Ermənistandakı daxili siyasi vəziyyətin Qarabağ probleminin həllinə təsiri
Ermənistanda daxili siyasi vəziyyət hər ötən gün daha da gərgin xarakter alır. İyulun 17-dən müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azad edilməsi tələbi ilə polis idarəsinə edilən silahlı hücum və bunun ardınca paytaxt İrəvanda keçirilən kütləvi aksiyalar Sərkisyan hakimiyyəti üçün əməllicə başağrısına çevrilib.
27 İyul 2016 14:58 DünyaSərkisyan çətin seçim qarşısında qalıb
Ermənistanda daxili siyasi vəziyyət hər ötən gün daha da gərgin xarakter alır. İyulun 17-dən müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azad edilməsi tələbi ilə polis idarəsinə edilən silahlı hücum və bunun ardınca paytaxt İrəvanda keçirilən kütləvi aksiyalar Sərkisyan hakimiyyəti üçün əməllicə başağrısına çevrilib. Belə ki, ilkin mərhələdə hakimiyyət əleyhinə keçirilən aksiyalar Sərkisyanın Dağlıq Qarabağ problemi ətrafında keçirilən danışıqlar prosesindən yayınmasına kömək etsə də, lakin son günlər İrəvanda müntəzəm olaraq eşidilən atəş səsləri Sərkisyanı kifayət qədər sarsıldıb. Artıq xalq kütlələrinin də silahlı qruplaşmalara dəstək nümayiş etdirməsi müşahidə edilir ki, bu da mövcud hakimiyyət üçün yaxşı heç nə vəd etmir. Sərkisyanın etiraz aksiyasını güc yolu ilə dağıtmaq imkanları da demək olar ki, məhdudlaşdırılıb. Belə ki, hadisələrin ilk günüdən Birləşmiş Ştatların dövlət katibinin Ermənistan hakimiyyətini təmkinli olmağa çağırması Sərkisyanın demək olar ki, əl-qolunu bağlayıb. İndi Ermənistan prezidenti iki çətin seçim qarşısında qalıb. Birincisi, ya silahlı qruplaşma və digər etirazçıların tələbini yerinə yetirib Səfilyanı azad etməli, eyni zamanda hakimiyyətdən uzaqlaşmalı, ya da güc vasitəsindən istifadə edərək etirazı qan tökməklə yatırmalıdır. Ümumilikdə isə, hər iki hal Sərkisyanın hakimiyyətdən getməsi ilə nəticələnəcək. Çünki Ermənistan prezidentinə okeanın o tayından verilmiş "təmkinli ol" tapşırığına əməl edilməsə, bu dəfə Birləşmiş Ştatlar Sərkisyanı arzuedilməz şəxs hesab edəcək.
