Zukerberq Trampla görüşə getmədi - Donaldın evində "yığıncaq"
15 Dekabr 2016 14:31 DünyaABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nyu-Yorkda ölkənin ən böyük İT şirkətlərinin bəzilərinin rəhbərləri ilə görüşüb.
Milli.Az ABC-yə istinadən bildirir ki, Facebook sosial şəbəkəsinin banisi və rəhbəri Mark Zukerberq görüşə qatılmayıb. O, görüşə Facebook-un əməliyyat direktoru Şeril Sandberqi yollayıb.
Trampla görüşdə Apple-in baş direktoru Tim Kuk, Microsoft-un baş direktoru Satya Nadella, Google-un "ana şirkət"i olan Alphabet-in rəhbəri Larri Peyc, Amazon.com-un sahibi Ceff Bezos, Tesla Motors-un rəhbəri və Donald Trampın müşaviri təyin olunmuş İlon Mask, Oracle-ın baş direktoru Safra Kats, habelə Trampın övladları Donald, İvanka, Erik və yeni prezidentin bir sıra müşavirləri iştirak ediblər.
Görüş əsnasında ABŞ-ın kibertəhlükəsizliyinin möhkəmləndirilməsi, Çin bazarına girişin artırılması, ABŞ şirkətlərinin xaricdə əldə etdikləri gəlirlərin ölkəyə qaytarılması və s. məsələlər müzakirə olunub.
"Bu otaqdakıların şirkətləri seçkilər ərəfəsində məni bərk tənqid edirdilər. İndisə ümid edirəm ki, məni bəyənməlisiniz", - Tramp görüş əsnasında deyib.
İT nəhənglərin rəhbərləri görüşdən sonra jurnalistlərin suallarını cavablamaq istəməyiblər.
Görüşün başlıca məqsədlərindən biri ABŞ-da vergi islahatlarının müzakirəsi idi. Donald Tramp İT şirkətlərinin ölkə xaricində əldə etdikləri milyardlarla dollarlıq gəlirləri Birləşmiş Ştatlara qaytarmaq istəyir. İndi ABŞ-dakı İT şirkətlərinin əksəriyyəti pulları xaricdə saxlayırlar. Məsələn, Apple-in maliyyə vəsaitinin 91 faizi ABŞ sərhədlərindən kənardadır.
ABŞ-dakı prezident seçkiləri ərəfəsində ölkədəki məşhur İT şirkətlərdən 140-ı birgə bəyanat imzalayaraq Donald Trampın namizədliyinə qətiyyətlə etiraz etdiklərini bildirmişdi.