Həmsədr dövlətdən təcavüzkara hərbi dəstək 

Rusiya prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Birləşmələrinin yaradılması haqda bir müddət öncə əldə olunan razılaşmanı imzalamaq haqqında sərəncam verib. Sərəncama əsasən, Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi müqavilənin imzalanması üçün Ermənistanla danışıqlar aparmalı və razılaşma imzalanmalıdır. Vahid Ordu Birləşmələri dinc şəraitdə Ermənistanın Baş Qərargahına, müharibə şəraitində isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə tabe olacaq. Bu, faktiki olaraq, Rusiyanın Ermənistanda hərbi gücünü artırması və ümumilikdə bölgədə möhkəmlənməsidir.

Ekspert: "Bu disbalansın qarşısını almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaqdan keçir"

Rusiya prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Birləşmələrinin yaradılması haqda bir müddət öncə əldə olunan razılaşmanı imzalamaq haqqında sərəncam verib. Sərəncama əsasən, Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi müqavilənin imzalanması üçün Ermənistanla danışıqlar aparmalı və razılaşma imzalanmalıdır. Vahid Ordu Birləşmələri dinc şəraitdə Ermənistanın Baş Qərargahına, müharibə şəraitində isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə tabe olacaq. Bu, faktiki olaraq, Rusiyanın Ermənistanda hərbi gücünü artırması və ümumilikdə bölgədə möhkəmlənməsidir. Razılaşmanın məhz indi, Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başladığı dövrdə gündəmə gəlməsi də diqqət çəkir. Maraqlıdır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiyanı bu addımı atmağa nə vadar edib? Həmsədr ölkənin münaqişə tərəflərinin biri ilə hərbi əməkdaşlıq etməsi, daha doğrusu vahid ordu birləşməsi yaratmaqda əsil məqsəd nədən ibarətdir? Bu, həmsədr ölkə tərəfindən birbaşa təcavüzkar dövləti dəstəkləmək deyilmi? Bu və ya digər suallara aydınlıq gətirməyə çalışan rusiyalı hərbi ekspert Vladislav Şurıqin Rusiyanın əsas hədəfinin NATO olduğunu açıqlayıb: "Faktiki olaraq, birləşmiş ordu mövcuddur, çünki Ermənistan ərazisində Rusiya hərbi bazası var. Lakin indi söhbət iki ölkə arasında hərbi ittifaqdan gedir. Bu, onu göstərir ki, Rusiya cənub sərhədlərində öz maraqlarını müdafiə etməyə hazırlaşır. Amma burada əsas məsələ Dağlıq Qarabağ deyil. Rusiyanın hədəfi başqadır: regionda sabitliyi saxlamaq. Bununla yanaşı, Gürcüstanın NATO-ya daxil olmağa hazırlaşması təxmin etməyə imkan verir ki, ittifaqın hərbi bazaları tezliklə bu ölkədə yaradılacaq. Fikrimcə, Rusiya və Ermənistan qoşunlarının birləşmiş ordusu lazım olanda NATO-nu bölgədə sıxışdıracaq". Rusiyalı politoloq Vadim Muxanov isə hesab edir ki, əsas hədəf Qarabağda müharibənin qarşısını almaqdır: "Birləşmiş ordunun yaradılması regionda hərarəti soyudacaq və Qarabağda hərbi toqquşmaların qarşısını almağa kömək edəcək". Ancaq nədənsə, rusiyalı politoloqun açıqlamalrı boğazdan yuxarı deyilmiş sözlərə oxşayır. Əgər onun təbirincə desək ki, "Rusiyanın belə bir addım atmaqda əsil məqsədi regionda sabitliyi təmin etməkdirsə", nədən hərbi əməkdaşlığı birtərəfli qaydada aparır? Hərbi bazalarını təczvüzkar ölkədə yerləşdirir? Deməli, Rusiya bu addımlı Ermənistanı dəstəklədiyini açıq-aydın nümayiş etdirir. "Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, aprel döyüşlərindən sonra Azərbaycanın hakim dairələrində və cəmiyyətinin bir hissəsində belə bir təəssürat yarandı ki, hərbi toqquşmanın genişlənməsi pesrpektivi Rusiyanı narahat etdiyindən Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. "Bunun üçün ilk addım olaraq Kreml Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Əsası olmayan bu proqnozlar doğrulmadı. Əksinə Rusiya hakimiyyəti iki addımı ilə Azərbaycan-Ermənistan qarşıdurmasında birmənalı ikincini dəstəklədi. Rusiya birinci addım olaraq Ermənistana "İsgəndər" raketləri göndərdi ki, hərbi balansda Ermənistan Azərbaycana məğlub olmasın. Rusiya ikinci addım olaraq Ermənistanla birgə qoşun birlikləri yaratdı. Faktiki bu o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək". E.Şahinoğlu hesab edir ki, bu iki addım Azərbaycana qarşıdır. "Rusiya bu addımları ilə sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünü təminatında marağı yoxdur. Ermənistanın Rusiyadan aldığı hərbi dəstəyi belə oxumaq lazımdır: "Bizə güvənərək işğalçı siyasətinizi davam etdirə bilərsiniz". Bundan sonra Ermənistan hakimiyyətinin danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağını gözləmək əbəsdir". Politoloq vurğulayıb ki, Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərdə problem yaşamaq istəmir: "Bu anlaşılan siyasətdir. Rusiya təhlükəli qonşudur, yaxın 10 il ərzində Gürcüstan və Ukraynanı parçalayıb. Bu amillər nəzərə alınmalıdır. Ancaq bu o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır. Məsələn, Putinin Ermənistanla birgə qoşun birliklərini yaradılmasını planlaşdıran sazişə imza atmasından sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi yayınlanır və həmin müsahibədə Rusiya Azərbaycanın strateji tərəfdaşı adlanır. Rusiyada Məmmədyarovun bu cümləsini belə anlayacaqlar ki, "biz Ermənistana istənilən hərbi dəstək versək də rəsmi Bakı buna səsini çıxarmayacaq". Onun sözlərinə görə, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək rəsmi Bakını balanslaşdırılmış xarici siyasətə göz gəzdirməyə məcbur etməlidir: "Çünki, belə görünür ki, Ermənistanla növbəti hərbi toqquşma apreldəkinə bənzəməyəcək. Ermənistan hakimiyyəti əlindən gələn hər şeyi edəcək ki, Rusiya Ermənistan tərəfdən bu və ya digər şəkildə toqquşmalarda iştirak etsin. Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çala bilər, ancaq təkbaşına Rusiya-Ermənistan hərbi maşını ilə savaşmaq problematikdir. Bu disbalansın qarşısını almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaqdan keçir". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31