Uşaq 6 metrlik quyuya yıxıldı - Belə xilas etdilər VIDEO
17 May 2016 18:45 DünyaÇində növbəti dəfə nəzarətsiz qalan uşaq dərin bir quyuya düşüb. Daxili Monqolustan Muxtar vilayətində baş verən hadisə xilasetmə dəstələrini hərəkətə keçirib. Əraziyə gələn mülki müdafiə qüvvələri azyaşlını 6 metrlik quyudan çıxarmaq üçün dəridən-qabıqdan çıxıblar. Atv.az bildirir ki, beton quyunun diametri 60 santimetr olduğundan uşağı düşdüyü yerdən çıxarmaq vaxt aparıb. Sonda çarəsiz qalan xilasedicilər ən arıq əməkdaşı kəndirlə quyuya endirməyə qərar veriblər. Xilasedicinin quyunun ağzını tutması içəridə oksigen çatışmazlığına səbəb olacaqdı. Odur ki, mülki müdafiə qüvvələri mümkün qədər qısa zamanda uşağı quyudan çıxarmağa çalışıblar.
Xoşbəxtikdən xilasetmə prosesi zamanı hər hansı xoşagəlməz hadisə baş verməyib. Quyudan çıxarılan yaralı uşaq müayinə üçün xəstəxanaya göndərilib. Onun vəziyyətinin yaxşılaşdığı bildirilir. Uşağın valideyninin sözlərinə görə, həmin quyunun üstündəki qapağı kimsə götürübmüş. Həyətdə oynayan azyaşlı bu səbəbdən 6 metrlik dərinliyə yıxılıb.

