Jamalanın qələbəsi, İvetanın bayrağı, Səmranın paltarı...

İsveçin paytaxtı Stokholmda 61-ci dəfə təşkil edilən Avrovizion mahnı yarışması bitdi, bağlanış lenti də kəsildi. Amma söz-söhbət kəsilmədi və çox güman ki, hələ bir müddət davam edəcək. Özü də təkcə məişət və mətbuat çərçivəsində deyil, beynəlxalq səviyyədə danışılacaq. Bəs, nə baş verib ki, bu ilki yarışma belə geniş rezonansa səbəb olub?
Əslində heç nə və çox şey. Həmişə olduğu kimi yarış iştirakçıları oxudular, ölkələr də onlara xal verdi. Bu heç nədi, yəni ki, yarışın adi, normal qaydasıdı. Çox şey isə odur ki, ukraynalı tatar qızı Jamala qaydaları bir balaca pozaraq siyasi motivli mahnı oxudu, ən yüksək bal toplayaraq qalib oldu. Onun 2-ci dünya müharibəsi zamanı soydaşlarının kütləvi deportasiyasından bəhs edilən "1944" adlı mahnısı münsiflər heyəti ilə birlikdə tamaşaçılardan 534 bal topladı. Bax, məsələ də burda düyünə düşdü. Rusiya dövlət səviyyəsində bu qalibiyyəti ciddi qəbul etmədi, hətta rəsmilər mahnıya rişxənd etdilər. Rusların münasibəti başa düşüləndi. Həm Rusiyanın Ukraynaya qarşı düşmənçiliyi buna yol vermir, həm də manhıda birbaşa Rusiyanın Krım tatarlarını deportasiya etməsindən danışılır.
Bizim üçün isə bu yarışmada üç məsələ qıcıq yaratdı. Birincisi, erməni nümayəndəsinin qondarma "Dağlıq Qarabağ bayrağını" qaldırması və Ermənistanın öz təmsilçisinin arxasınca göndərdiyi təyyarədən sallanan plakatın üstündəki "Qarabağ" sözü, ikincisi, Jamalanın anasının erməni olması, üçüncüsü də Azərbaycan təmsilçisi Səmra Rəhimlinin geyimi.
Ermənistanın hərəkəti məlum: erməni milləti oyunbazlıqları və şarlatanlıqları ilə dünyada məşhurdu. Təmsilçilərinin qondarma "Dağlıq Qarabağ bayrağı"nı qaldırması, eləcə də final günü yarışın keçirildiyi "Qloben Arena"nın üstündə təyyarə uçurdaraq İveta Mikuçyanın adı, ürək işarəsi və "Qarabağ" sözləri yazılmış plakat sallamaqları dünyanın diqqətini özlərinə çəkməkdən başqa bir şey deyil. Yoxsa ki, Almaniyada yaşayan İvetaya Qarabağmı lazımdı? Bəlkə də heç bilmir ki, Qarabağ harda yerləşir. İkinci məqsədləri də aprelin əvvəlində Qarabağ döyüşlərində uduzduqlarının, itirdiklərinin əvəzini bu yolla çıxmaq istəyidi. Bəlkə buna ucuz bir hərəkət də demək olar. Çünki bu onlara heç nə vermədi. Yəqin biliblər ki, qalib ola bilməyəcəklər, ona görə də belə üsula əl atıblar - "desinlər ki, xaçaturun da xançalı var" misalı. Bu məsələ ilə bağlı Azərbaycanda haqlı olaraq etirazlar oldu, hətta onun yarışmadan
uzaqlaşdırılması tələbi ilə çıxış edənlər də oldu. Ancaq dünyada ikili standartların mövcud olduğu bir zamanda bu da reallaşmadı.
Ukrayna təmsilçisi Jamalanın qarışıqqanlı olması da cəmiyyətdə birmənalı qarşılanmadı. Saytlarda, sosial şəbəkələrdə bu xanım haqqında əsaslı-əsassız ittihamlar yazıldı. İnsanlar iki qrupa bölündülər. Bir qrup onun türklüyündən dolayı qürur duyaraq layiq olduğu qələbəsini təqdir etdi, ikinci qrup isə anasının erməni olmasını qabardaraq birinciliyinə kölgə salmağa çalışdı. Xeyli sayt daha irəli gedərək Jamalanın dilindən bu fikirləri gündəmə gətirdi: "Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Qələbəmi ermənilərə həsr edirəm"... Şəxsən mən bu sözləri oxuyanda dəhşətə gəldim. Düşündüm ki, ola bilsin ki, bu adam tatar deyil, damarları ilə türk qanı axmır, bəlkə də yüzdə yüz ermənidir. Əks halda Avropa musiqi arenasına çıxan bir türk millətindən, kökündən niyə imtina etsin? Yaxşı ki, bu məsələdə televiziya kanalları təmkin nümayiş etdirərək əks təbliğata, yalan informasiyalara uymadılar.
