ŞOK TƏKLİF: Məscidlər yoxlanılsın
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkədəki bütün məscidlərin yoxlanılmasını məsləhət görüb.
14 İyun 2016 07:57 DünyaRespublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkədəki bütün məscidlərin yoxlanılmasını məsləhət görüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, milyarder bu fikri "Fox and Friends" telekanalına müsahibəsində deyib.
"Biz məscidlərin yoxlanılması məsələlərində çox qətiyyətli olmalıyıq", - Tramp hesab edir.
Bundan əvvəl isə o, CNN telekanalına müsahibəsində müsəlman icmasını ittiham edib. Onun sözlərinə görə, müsəlman icmasının üzvləri Orlando şəhərində gecə klubuna hücum edən Ömər Matinlə tanış idilər və onun qəddarlığa meyli haqqında hüquq-mühafizə orqanlarına danışmayıblar. Onun sözlərinə görə, baş vermiş hadisəyə görə məsuliyyət müsəlman icmasının bütün üzvlərinin üzərinə də düşür.
"Siz aşkar edəcəksiniz ki, onlardan bir çoxu - müsəlman icmasının üzvləri, keçmiş arvadı və başqaları Ömər Matinin axmaq olduğunu hiss edirdilər. Onlar belə insanları ələ vermirlər", - milyarder deyib.
Daha əvvəl isə milyarder dövlət başçısı Barak Obamanı istefa verməyə çağırıb. O, qeyd edib ki, Obama Amerika xalqının qarşısında etdiyi çıxışında hətta "radikal islam" sözlərini deməkdən imtina etdi.
"O, yalnız bu səbəbdən istefaya getməlidir", - Tramp vurğulayıb.
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gecə klubuna hücum olub. Hücumda 50 nəfər ölüb, 53-ü yaralanıb. Gecə klubuna hücum edən əfqan əsilli Ömər Matinin İŞİD terror təşkilatı ilə əlaqəsinin olduğu bildirilir. Qruplaşma verdiyi açıqlamasında hücuma görə məsuliyyəti üzərinə götürüb.