Kef məclisində Kərkükə ağlamaq

Somalidə uşaqlar acdır. Su tapmır. Bizimkilər kədərlənir. Kondisioner altında somalilərin dərdinə yanır. Uyğurlarla çinlilər qırğına çıxır. Qarşılıqlı bir-birlərinin dərisini soyur, asırlar, yeyirlər. Bizimkilər yenə kədərli. Videolar paylaşılır. Elçibəy dövründən bu günə kimi əlimizdə qalan şanlı Turan eli bayrağını Çinə sancamağa can atırıq. Yenə göz yaşı, kədər.

Somalidə uşaqlar acdır. Su tapmır. Bizimkilər kədərlənir. Kondisioner altında somalilərin dərdinə yanır. Uyğurlarla çinlilər qırğına çıxır. Qarşılıqlı bir-birlərinin dərisini soyur, asırlar, yeyirlər. Bizimkilər yenə kədərli. Videolar paylaşılır. Elçibəy dövründən bu günə kimi əlimizdə qalan şanlı Turan eli bayrağını Çinə sancamağa can atırıq. Yenə göz yaşı, kədər.
Biz bütün yayı Nabranda, Antalyada, Tbilisidə soyuq koka-kola içə-içə Arakan müsəlmanlarına ağladıq. Myanmar hökumətini asıb-kəsdik. 

Kərkük bizim üçün "Evlərinin önü yonca" mahnısıdır. Kərkük bizim üçün "Vətən, Millət, Sakarya" söhbətlərinin tüğyan etdiyi məclislərin sağlığına içdiyimiz nəsnədir. Görmədiyimiz, tanımadığımız Kərkük bizə türkçülük, turançılıq ideyalarını Bakıda qazanc mənbəyinə çevirmək üçün vasitədir. Kərkük bizim dərdimiz-filanımız deyil. 

Osmanlı Səfəvilərə hücum edir, Kərkükü torpaqlarına qatır. Di gəl ki, Türkiyə Cümhuriyyəti qurulanda bu yerlərdə artıq Kərkük adlı vilayət yox idi. Türk bu torpaqlar üzərində hökmranlığını çoxdan itirib. Lakin bizi bu reallığa dünya birliyi yığışıb inandıra bilmir. Biz uyğurun dərdinə uyğurdan, kərküklünün dərdinə kərküklüdən çox ağlayan olmuşuq. 

İki dərd bir dərdi silir...

Xəritədə Kərkükü göstərə bilməsək də, Kərkük üçün Bakıda qırğın edirik. "Qızıl taxtda oturub, afrikalı uşaqlar üçün ağlamaq da istedaddır". Bu cümləni illər əvvəl Dieqo Armando Maradona Roma Papası üçün demişdi. Futbolçu onun göz yaşlarının səmimiliyinə inanmamışdı. İndi mən də özümü nə qədər məcbur edirəm, başqa xalqlar üçün ağlayan gözlərinizə inana bilmirəm. Afrikalılara ağlamaq sizə Xocalınımı unutdurur? 

İnsan mahiyyət olaraq başqalarının dərdinə ağlamağa, eyni zamanda daxilən sevinib, öz dərdinə şükür eləməyə meyillidir. Belə olmasaydı, qızıl onluqlarda damar, qan damlayan mahnılar birinci olmazdı. Belə olmasaydı, el qızlarımız Xoşqədəm Hidayətqızının qəhrəmanlarına baxıb hönkür-hönkür ağlamazdı. İnsanları sevinc yox, kədərlə idarə etmək daha asandır. Başqasının kədərinin maqnit gücü evdə yaşayan vəhşi varlığı - insanı daxilən sevindirir. 

Urfalı evində kababını bişirir, mardinli turşusunu qoyur, istanbullu alverini edir. Bakılı isə hazırda Kürdüstan dərdinə yanır. Türkiyənin parçalanmağını özünə dərd edir. Ağlayır, lənətləyir. Etnik problemi olmayan, hər cür milləti özümüzdən sayan insanlar kimi etnik problemi bizə yaddır. Biz fikirləşirik ki, necə ki ancaq Quba kimi bir rayonda 15-ə yaxın xalqın nümayəndəsi sülh və əminamanlıq içində yaşayırsa, hər yerdə belədir. Türkiyədə kürd problemi 40 ildən çoxdur ki, davam edir. Separatizmdən əziyyət çəkən ölkə kimi bu məsələyə həssaslığımız da başadüşüləndir. Ancaq vallah ki, bu mövzu da bizi Qəbələdə, Şəkidə, Tərtərdə, Ucarda, Ağcabədidə içməli suyun qeybə çəkilməyi qədər narahat etməməlidir. 

Böyük qardaş sindromu

Türk olmaq, tüklüyü sevmək kürdə, ləzgiyə, talışa, yəhudiyə nifrət haqqı tanımır. Azərbaycan müxtəlif xalqların eyni orqanizm kimi yaşadığı yerdir. Problemsiz, kinsiz, fərq qoymadan. Sovet İttifaqının tərkibində yaşamaq, Moskvanı, rusu "böyük qardaş" hesab etməyimiz bizi kompleksləşdirib. Çiyninə başımızı qoymağa qardaş axtarırıq. Türkiyə bizim ən yaxın mütəffiqimizdir. Çoxsaylı xalqları özündə birləşdirən ölkədir. Türkiyə yalnız türklərdən ibarət deyil. 

Düşmənimiz kimdir?

Erməni, Ermənistan uşaq qatilidir. İnsan haqları anlayışı olmayan millət və dövlətlə bağlı hisslərimiz Azərbaycanın ərazi bötövlüyü tanınana qədər əbədirir. Bizim torpağımızı işğal edən, qızlarımızı əsir götürən, uşaqlarımızı diri-diri yandıran ermənidən başqası deyil. Azərbaycan bütün xalqlar və millətlərlə əminamanlıq münasibətində olan, separatizmə qarşı dövlətdir. 

Səmimi qəlbdən inanırıq ki, dünya birliyi müsəlmanlara, türklərə qarşı birləşib. Hamının məqsədi bizi qırmaqdır. Dünyada yer üzündə nə qədər susuz torpaq varsa, hamısı biz türklərindir. İnanırıq, "bizimdir" deyirik. Olana belə sahib çıxıb inkişaf etdirməyə şüurumuz çatmır. Hamı bizə düşməndir, hamısını edən isə alçaq masonlardır.

Yenə kədərli sentyabr səhəri doğma xalqımın Kərkük dərdini, uyğur ağlaşmasını, peşmərgə hirsini oxuyuram. İnana bilmirəm ki, 20 faiz torpağı işğalda olan xalq bizik. Gözlərimin qarşısında Çingiz Mustafayevin "Hamınız qorxaqsuz, hamuvuz arvadsuz" deyib haray çəkdiyi videogörüntülər canlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31