Sonra da məlum oldu ki, Ukraynanın tanınmış opera və caz müğənnisi olan Jamala belə bir müsahibə verməyib, tamamilə uydurma imiş. Erməni saytlarında da Jamalanın adından belə bir açıqlama yayımlanmadı. Əgər ifaçı belə bir söz desəydi, heç şübhəsiz ki, bu fikirlər erməni saytlarının manşetində olardı. Hətta yarışmanı canlı yayımlayan "Hayastan 1 TV" televiziya kanalı ikinci yarımfinalda Jamalanın ifası zamanı efiri kəsib. Buna səbəb isə "1944" mahnısının nəqarətini türkcə oxuması olub. Jamala mahnısının nəqarətini Krım türkcəsində oxuduğu zaman ekran qaralıb və yalnız Norveç təmsilçisi səhnəyə çıxandan sonra yayım bərpa olunub. Bu da Avropa Yayım Birliyinin yayım qaydalarına ziddir. Daha bir fakt: yarışmada birincilik qazanan Jamalanı zəng edib təbrik edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun bu qələbəsinin bütün türk xalqlarının qələbəsi olduğunu vurğulayıb.
Bəs, bizim saytların qarmaqarışıq, özlərinin də anlamadığı, əsassız, çəkinmədən deyirəm ki, qorxunc informasiyalar verməkdə məqsədləri nədir? Ya bu sayt rəhbərləri və əməkdaşları tamamilə savadsızdırlar, Jamalanın Ukraynanın UNİAN agentliyinə verdiyi müsahibəni düzgün tərcümə edə bilməyiblər, ya da bilərəkdən təxribat törədiblər. İkinci bir səbəb də odur ki, tez-tələsik, hamıdan qabağa düşüb informasiya yaymaq azarı onları belə addım atmağa vadar edib. İlahi, bunlar tələbə vaxtı xəbər dərsində oturmayıblarmı, informasiya fənnindən 2-mi alıblar? Bütün hallarda həmin saytlar oxucunu çaşdıran, onun beynində müxtəlif sual yaradan xəbər
yaymaqla səriştəsizliklərini, xəbəri necə və nə zaman, hansı formada çatdırma texnologiyasından sıfır səviyyədə olduqlarını sübut etdilər.
Ötən həftənin sonunda saytlardan dolayı çəkdiyimiz dərd təkcə bu olsaydı nə vardı ki? Onlar təkcə Jamalanı deyil, bizim Səmra Rəhimlini də başqa yöndən qaraladılar. Səmra Rəhimli "Miracle" mahnısı ilə 117 xal toplayaraq 17-ci yerdə qərar tutdu. 2008-ci ildən Avroviziya yarışmasında iştirak edən Azərbaycan müxtəlif illərdə 1-ci, 2-ci, 8-ci yerləri qazandığı halda niyə Səmra 17-ci yerdə dayandı? Mahnı, göstərdiyi performans, yoxsa ifasımı zəif idi, səsimi yox idi? Bəlkə musiqi yarışmasında siyasi məqsədlər öndə olduğu üçün belə oldu? Bəlkə də mahnının isveç bəstəkarı tərəfindən yazılması Azərbaycan təmsilçisini bu yerə gətirdi? Bax, bu sualların cavabı çözülməli idi. Bu məsələdə də saytlar professional ola bilmədilər, ucuz şou yaratdılar. Səmranın geyimini manşetə çıxardılar.
