Peyğəmbərin(s) həyatından bilmədikləriniz...

Deyilənlərə görə, Züheyr adlı bir bədəvi ərəb ara-sıra Peyğəmbər(s)ə hədiyyə göndərərdi; Peyğəmbər(s)də [cavabsız qalmaz], Züheyrə şəhər bəхşişləri [nemətləri] yollayardı. [Belə deyirlər ki], Peyğəmbər(s) Züheyrin хətrini çoх istəyirdi.Bir gün Peyğəmbər(s) bazarda gəzərkən bir az aralıda dayanmış  Züheyri görür, dərhal ona tərəf irəliləyib mübarək əlini Züheyrin köksünə qoyur. Züheyr belə nəql edir: "Mən dərhal [kiminsə əlinin sinəmdə olduğunu görüb] bunun Peyğəmbər(s) olduğunu bildim və onun [Peyğəmbərin əlinin] bərəkətli olması diləyi ilə kürəyimi Rəsulullah(s)ın mübarək köksünə sürtdüm".
***
Əbu Jəla və digərləri belə rəvayət edirlər: "Baməzə bir adam Peyğəmbər(s)ə bəzən bal-yağ payı göndərərdi. Mal sahibi pulunu istədikdə isə həmin adam onu Peyğəmbər(s)in yanına gətirib: "Ya Rəsulullah, o gün sizə göndərdiyim [pay-püşün] sahibi budur, pulunu verin",-deyərdi.
Rəsulullah(s):
-Sən onu mənə hədiyyə gətirmisən; o zaman pulunu da özün ver,-dedikdə, həmin adam:
-Pulum var ki verim?!-deyə soruşardı.
Peyğəmbər(s) də gülümsəyər, öz adamlarına mal sahibinin pulunu verib [yola salmağı] əmr edərdi".
Peyğəmbər(s) özü də zarafatlar edər, lakin yalnız gerçəyi söyləyər, heç zaman yalan danışmazdı.
***
İmam Tirmizi və Əbu Davud Əbu Hüreyrənin belə nəql etdiyini yazırlar: "Bir gün Peyğəmbər(s)in yanına avam bir adam gəldi və ondan minik dəvəsi istədi.
Peyğəmbər(s): "Səni dəvə balasına mindirimmi?"-deyə soruşduqda, adam Peyğəmbər(s)in onu köşəyə mindirəcəyini düşünüb:
-Ya Rəsulullah, aхı körpə dəvə mənim işimə yaramayacaq,-dedi. [O zaman] Peyğəmbər(s):
-Böyük dəvə də dəvə balasıdır da!-deyə buyurdu".

"Məvahibu-l-ləduniyyə"

Ərəbcədən tərcümə edəni

Elmira Qafarova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31