"ATƏT-in Minsk Qrupunda həmsədr olan ölkələrin sayı bu yaxınlarda arta bilər. Bu barədə təfərrüatlı danışmaq istəməzdim, çünki hələ tezdir". Ermənistan prezidenti Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanadan, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən İrəvana qayıdarkən təyyarəsində erməni jurnalistlərin suallarını cavablayarkən belə deyib. "Lragir"in verdiyi xəbərə görə, Ermənistan prezidentinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun müşahidə missiyasının heyəti keyfiyyət və kəmiyyət baxımından da dəyişəcək, müşahidəçilərin sayı artacaq. Minsk Qrupunun həmsədrləri bununla bağlı heç bir açıqlama verməyiblər.

Belədə, S.Sarkisyanın bəyanatının iki məzmunu ola bilər: Ermənistan prezidenti sadəcə, ATƏT-in Minsk Qrupunun müşahidə missiyasının tərkibinin böyüyəcəyini deyib, erməni mediası onu açıqlamasını yanlış interpretasiya edib və Minsk Qrupunda həmsədr olan ölkələrin sayı artmayacaq.
İkinci ehtimal isə S.Sarkisyanın Minsk Qrupunun mövcud formatından danışarkən "döyüşlə kəşfiyyat" etmək və bilərəkdən dezinformasiya yaymaq niyyətidir.
Çünki hazırda ABŞ, Rusiya və Fransanın həmsədr olduqları ATƏT-in Minsk Qrupunun böyüməsi, ora Almaniyanın da qatılacağı ilə bağlı ehtimallar olsa da, bu variant təkmil təsir bağışlamır.
Minsk Qrupuna İran və ya Türkiyənin qoşulması ilə bağlı proqnozlar isə illüziyadır: çünki İranın cəhdlərinin qarşısını ABŞ, Türkiyənin səylərinin qarşısını isə Rusiya alacaq.
İranın Cənubi Qafqazda təsir imkanlarını artırması Birləşmiş Ştatların geosiyasi maraqlarına cavab vermədiyi kimi, Türkiyənin də Minsk Qrupuna qatılması Rusiyanın bölgə ilə bağlı planlarına zərbədir.
Xatırladaq ki, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Azərbaycan və Ermənistandan ibarət ATƏT-in Minsk Qrupunun həmsədrləri hazırda İqor Popov (Rusiya), Pyer Andre (Fransa) və Ceyms Uorlikdir (ABŞ).