Səmra Rəhimli şou-biznesə təzə qədəm qoymuş biridi. Nə dövlət katibi, nə də deputat qrupunun üzvüdü, sıradan bir müğənnidi. Başqa necə geyinməlidi? İncəsənət adamlarının geyimi həmişə fərqlənib. Gündəlik, adi paltarları ilə səhnə geyimləri arasında yerlə göy arasındakı məsafə qədər fərq olub. (İstisnalar isə hər zaman var). Və belə demək mümkünsə, açıq-saçıq geyim müğənninin çörək ağacıdı. Təbii ki, "müğənni mütləq açıq-saçıq geyinməlidi" deyə hökm etmək fikrindən uzağam, nə də bu barədə qanun mövcud deyil. Eləcə də Avropa Yayım Birliyinin "səhnəyə yarımçılpaq çıxmalısan" kimi tələbi də yoxdu. Geyim azad və sərbəstdi. Jamala normal geyimi ilə birincilik qazandı. O oxuduğu mahnının sözlərini və musiqisini özü yazdığı kimi, yəqin ki, səhnə paltarını da özü seçib. Səmra isə xarici bəstəkarın mahnısını oxuduğu kimi, geyimi də "xaric" idi. Əminəm ki, paltar seçimində Səmra sərbəst olmayıb. Onu bizimkilər belə geyindiriblər. Amma bu, hər şey demək deyil, nə də yer tutmamaq üçün əsas deyil. Onun geyiminin qabardılması, rişxənd edilməsi, lağa qoyulması, söyülməsi, ən azı, insafsızlıq, ən çoxu da düşmən dəyirmanına su səpməkdi. Çünki ermənilər Səmranın şəkillərinə yazılmış sözləri, manşetə çıxarılmış cümlələri oxuyduqca necə sevindiklərini təsəvvür etməmək mümkün deyil. Mənə görə Səmra Rəhimlinin nə paltarı, nə də oxuduğu mahnı önəmli deyil. Nə də onun qalib gəlməyi vacib deyil. Biz bu qalibiyyətin tamını dadmışıq. Sirr deyil ki, bu yarışma daha çox siyasi məqsədlər daşıyır. Elə Jamalanı qalib edən də bu amil oldu. Dediyim kimi, Səmra nazir deyil, deputat deyil. Nə də BMT-də, NATO-da, yaxud da dgiər siyasi tədbirlərin tribunasından çıxıb etməyib. Mən bilmirəm Səmra Rəhimlinin ali təhsili varmı, beynəlxalq hadisələrdən, siyasi məsələlərdən az-çox başı çıxırmı? Varsa, əlinə fürsət düşmüşdü, tədbirin sonunda keçirilən mətbuat konfransında təmsil etdiyi Azərbaycan dövlətinin haqq savaşından danışmalıydı, Qarabağ həqiqətlərini Avropaya çatdırmalıydı. Necə ki, Jamala bunu başqa formada, həm də çox uğurla etdi. Əgər Səmra bir neçə kəlmə ilə Jamalanın musiqi ilə söylədiklərinin bənzərini Ermənistandan deportasiya olunmuş soydaşlarımız haqqında çatdırsaydı, kimsə mane olmazdı, mikrofonunu söndürməzdilər. Bunları deməyə savadı, biliyi yoxdusa əvvəlcədən hazırlamaq lazım idi. Yox, əgər hazırlaşması çətin olacaqdısa ən azı, əzbərlədəydilər. Bu da mümkün olmasaydı bu məsələlərdən az-çox danışa bilən, anlayan birini göndərmək lazım idi. Bəyəm bu ölkədə mahnı oxumağı bacaran təkcə Səmradımı? Həm gözəl səsi ilə, həm də geniş eridusiyası, savadı, elmi, siyasi düşüncələri ilə dünya musiqi arenasına göndərilə biləcək gənclərimiz çoxdu.
Nə İvetanın, nə də Səmranın güclü səsi yoxdu. Erməni İveta qondarma "Dağlıq Qarabağ bayrağı" qaldırdı. Azərbaycanlı Səmra isə nə bayraq qaldırdı, nə də Qarabağ həqiqətlərini deyə bildi. Dünyanın tarazlığının pozulduğu, Azərbaycanın müharibə şəraitində olduğu bir vaxtda bu, oxumaqdan vacibdi. Ona görə də Səmranın geyimini yox, Təşkilat Komitəsini qınamaq lazımdı. Təşkilat Komitəsi bilə-bilə ki, Avrovizion daha çox siyasi yarışmadı göndərdiyi nümayəndəsinin siyasi savadını da gərək məşq etdirəydi. Hadisələr göstərdi ki, təmsilçiyə təkcə səhnədə necə fırlanmağı, mikrofon tutmağı, səhnə arxasında necə soyunub-geyinməyi məşq etdirməklə kifayətlənmək olmaz.
Qalmaqallı, dedi-qodularla dolu, siyasi, milli, əxlaqi gedişlərlə saytlarımızın və sosial şəbəkələrin gündəmini zəbt edən Avrovizion yarışması da belə getdi. Gələn il bu vaxta kimi yaddaşlara Jamalanın qələbəsi, İvetanın bayrağı, Səmranın isə paltarı hopub qalacaq...


Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00