Nəzir Allahla oyun oynamaq kimi bir şeydir- Elşad Miri

İlahiyyatçı alim  Elşad Miri  ilə  müsahibənin  davamı

l hissəni linkə keçid edərək oxuya bilərsiniz: https://olaylar.az/news/din/535960

İkinci  hissə 

- Elşad bəy,  gəlin, nəzir məsələsinə nəzər salaq. Kimsə deyir ki, hansısa diləyim həyata keçsin, nəzir verəcəm. Bu nəzir anlayışı dində var? Varsa buna necə əməl olunmalıdır?

-Bu Allahla oyun oynamaq kimi bir şey olur: "Sən mənim işimi həll et, mən də gedib nəzir verəcəm." Allah Qurani-Kərimdə bizə nəzir, sədəqə verməyimizi, infaq etməyimizi,  Allah yolunda xərcləməyimizi əmr edir. Bu əmr dura-dura, şərt qoşuruq ki: "Allahım, sən bunu et, mən gedib bunu edəcəm." Allah Qurani-Kərimdə deyir ki, hər birinizin varınızda, dövlətinizdə, malınızda kasıbın haqqı var. Yəni mən həmin o haqqı çıxarıb verməliyəm.  Mən bu gün hansısa bir şərt qoya bilərəmmi? Bu hardan qaynaqlanır?  Hər bir şey Allaha məxsus deyilmi? Mən özümdəkini niyə şərt qoşaraq edirəm? Bu təbii ki, doğru bir yanaşma deyil. Sanki Allahla ticarət aparmaq, biznes fəaliyyəti, bir iş görüşməsi kimi həyata keçirilən məsələdir. Bunun heç bir həqiqət payı yoxdur.

-Ənənə halını almış vərdişlərdən söz açaq. Məsələn, insan öləndən sonra 3, 7, 40, cümə axşamları, 52 mərasimləri keçirilir. Bəzi ilahiyyatçılar bunu belə əsaslandırır ki, bu cənazə evini ziyarət etmək üçün vasitədir. Bəs, sizcə, insanın "yaxınını" ziyarət etməsi üçün mütləq rəqəmlərin müəyyən etdiyi günlər lazımdır?

-Xeyr. Bizim də yaxınlarımız vəfat ediyi zaman, mən gözləmirəm ki, 3 olsun, 7 olsun. Elə olur 4-ü günü gedirəm. Elə olur 2-si gedirəm. Şəhərdə keçirildiyi zaman, evinə gedə bilməyəcəyim biridirsə, çox yaxın münasibətimiz yoxdursa, o zaman burda ehsan verdiyi zaman, yəni 3, 7 və s. olduğu zaman ora da gedirəm. Bunu insanların sosiallaşması üçün həyata keçirilən bir adət kimi qəbul etmək olar, amma bunu din adı altında, dinin tələbi adı ilə insanlara təlqin etmək doğru deyil. Heç peyğəmbərin öz dövründə belə bir şey olmayıb.

- Bu 3, 7, 40 məsələsi nağıllarda da öz əksini tapır. Deməli, bu rəqəmlərə həm islamaqədərki dövrdə, həm islamdan sonra bir mahiyyət yüklənilib. Kimlər tərəfindən və nəyə əsasən? Niyə 5 yox, 7?

-İnsanların uydurduqları bir adətdir. Bu günə qədər də gedir. Məsələn, niyə mənim əlimdə 5 barmaq var? Bir cavabı yoxdur.

-Bəs 13 rəqəmi necə? Həqiqətən "nəhs" rəqəmdir?

-Xeyr. O necə olur? Bu da Qərbin xurafatıdır. Bəzən otellərdə 13-cü mərtəbə anlayışını 14-cü mərtəbə ilə əvəz edirlər. Liftlərdə bəzən bəzi yerlərdə görə bilərsiniz ki, 13 rəqəmi yoxdur, dərhal 14-ə keçir. Yaxud da bu gün "Black Friday" deyirlər. Ayın 13-ü gəlib cümə gününə düşərsə, insanlar bəzən təyyarə biletlərini belə dəyişdirirlər. Demək olmaz ki, bu xurafat müsəlmanlara məxsusdur, qərbdə, şərqdə belə bir anlayış yoxdur. İnanın, dünyanın bir çox ölkəsini gəzmiş insan kimi deyə bilərəm ki, başqa yerlərdə daha çoxdur.

-Məzarlıqlarda dəbdəbəli heykəllər, dəbdəbəli və bahalı qəbirlər görürük. Bu təmtərağa nə gərək var?

