Qərbin böyük layihəsi olan Ərbil projesi

Son illər referendum sözü ən aktual ifadəyə çevrilib. Bir ölkənin Avropa Birliyindən çıxmasından tutmuş, hansısa separatçı qurumların özünü muxtar elan etməsinə qədər bütün məsələlər bu gün referendum yolu ilə həllini tapır.

Əli Əliyev: "Anti-Türk siyasətinin müəllifləri bu referendum vasitəsilə Türkiyəni, İranı, xüsusilə də Azərbaycanı təhdid edəcək bir iş başladıblar"

"Ərbil referendumunun bir təhlükəli tərəfi də Qarabağ üçün presedent yaratmaqdır"

Son illər referendum sözü ən aktual ifadəyə çevrilib. Bir ölkənin Avropa Birliyindən çıxmasından tutmuş, hansısa separatçı qurumların özünü muxtar elan etməsinə qədər bütün məsələlər bu gün referendum yolu ilə həllini tapır. Bəzi ölkələrdə isə referendum ölkə konstitusiyasına əlavə və dəyişikliklər etmək məqsədi, ölkənin daha demokratik yolla inkişafı üçün həyata keçirilir ki, bu da cəmiyyət, ölkə vətəndaşları tərəfindən müsbət qarşılanır. Keçən ilin oktyabrında Azərbaycanda, bu il isə Türkiyədə baş tutan ümumxalq səsvermələrini misal göstərmək olar. Yaxud yaxın tariximizdə Böyük Britaniyanın AB-dən çıxması, Türkiyə Konstitusiyasına edilən dəyişikliklər, ən son Şimali İraqda kürdlərin muxtariyyəti ilə bağlı təşkil edilən referendumlar bunun əyani sübutudur. Hazırda isə İspaniyanın Kataloniya vilayətində müstəqillik referendumuna hazırlaşırlar. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyir ki, İspaniyada referendum öncəsi maraqlı hadisələr cərəyan edir. Onun sözlərinə görə, Kataloniya separatçıları son iki ildə artıq ikinci dəfədir ki, Krallıqdan ayrılmaq üçün xalq səsverməsi təşəbbüsünü ortaya atıblar: "1 oktyabr tarixində "Kataloniyanın müstəqil Respublika olmasına razısınızmı?" sualı ilə keçirilməsinə hazırlaşılan plebestit, Avropanın sütun dövlətlərdən birinin çökməsinə gətirə bilər. Maraqlısı, rəsmi Madridin dinc səsvermə aksiyasına göstərdiyi sərt reaksiyadır. Hökümət başçısı Rahoy durmadan separatçıların İspaniya qanunlarına zidd hərəkət etdiklərini, dövlətə qarşı olduqlarını bəyan edir, bütün hüquqi mexanizmləri işə salmaqla yanaşı, artıq ordunun prosesə cəlb edilməsi ilə qadağalar tətbiq etməyə başlayıb. Kataloniyanın böyük şəhərlərinə ordu hissələri gətirilir. Demokratiya beşiyi sayılan Avropada dinc şəkildə separatizm nümayiş etdirənlərə belə şiddət göstərildiyi halda, Azərbycanı parçalamağa çalışan erməni separatçılarına qarşı bizim haqlı və onlar misalı güc tətbiqatımıza niyə əngəl olmağa çalışırlar? Separatizm İspaniyada pis, Azərbaycanda yaxşı əməl ola bilərmi?". Əli Əliyev hesab edir ki, İraq kürd muxtariyyatının yaradılması ilə bağlı keçirilən səsvermə qədim Azərbaycan ərazilərinin üzərində Kürd dövlətinin qurulması təşəbbüsüdür: "Kərkük və Mosul Azərbaycan coğrafiyasının bir parçası, tarixi Vətənimizdir. Təəssüf olsun ki, Ərdoğan zamanında təklik olunarkən ABŞ-la birlikdə İraqa girməkdən boyun qaçırdı. Sonradan Bərzani vasitəsilə kürd toplumuna təsir rıçaqları əldə etmək istəklərinin də puç olduğu ilə üz-üzəyik. 
Qərbin böyük layihəsi olan Ərbil projesi bölgə üçün ciddi problemlər yarada biləcək. Anti-Türk siyasətinin müəllifləri bu referendum vasitəsilə Türkiyəni, İranı, xüsusilə də Azərbaycanı təhdid edəcək bir iş başladıblar. Bizdən fərqli olaraq Türkiyə və İran güclü haldadırlar. Onlar həm PKK, həm də PEJAK-a layiqli cavab verə bilirlər. Azərbaycan ərazilərinə iddialarına baxmayaraq, rəsmi Bakı hələ susqunluq nümayiş etdirir. Artıq dövlət qurumlarında çalışanıların ilkin reaksiyaları gəlməkdədir. Açıq şəkildə Dövlətimizi təhdid edən aksiyaya bəzi qurumlarda çalışanlar açıq dəstək nümayiş etdirirlər. İndi gör gizlində nə qədər sevinən, Öcalanın sağlığına badə qaldıranlar var məmləkətdə. 
Ərbil referendumunun bir təhlükəli tərəfi də Qarabağ üçün presedent yaratmaqdır. Yaddan çıxarmaq olmaz ki, bizə sırınan Madrid prinsipləri Ərbilsayağı referendumu nəzərdə tutur. 5 rayon müqabilində Dağlıq Qarabaq, Kəlbəcər, Laçın birdəfəlik ermənilərə müstəqilliklə birlikdə hədiyyə ediləcək. Belə referendumdan sonra Dağlıq Qarabağa beynəlxalq hərbi kontingent zəmanət verəcək və Azərbaycan silahlı qüvvələrinin orada əməliyyat aparması qeyri mümkün olacaq. Bərzaninin keçirdiyi referendumun bu mənfi potensialı da bizim üçün təhlükə mənbəyidir. Hələ tarixi ərazilərimizdən savayı, bu günkü torpaqlarımızda da kürd dövlətinin uzantılarının nəzərdə tutulması öz yerində".

Məhəmməd 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31