Braziliya qaynayır: xalq qovulan prezidenti dəstəkləyir
13 May 2016 10:59 DünyaBraziliya prezidenti səlahiyyətlərini icra edən vitse-prezident Mihel Temer dövlət başçısı Dilma Rusefin 180 gün müddətinə vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar qəbul olunandan sonra yeni hökumət formalaşdırıb. Dünən ölkə paytaxtı Braziliada, dövlət başçısının Planaltu iqamətgahında yeni nazirlərin rəsmi təqdimat mərasimi olub. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən ölkə parlamentinin yuxarı palatası olan Federal Senat prezident Dilma Rusefə impiçment prosedurunun keçirilməsini səsə qoyub. Qərarın lehinə 55, əleyhinə 22 senator səs verib. Beləliklə, D.Rusef vəzifəsindən 180 gün müddətinə kənarlaşdırılıb. Səsvermənin başa çatmasını gözləməyən Rusef şəxsi əşyalarının prezident sarayından iqamətgahına daşınmasını tapşırıb. Bundan sonrakı 180 gün ərzində senatorlar impiçment təşəbbüskarlarının Rusefə qarşı irəli sürdükləri ittihamları araşdırmalıdır. Yuxarı palatanın bütün üzvləri arqumentlərlə razılaşmasalar, Dilma Rusef vəzifə səlahiyyətlərinin icrasına qayıdacaq. Əks təqdirdə Temer 2018-ci ildəki prezident seçkilərinədək dövlət başçısı olacaq. Dilma Rusefin vəzifəsindən tam kənarlaşdırılması üçün impiçment qərarını senatorların 2/3 hissəsi dəstəkləməlidir. Dünəndən bəri Braziliyanın ən böyük şəhərlərində Dilma Rusefə dəstək yürüşləri və mitinqləri keçirilib. San-Pauluda polisllə toqquşmada 3 aksiya iştirakçısı saxlanılıb. Aksiya iştirakçılarının dediklərinə görə, Braziliyada dövlət çevrilişi gerçəkləşdirilib. "Bu, çevrilişdir. İndiki kapitalistlərə çevriliş üçün silahlar və əsgərlər gərək deyil. Antidemokratik hüquq sistemi yetərlidir. Braziliyada xalqı susdura bilməyəcəklər. Xalq seçmədiyi, sayğı bəsləmədiyi hakimiyyəti istəmir", - braziliyalılar deyirlər.