Amerika və Rusiya Suriyada qarşı-qarşıya

Suriyada vəziyyət yenidən öz gərginliyi ilə diqqət çəkməkdədir. Keçən ilin sonlarında Suriyadakı qarşı duran tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasından sonra ilk dəfədir ki, bu ölkədə kütləvi qətliam həyata keçirilir.

Yeni müharibə ehtimalı artır

Suriyada vəziyyət yenidən öz gərginliyi ilə diqqət çəkməkdədir. Keçən ilin sonlarında Suriyadakı qarşı duran tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasından sonra ilk dəfədir ki, bu ölkədə kütləvi qətliam həyata keçirilir. Düzdür, sözügedən atəşkəs razılaşması Suriyaya arzuedilən sülh və sabitliyi gətirmədi. Amma ötən müddət ərzində Yaxın Şərqin müharibə ocağı sayılan bu ölkədə əvvəlki illərdən fərqli olaraq proseslərin bir qədər səngiməyə doğru getdiyi müşahidə edilirdi. Və həm müxalifət, həm də Əsəd güclərinin əsas mübarizəsi İraqdakı hərbi əməliyyatlardan qaçaraq Suriyaya soxulmuş İŞİD terror qruplaşmasına qarşı yönəlmişdi. Hazırda isə proseslər dəyişib. Hər şey də Kremlə arxayın olaraq Bəşər Əsədin yenidən öz xalqına qarşı kimyəvi silah işlətməsindən sonra başladı. Daha dəqiq desək Əsədin hər zamanki kimi çılğınlığı, qeyri-insani davranışları Suriya ətrafındakı prosesləri sürətləndirdi. Artıq xəbərlərdən də aydın olduğu kimi Birləşmiş Ştatlar da Suriyaya qarşı hərbi müdaxiləyə start verib və aprelin 7-dən etibarən Əsəd rejimi tərəfindən kimyəvi silahların saxlanıldığı və istifadə edildiyi hərbi bazalar Pentaqon tərəfindən raket zərbələrinə məruz qalıb. Birləşmiş Ştatların Suriyaya qarşı başlamış olduğu hərbi əməliyyatlar isə başından bəri Əsədə dəstək nümayiş etdirən, bunun qarşılığnda isə Suriyanı nəzarətdə saxlamağa çalışan Rusiyada ciddi etiraz yaradıb. Görünən odur ki, uzun müddətdən bəri proqnozlaşdırılan Birləşmiş Ştatlar-Rusiya qarşıdurması məhz Suriyada gerçəkləşəcək. Çünki artıq şimal qonşumuz da bölgəyə əlavə hərbi qüvvə cəlb etməyi qərarlaşdırıb.

Cərəyan edən prosesləri təhlil edən ekspertlər hesab edirlər ki, Suriyada Amerika və Rusiyanın qarşı-qarşıya gəlməsini proqnozlaşdırmaq çətin idi və belə bir ehtimalın baş verməsi bir qədər inandırıcı görünmürdü. Çünki Donald Trampın yeni Ağ Ev rəhbəri seçilməsindən sonra Vaşinqtonla Moskva arasında uzun müddədən bəri sərinləşən münasibətlərdə bir qədər istiləşmə müşahidə edilirdi. Hətta Rusiya və Türkiyənin Qazaxıstanda Suriya probleminin həlli ilə bağlı təşkil etdiyi görüşü də Birləşmiş Ştatlar müəyyən mənada anlayışla qarşılamışdı. İstər Donald Trampın Obamadan fərqli olaraq Rusiyaya qarşı bir qədər yumşaq mövqe ortaya qoyması, istər Kremlin Suriyada möhkəmlənməsini kənarda seyr etməsi Vaşinqtonla Moskva arasında buzların əridiyindən xəbər verirdi. Hətta yaxın vaxtlarda Tramp və Putinin görüşü də planlaşdırılırdı. İndiki halda tərəflərin qarşı-qarşıya gəlməsində müəyyən qaranlıq məqamların olduğu bildirilir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluda deyir ki, bir çoxları Birləşmiş Ştatlar prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə razılaşıb Suriyada birgə hərəkət etmək istədiyini söyləyirdi. Amma Birləşmiş Ştatlar Bəşər Əsədin hərbi mövqelərini bombalamaqla Kremllə münasibətləri korladı. Politoloqun sözlərinə görə, Əsəd rejimi və Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampa başqa seçim qoymadı: "Kreml Bəşər Əsədə dəstək

verəndə anlamalıydı ki, gələcəkdə bunun neqativ nəticələri olacaq. Birləşmiş Ştatların keçmiş prezidenti Barak Obama 4 il əvvəl demişdi ki, Əsəd kimyəvi silahdan istifadə etsə bu Vaşinqton üçün "qırmızı çizgi" olacaq və belə olan halda "biz onu cəzalandıracağıq!" Əsəd bu sözlərdən sonra kimyəvi sılahdan istifadə etdi. Amma Barak Obamanın tükü də tərpənmədi və sözü yerə düşdü. F aktiki Bəşər Əsəd bu yolla Barak Obamanı aşağıladı". Plitoloq bildirib ki, Donald Tramp isə Barak Obama olmaq istəmir: "Ona görə də Bəşər Əsədin kimyəvi silah tərbiyəsizliyinə dözmədi və açıq dedi ki, "qırmızı çizgilər" çoxdan açılışıb. Bu Bəşər Əsəd və Vladimir Putinə işarəydi ki, "məni hövsələdən çıxarmayın, mən sizin üçün Obama deyiləm". Əgər Donald Tramp kimyəvi silahdan istifadəyə reaksiya verməsəydi, bu onun super dövlətin başçısı kimi imicinə zərbə olardı. Donald Tramp düzgün taktika seçdi". Elxan Şahinoğlu onu da diqqətə çatdırıb ki, hazırda Rusiya mürəkkəb duruma sürüklənib: "Kreml Əsədə verdiyi dəstəyə görə Donald Trampla bəri başdan münasibətləri soyutdu, halbuki Vladimir Putinin ona ümidi var idi. Kreml sahibi Krım və Donbass məsələsində Donald Trampdan anlayış gözləyirdi. Kreml Ukraynadakı möveyini də Əsədə qurban verir. Bundan başqa Rusiya Əsədə görə tərəfdaşları olan Türkiyə və İsraillə də qarşı-qarşıyadır. Çünki hər iki dövlət Trampın son addımını dəstəkləyiblər. Guya Kreml Əsədin bütün kimyəvi silahlarını toplamışdı. İndi bəlli olur ki, ya Kreml səhlənkarlıq edib, bütün kimyəvi silahları toplamayıb, ya da Əsədin əlində bir miqdar kimyəvi silahın varlığına göz yumub. Nə olursa-olsun, Suriyada dinc sakinlərin qətlinə görə Kreml də məsuliyyət daşıyır. Bu cür vəziyyətdə Bəşər Əsədlə silahlı müxalifət arasında atəşkəsə riayət etmək çətin olacaq. O ki qaldı, Vaşinqtona, Tramp hələ ki, quru qoşunlarını Suriyaya göndərməyəcək. Ancaq bütün halda Donald Tramp birinci addımını atdı və əgər Bəşər Əsəd yenə kimyəvi silahdan istifadə edərsə, Amerika raketləri yenə Suruiya ordusunun mövqelərini bombalayacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31