-Heç nə. Dində belə bir şey yoxdur. Bunlar sadəcə özümüzü başqalarına göstərməkdir. Ümumiyyətlə, jurnalistlərin bu qəbir, dəfn, yasla bağlı sualları olanda cavab verməməyə çalışıram. Niyə? Deyirəm ki, çünki sizin deməyinizlə İslamı ancaq biz bununla əlaqələndiririk. Yəni İslam yas dinidir, ancaq qəbirlərlə bağlıdır, bunlar boş şeylərdir. Allah Quranı diri olan insanlara göndərib. Ölü üçün deyil. Öldükdən sonra neynirsiniz edin, özünüz bilərsiniz. Halbuki, İslamın məqsədi bizim öləndən sonra hansısa məsələni etməyimiz deyil, tam əksinə diri olarkən oyanmağımız, həyata baxışımız, başımızı qaldırıb səmaya, çevrəmizə baxmağımız, özümüzü dərk etməyimizlə əlaqəlidir. Bizim gözümüzdə adiləşən bir çox məsələləri bizə xatırladaraq mahiyyətini aşılayır.

-Bəs ehsan vermək necə?

-Ehsanın da İslama aidiyyatı yoxdur. Bu sadəcə insanların sonradan çıxartdıqları bir məsələdir. 

-Hazırda bir çox yerdə ehsana qadağa qoyulur. Sizcə bu qadağa olmalıdır?

-Olmağı daha gözəldir. Bizdə təəssüflər olsun ki, bəhsəbəhs anlayışı var. Qonşudan geri qalmamaq yanaşması var, bu heç bir şəkildə doğru deyil. Belə qadağaların olması, bəlkə də yeni bir adətin formalaşmasına gətirib çıxara bilər. Məsələn, Naxçıvanda öz gözlərimlə gördüm ki, masanın üzərində çay və çayın yanında içilə biləcəklərdən başqa heç nə yox idi. Bu insanlara faydalıdırmı? Bəli, hər kəsin həm cibinə faydalıdır, həm də ölü sahibinə. Çünki, adam var, bəlkə də aclıqdan, düzgün qidalanmamaqdan vəfat edib, amma baxırsan ki, ehsanında olmayan şey yoxdur. Niyə? Yaxud baxırsınız ki, neçə minlik baş daşı qoyulub, halbuki o neçə min olsaydı, dünyasını həmin vaxt dəyişməyə bilərdi.

- Seyidləri, pirləri ziyarət edənlərin, hətta onlardan mədət uman insanların sayı yetərincə çoxdur. Niyə diləyimizi Allahdan yox, onun bəndəsindən, hətta məzar daşından istəyirik? İnsanların bu inancının kökündə dayanan nədir?

-Birincisi, bu tənbəl insanların etdikləri bir şeydir. Adam heç bir şeyə nail olmayıb, heç bir şey əldə etməyib. İstəyir ki, asan yolla, 5-10 manat pul qoymaqla həmin o pirdə, ocaqda, əslində bunların İslama aidiyyatı yoxdur, nəyəsə nail olsun. Bunların hamısı uydurmadır. Peyğəmbərin sağlığında, onun övladlarına gəlib kimsə belə bir şey edə bilərdimi? Heç bir zaman! Peyğəmbərin özünün, özündən əvvəl vəfat etmiş peyğəmbərlərlə bağlı belə bir tövsiyəsi varmı? Xeyr, yoxdur. Bunlar yeni bir biznesin başqa bir növüdür. Mən də uşaqlıqdan etibarən getmişəm, görmüşəm, bilirəm. Bəzən indi getdiyim yerlərdə kənardan müşahidə etmək üçün baxıram. Həqiqətən, görürəm ki, əlacsız, çarəsiz, nəyəsə tez nail olmaq istəyən insanların qaçdıqları məkanlardır. Həm də böyük bir biznesdir. Adamların orda nə vergisi yaranır, nə İcbari Tibbi Sığorta ödənişləri var. Heç bir şey. Bir qəbirin üstündə bir yer düzəldirsiniz, insanlar gəlib pul atırlar. Siz də ondan bəh-bəhlə dolanırsınız. O pulun da 100-də 1-i ilə nəsə xeyriyyəçilik edirsiniz, bunu da çəkilişlərlə göstərirsiniz. İnsanlarda da belə bir fikir formalaşdırırsınız ki, biz burda yığılan pullarla guya bunu edirik. Halbuki heç bir yerdə işləmədən digər biznesmenlərdən də super yaşayırsınız. Bu doğru ola bilər?

-Hər hansısa işə başlayanda, evdən çıxanda "Allah, Məhəmməd, ya Əli" ifadəsini işlədirik. Buna qarşısınız. Yəni biz "Allah", "Məhəmməd", "Əli" sözlərini eyni anda işlətməklə Allaha şərik qoşuruq?

