Səudiyyə Ərəbistanında nələr baş verir?

Artıq Səudiyyə Ərəbistanına de fakto vəliəhd Məhəmməd Bin Salman tərəfindən rəhbərlik edildiyi hamıya məlumdur. 83 yaşlı Kral Salman bin Əbdüləziz əs-Səud xəstəlik və qocalıq səbəbindən hakimiyyəti idarəetməz vəziyyətdədir.Yenicə vəliəhd seçilmiş gənc və enerjili, eyni zamanda ambisiyalı MBS bu ölkənin tarixi boyu bənzəri olmayan dəyişikliklər etmək üçün hərəkətə keçib.

Əlimusa İbrahimov: "Daxili siyasət və iqtisadiyyatın yeni düzənə salınması tədbirləri hələ aysberqin görünən hissəsidir"

Artıq Səudiyyə Ərəbistanına de fakto vəliəhd Məhəmməd Bin Salman tərəfindən rəhbərlik edildiyi hamıya məlumdur. 83 yaşlı Kral Salman bin Əbdüləziz əs-Səud xəstəlik və qocalıq səbəbindən hakimiyyəti idarəetməz vəziyyətdədir.Yenicə vəliəhd seçilmiş gənc və enerjili, eyni zamanda ambisiyalı MBS bu ölkənin tarixi boyu bənzəri olmayan dəyişikliklər etmək üçün hərəkətə keçib. Korrupsiya, işsizlik, dövlət əmlakının dağıdılması, iqtisadiyyatın sülalə prinsipi üzrə idarə olunmasına qarşı ciddi və bütün dünyada əks-səda doğuran tədbirlər həyata keçirilir. Politoloq Əlimusa İbrahimov bildirib ki, Məhəmməd Bin Salman dünyanın aparıcı informasiya agentliklərinə verdiyi müsahibələrdə və müxtəlif tədbirlər zamanı etdiyi çıxışlarda ölkənin qarşısında çox ciddi dəyişikliklərin durduğunu dəfələrlə bəyan edib. O, artıq sözdən işə keçərək Krallığın var-dövlətini dağıdan, korrupsiya piramidasını aradan qaldırmağa və eyni zamanda gələcək tədbirlərin həyata keçirilməsində ona mane ola biləcək qüvvələrdən yaxa qurtarmağa girişib: "Təbii ki, həbs olunan və var- dövləti əlindən alınan şəxslər də sıradan biriləri deyil və ailə sülaləsinin yaxın adamlarıdır. Çünki SƏK ( Səudiyyə Ərəbistanı Krallığı) kimi bir ölkədə idarəetməyə və eyni zamanda iqtisadi resurslara kənardan birisinin yaxın düşməsi mümkün deyil. Gənc və enerjili vəliəhdin təmizləmə və yenidənqurma işini çətinləşdirən əsas məsələ də budur. O, bir yerdə böyüdüyü, qohumluq əlaqələri ilə bağlandığı insanları indi həbsə atdırmalı, var-dövlətini əlindən almalı və hətta ciddi müqavimət göstərəcəyi halda aradan götürməlidir. Daxili siyasət və iqtisadiyyatın yeni düzənə salınması tədbirləri hələ aysberqin görünən hissəsidr. Məhəmməd Bin Salman eyni zamanda ölkənin xarici siyasəti və dini ideologiyasında da reformalar aparmaq niyyətindədir. İdeologiya və din sahəsində bu gün Krallıqda baş verən hadisələr, insanların İslam və şəriət adı altında buxovlanması MBS-in müdaxilə etmək istədiyi növbəti hədəfdir. Riyadda investorlar qarşısında çıxış edərkən o bildirmişdir " Biz əvvəlki dövrümüzə - mötədil İslamın hakim olduğu dövrə qayıdırıq, hardakı bütün dinlərə və ölkələrə açıq idik... 30 ildə bizim ölkəmizdə baç verənlər bizim tariximiz deyil." Onun sözlərinə görə, tarixə ekskurs etdikdə 30 il bundan qabaq Səudiyyə Ərəbistanında nələrin, hansı hadisələırin baş verdiyini və bu hadisələrin krallığın tarixində necə iz buraxdığını müşahidə etmək mümkündür: "30 il bundan qabaq, daha dəqiq, 1979-cu ildə diqqətəlayiq iki hadisə baş verib. Bunlardan biri ölkə daxilində baş verən, ölkənin daxili siyasətinə təsir edən