsi ilə bağlı olduğunu əsaslandırmışdı. Anoloji məktublar bütün maraqlı tərəflərə, o cümlədən BMT Baş Katibliyinə ünvanlanıb. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. 
Ərəb dövlətlərindən yalnız Misir, Avropa ölkələrindən isə Fransa Türkiyənin Afrində həyata keçirdi antiterror əməliyyatları pisləyən mövqe ortaya qoyub. Fransanın xarici işlər naziri Jan-İv Le Drian məlum hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib. Beləliklə, Türkiyənin ərazi bütövlüyünü, sərhədlərinin təhlükəsizliyini və suverenliyini kürd terrorçularından qorumaq məqsədilə atdığı önləyici addımlar münbit beynəlxalq şəraitin mövcudluğu reallığında həyata keçirilməkdədir. Bu əməliyyatlara qarşı çıxış edən azsaylı dövlətlərin hərəkətləri isə daha çox imitasiya xarakteri daşıyır. Türkiyənin işi haqq işidir və dünya bunu nə qədər tez dərk etsə, beynəlxalq terrorizmə qarşı mübarizədə daha böyük uğurlar qazanmaq olar".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31