"Anamın əcdadları Dağlıq Qarabağdandır. Daha konkert olsam, nənəmin anası məşhur erməni bəstəkarı Aram Xaçaturyanın qohumudur və bununla fəxr edirəm".
Eurovision-2016 mahnı müsabiqəsinin qalibi, Ukrayna təmsilçisi, "Camala" kimi tanınan Susanna Camaletdinovanın dediyinə görə, onun ifa etdiyi "1944" mahnısı Rusiyanın ünvanına ünvanlı messicdir.
Milli.Az bildirir ki, "Camala" bu barədə Ermənistandakı "168 Jam" qəzetinə verdiyi müsahibəsində deyib.
Müsahibəni müəyyən ixtisarlarla təqdim edirik:
- Atam Krım tatarı Alim Ayyaroviç Camaladdinov, anamsa erməni Qalina Mixaylovna Tumasyandır. Özüm müsəlman olsam da, erməniləri çox sevirəm. Hətta anam mənə uşaq vaxtlarımda "sən əsl ermənisən" deyərdi.

"1944" mahnısına gəldikdə isə bu mahnı şəxsi məsələdir. O mahnıdakı messicin mümkün qədər çox insan tərəfindən eşidilməsini istədim. Mahnının tarixçəsi hələ uşaq olduğum illərdə başlanır.
Deportasiyanı görmüş ata nənəm Naxilxan o hadisələrdən mənə çox danışıb. Sovet ordusu nənəmin və bütün ailəmizin doğma kəndi Maloreçensoeyə girəndə onları qəhrəmanlar kimi qarşıdılar, evlərə dəvət etdilər, çörək və su verdilər, onlar üçün mahnılar oxudular. Beş gün belə davam etdi. Mayın 18-də, səhər saatlarında isə hamıya dedilər: "Yır-yığış etmək üçün 15 dəqiqə vaxtınız var..." Sonra hamını heyvan kimi yük vaqonlarına doldurdular, qapıları bağladılar və Orta Asiyaya apardılar. O insanların ruhları hələ də narahatdır.
Təxminən yarım il əvvəl bu barədə mahnı bəstələmək fikrinə düşdüm. Əvvəlcə onu "Duşi" (Ukrayna dilində "Ruhlar") adlandırdım, mətn Ukrayna dilində, nəqərat Krım tatar dilində idi.
Sonra mahnının ingilis dilində versiyasını yaratdım və onu "1944" adlandırdım.
- Eurovision-da Ermənistan təmsilçisi İveta Mukuçyanı dinlədiniz, bəyəndiniz?
- Hə, əla, möhtəşəm mahnı idi. İveta çox yaxşı ifaçıdır. Onun daha üstün yerlər tutmaq üçün bütün şansları vardı.
- Ananız ermənidir. Ermənistan barədə nə bilirsiniz? Ermənistanda olubsunuz?
- Ana babamın əsli Dağlıq Qarabağdandır. Babam 5 yaşında olanda onların ailəsi "qolçomaqlar" kimi Orta Asiyaya sürgün olunublar. Ana babamgil Qırğızıstanda baramaçılıqla məşğul olublar. Dayılarımdan biri şəcərə ağacımızı hazırladı. Məlum oldu ki, nənəmin anası sevimli bəstəkarım Aram Xaçaturyanın qohumudur.

Yeniyetməlik illərimdə Krımda çox böyük hörmət sahibi, erməni bəstəkar və aranjmançı, indi mərhum olan Gennadi Astsaturyanla tanış odum. O, mənə cazın əsaslarını öyrətdi, mürəkkəb musiqi dinləməyə vadar etdi, mənimçün aranjmanlar hazırladı.
Astsaturyanlar ailəsinin üzvü oldum, ermənilərin qonaqlıqlarına, ziyafətlərinə qatıldım. Sonra pərəstiş etdiyim Civan Qasparyanla tanış oldum.
Hə, onu da deyim ki, "1944" mahısının ifasında əla balabançı, yaxın dostum Armen Kostandyan da iştirak edir. İki il əvvəl İrəvanda idim. Təyyarə yerə enən kimi hiss etdim ki, doğma evdəyəm. İki gündə Eçmiədzində, Qarnidə, Gehardda oldum. Kotayk vilayətini dolaşdım, Saxkadzorda, Sevanda oldum, Sevan monastırını ziyarət etdim. Ermənistana qayıtmaq istəyirəm.