üsyan, ikinci isə Orta Şərq regionunda köklü dəyişikliklərə gətirib çıxaran İran İslam İnqilabı. İkinci hadisə təkcə Səudiyyə Ərəbistanı deyil, regionda mövcud olan ölkələrin istisnasız olaraq hamısının xarici siyasətinə ciddi təsir göstərmişdi. Səudiyyə Ərəbistanında baş verən üsyana gəlincə, həmin il ölkədə Səud xanədanı və Qərb nüfuzuna qarşı çıxışlar başlayır. Noyabrın 20-də əslən bədəvi ərəb olan və eyni zamanda Krallığın Milli Qvardiyasının keçmiş zabiti Cuhayman əl - Utaybinin başçılığı altında 500 silahlı şəxs Məkkədəki Böyük Məscidi işğal edir və bacısının əri Məhəmməd əl- Qəhtanini Mehdi və İslam dünyasını Qərb korrupsiyasından təmizləyəcək xilaskar elan edir. Böyük Məscid ətrafında və Məkkə şəhərində döyüşlər 20 gün davam edir, Səudiyyə təhlükəsizlik qüvvələri, ziyarətçilər və silahlılardan ibarət yüzlərlə insanın ölümü ilə nəticələnir.
Elə həmin il İranda İslam İnqilabının baş verməsi və inqilabın rəhbəri Xomeyninin Orta Şərq ölkələrinə nüfuz etmə haqqında bəyanatları Məkkə hadisələrinin tətikçisi şübhəsini İrana yönəldir. Baxmayaraq ki, İran özü həmin dövrdə çox böyük problemlər yaşayır və İslam dövlətinin möhkəmləndirilməsi uğrunda daxildə ölüm - dirim mübarizəsi aparırdı. Onun qonşu ölkələrdə bu tezliklə avantyuraya başlaması ağlabatan deyil. Eyni zamanda Məkkə əhalisi şiələri heç zaman əsil müsəlman kimi qəbul etməmişlər. Onların şiə dövlətinin göstərişi ilə hərəkət etmələri versiyası da  heç bir məntiqə sığmır. Xomeyni də öz növbəsində Məkkə hadisələri ilə bağlı Qərbi, xüsusilə Amerikanı günahlandırdı. Bir qədər əvvələ nəzər saldıqda görürük ki, 70-ci illər Krallıqda təlatümlü olub. 1975-ci ildə Kral Faysal ( hakimiyyət illəri1964-1975) krallığı modernləşdirmək istiqamətində addımlar atmağa başlamış və televiziya verilişləri, ümummilli təhsil proqramları, qız məktəbləri və digərləri kimi bir sıra tədbirlər həyata keçirmişdi. Bu müasirləşmə təşəbbüsləri təbii ki, ölkədəki dini qurumların ürəyincə deyildi. Onlar sonda nüfuzlarının və hakimiyyətlərinin itəcəyi təhlükəsi ilə üzləşəcəklərini başa düşürdülər. Məkkədə üsyan və İran İslam İnqilabı Kral Faysalın başladığı modernləşmə tədbirlərinin yarıda kəsilməsi və ölkənin geriyə qaytarılması ilə nəticələndi.Ölkədə əvvəllər mövcud olmayan ciddi dini qaydalar tətbiq olunmağa başladı, dini qurumların səlahiyyətləri artırıldı, Vəhhabi-Sələfi ideologiyasının gücləndirilməsi və bütün dünyada yayılması üçün vəsaitlər artırıldı. Səudiyyə Ərəbistanı bir onilliyin içərisində konservatizmdən ultrakonservatizmə yuvarlandı. Sonrakı illər Orta Şərqdə siyasi mübarizə qızışdıqca monarxiya insanları daha çox əsarətdə saxlamaq üçün dinin rolunu daha da artırdı və dini təşkilatları gücləndirdi. Bu gün din və xurafat bu ölkəni bürüyüb və köklü dəyişikliyi qaçılmaz edib. Ona görə də MBS 30 illik qısa bir dövrü ölkəsinin tarixindən silib atmaq istəyir və düşünür ki, bununla istədiyinə nail olacaq. Bəs 250 illik vəhabi - Səud birliyi? Ondan necə əl çəkməli? Axı bu gün Səudiyyə Ərəbistanında mövcud olan hakimiyyət bu birliyin və razılaşmanın diqtəsi ilə idarə olunur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31