Bütün halda Ermənistanda hazırkı situasiyada daxili siyasi vəziyyətin gərginləşməsi Azərbaycanın maraqlarına ziddir. Belə ki, aprel döyüşlərindən sonra Ermənistan Azərbaycan qarşısında duruş gətirə bilməyəcəyini dəqiqləşdirdi və danışıqlar prosesinə həmişəkindən daha çox maraq göstərdi. Hətta işğal altında olan rayonlardan silahlı birləşmələrinin çıxarılması da müzakirə mövzusu idi. Ona görə də indiki halda Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi Dağlıq Qarabağ probleminin həılini yenidən dalana dirəyə bilər.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyədə hərbi çevrilişə cəhd və Ermənistanda silahlı üsyan nəticəsində yaranmış daxili siyasi gərginlik Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarında müəyyən nisbi fasilə yaradıb: "Danışıqlarda fasilə yaranması isə cəbhədə əksinə yenidən düşmən tərəfindən atəşkəsin pozulmasına gətirib çıxarır. Ermənistanda daxili siyasi stabilliyin gərgin məcrada qalması ilə düşmən tərəfin intensivləşən danışıqlardan yayınmaq cəhdi baş verə bilər. Yaxud yenidən Aprel döyüşlərinin təkrar olunması ilə nəticələnə bilər. Hazırda, cəbhə bölgəsində yenidən hərbi aktivlik artıb və Ermənistanın danışıqlarda güzəştə getməyəcəyi təqdirdə hərbi eskalasiyanın bərpa olunması istisna deyil". Politoloq hesab edir ki, hazırda, münaqişənin həlli variantında missiyanı həyata keçirən ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi şəkildə müsbət nəticə yoxdur: "Yalnız, şablon bəyanatlarla, Vyanada şifahi razılığa riayət olunmasını vurğulayırlar. Onsuz da bu institutun fəaliyyəti bundan o tərəfə keçə bilmir. Onlar atəşkəs çağırışı edərək Ermənistanın mövqeyi ilə üst-üstə düşən açıqlamalar verməklə məşğuldurlar. Minsk qrupunun fəaliyyəti hazırda fəaliyyətsiz, qıcıq doğuran bir situasiyaya gəlib. Bunun yalnız işi status-kvonu saxlamaq üçün tərəfləri görüş xatirinə görüşdürməkdən ibarətdir. Onlar yenidən turistik səfərlər arzusundadırlar". İnstitut rəhbəri qeyd edib ki, Azərbaycanın hazırda Türkiyə-Rusiya əlaqlərində müsbət atmosferin formalaşması fonunda danışıqlarda Qarabağ münaqişəsinin həlli istiqamətində gözləntiləri böyükdür: "Avqustun 8-də Rusiya prezidentinin Bakı səfəri və bu səfərdə Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda müsbət irəliləyişin olacağından asılı olmayaraq bir gün sonra gözlər Peterburqda Ərdoğan- Putin görüşündə olacaq. Putinin Bakıdakı görüşləri və Ərdoğanla keçirəcəyi danışıqlarda Qarabağ probleminin həllində Türkiyənin mövqeyi həlledici olacaq. Türkiyə hazırda Ermənistanla sərhədləri açmaq üçün tez bir zamanda Ermənistanın müəyyən əraziləri boşaltmasını Rusiyadan istəyəcək". Politoloq hesab edir ki, iki liderin Peterburq görüşünün Cənubi Qafqazda və Yaxın Şərqdə gedən proseslərə müəyyən təsiri qaçılmazdı: "Əsas Azərbaycanı maraqlandıran Qarabağ məsələsidir ki, bu da iki liderin görüşündə masaya yatırılacaq. Ancaq həll variantı hansı istiqamətdə gedəcək bu çətin olaraq qalmaqdadır. Ərdoğan-Putin görüşü zamanı əsasən Suriyada gedən proseslər və iki ölkə arasında mövcud əlaqələri strateji səviyyəyə qaldırmaq müzakirə ediləcək: "Digər regional problemlər də müzakirə predmeti olacaq. Bakı və Peterburq görüşlərindən sonra isə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq, İlham Əliyev-Putin və Putin-Ərdoğan görüşlərinin sonucu, eləcə də Parisdə baş verəcək görüş isə həlledici məqamdı". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gərgin situasiyada keçə bilər və ciddi bir nəticələrin olacağı gözləniləndir: "Əgər Paris görüşündə rayonların qaytarılması tarix bəlli olmasa, Ermənistan yenidən öz tutduğu mövqedə qalarsa, cəbhə xəttində yenidən gərginlik artacaq. Yeni müharibə isə Rusiya və Türkiyə əlaqələrinin yenidən korlanmasına gətirib çıxara bilər. Müharibə yaxud sülh dilemması Cənubi Qafqazın hazırkı geosiyasi vəziyyətini əks etdirir. Üçüncü variantı isə Azərbaycan qəbul etməyəcək. Çünki 22-ildir danışıqlar prosesi Ermənistana verilən güzəştdir".
S.İsmayılbəyli