Rusiyalı ekspert: “Türkiyə buna icazə verməyəcək”

"Türkiyə Suriyanın şimalının PYD (PKK terror təşkilatının Suriya qanadı - red.) tərəfindən nəzarətə götürülməsinə icazə verməyəcək".

Publika.az xəbər verir ki, bunu Türkiyənin Afrin əməliyyatı üçün hazırlıqlarını şərh edən rusiyalı hərbi ekspert, "Komsomolskaya pravda" qəzetinin şərhçisi, istefada olan polkovnik Viktor Baranets "Russia Today" (RT) telekanalına açıqlamasında deyib.

"Türk faktoru burada mühüm rol oynayır. ABŞ isə hansı kürdlərlə - Ərdoğana (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - red.), yoxsa Bəşər Əsədə (Suriya prezidenti - red.) qarşı döyüşənlərlə əməkdaşlıq etməli olduğuna dair qərar verə bilmir. ABŞ PYD kartını oynayır və sərhəd təhlükəsizlik qüvvələri Türkiyə ordusunun sərhədi keçməsinin qarşısını almaq məqsədi daşıyır", - rusiyalı ekspert bildirib.

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusu PYD-nin işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. Türkiyənin "Sabah" nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31