“ABŞ Güləni öldürəcək” – AKP-çi deputatdan ŞOK İDDİA

"ABŞ dövləti bir gün Fətullah Güləni özü öldürəcək".

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Zehra Taşkesenlioğlu telekanalda canlı yayımda çıxış edərkən bəyan edib.

Deputat deyib ki, Fətullah Gülən ABŞ tərəfindən hazırlanan layihədir:

"Təsəvvür edin ki, mən miqrantam və ABŞ-ın nüfuz etdiyi ölkələrdə, o cümlədən Filippində gedib məktəb açmaq istəyirəm. Mənə əsla icazə verməzlər. Mənə deyərlər ki, get ağılını başına topla, məktəb açmağı da unut! Ancaq Fətullah Gülən ABŞ-ın nüfuz etdiyi bütün ölkələrdə istədiyi qədər məktəblər açır, ona heç kəs bir söz demir. Bütün bunlar onu göstərir ki, Fətullah Gülənin ipi ABŞ-ın əlindədir. ABŞ "Əl Qaidə" kimi, "FETÖ"-nü da bəsləyib xarici ölkələrə qarşı istifadə edir".

AKP-çi deputat Türkiyənin müstəqilliyinin və təhlükəsizliyinin qarantını prezidentlik üsul-idarəsində gördüyünü söyləyib:

"Çox təəssüf ki, indiyədək parlament idarəetmə sistemi çərçivəsində Türkiyədə 65 hökumət qurulub. Həmin hökumətlərin ömrü orta rəqəmlə cəmi 17 ay sürüb. Yeganə AKP hökumətidir ki, iqtidarda uzun müddət qala bilib. Digər hökumətlər isə 9-10 ay ömür sürüblər. Körpə uşaq belə 9 ay 10 gündə doğulur. Buna görə də biz istəyirik ki, Türkiyədə prezidentlik idarəetmə sistemi qurulsun və Türkiyə daha da güclənsin". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31