-Əlbəttə. Çünki, biz Allaha bərabər ola bilmərik! Allahla eyni ola bilmərik. Biz Allaha bəndə ola bilərik. Bu gün bəzən "Allahın dostları" deyilən insanlardan bəhs olunur. Allah bizi özünə dost seçməyib, bizə peyğəmbərimiz üçün sizin dostunuz deyir. Allah insanlar üçün "ey bəndələrim" deyə müraciət edir. Düzdür, "vəli" sözünü gətirib dost mənasında təqdim edirlər. Bu gün təsəvvür edin, "ata, oğul, müqəddəs ruh" deməklə, onun adıyla başlamaqla "Allah, Məhəmməd, ya Əli" deməyin arasında bir fərq varmı? Siz eyniləşdirmirsinizmi? Allahın tövhid dediyi həmin o təkliyi, Allahın tək tanrıçılıq anlayışını bu cürə təqdim etməklə, Allahla paralel bir şəxsi qoymaq nə dərəcədə doğrudur? Bu sadəcə xristianlıqla bağlı deyil. Məsələn, Misir mifalogiyasını götürsəniz, orda da İsis, Osiris, Horus deyilən bir anlayış var. Digər mifalogiyalarda da digər mifik obrazların şahidi ola bilərsiniz. Hinduizmə baxdığınızda vedalarda olan, Şiva, Brahma, Vişnu anlayışında da bunu görə bilərsiniz. Amma İslam bunun əksinə, hamısını silmək üçün gəlmiş dindir. Siz bunu eləməklə təbii ki, Allaha qarşı Allahın istəmədiyi, buyurmadığı, bildirmədiyi bir yalnışı edirsiniz. Məsələn, bu gün məscidlərdə "Allah, Məhəmməd" şəklində yanaşılması belə şirkə aparan səbəbdir. Məhəmməd peyğəmbəri siz Allahla yanaşı necə qoya bilərsiniz? Allah bəyəm, özündən sonra və ya özüylə bərabər peyğəmbərimi dedi? Qurani-Kərimdə "Allaha itaət edin. Rəsula itaət edin" deyir. Ordakı rəsul peyğəmbərə itaət deyil, Allaha itaət və Allahın bildirən sözlərinə itaətdir. Quranın heç bir yerində "nəbiyə itaət", "nəbiyə tabe olmaq", "nəbini nümunə götürmək" kimi bir anlayış yoxdur. Ancaq və ancaq rəsuldur. Allahın elçisi, elçisi də nədir? Həmin o göndərdiyi sözləridir.

-Bir çox qadın ziyarətə getmək istəyir, amma getmir. Bunun səbəbi mənə də maraqlı olub. Soruşanda belə bir cavab almışam: "Getsəm, gərək hicaba girim. Hələ buna hazır deyiləm." Həqiqətənmi, ziyarətə gedən qadın sonrakı həyatına hicabla davam etməlidir?

-Bu da doğru yanaşma deyil. Üzr istəyirəm ifadəmə görə, müqayisəm, səhv başa düşülə bilər, amma bunu da qeyd edim. Deyək ki, bir insan hər hansısa başqa bir ölkəyə gedir. Və həmin ölkədə çimərliyə gedir. Sabah o fikirləşə bilərmi ki, mən çimərlikdə gəzdiyim paltarla gəlib bu ölkədə də eyni şəkildə gəzəcəm. Təbii ki, xeyr. Bir insan hardasa görür ki, məcburi şəkildə örtünmə var.  Qayıdan zaman gəlib burda örtülü gəzməkmi məcburiyyətindəsən? Əgər ürəyindən gəlmirsə, doğru olaraq qəbul etmirsənsə, dini əsası olaraq qəbul etmirsənsə, bunun nə mənası var? Yaxud da, bəzən xanımlar məscidə girdikləri zaman başlarını örtməyə çalışırlar. Niyə? Bu adam sanki ora girdiyi zaman Allah orda var, çölə çıxanda Allah yoxdurmu? İçəridə Allah görür, çöldə görmürmü? Halbuki Allah Qurani-Kərimin "Qaf" sürəsində deyir ki, mən sizin şah damarınızdan da yaxınam. Bunun o tərəfi yoxdur. Biz uzaqda bir Allah axtarmamalıyıq. Bizim bildiyimiz, gördüyümüz, yaşadığımız, hiss etdiyimiz, fikirləşdiyimiz hər şeyi bilən Allahdır. Bizi yaradan odur. Ona görə də, kiminsə yanında başımı örtüm, çıxandan sonra başımı açım, bunun heç bir əsası yoxdur. Belə bir tələb, hökm, qayda da yoxdur. Sadəcə insanların özlərini təskin etmək, sakitləşdirmək üçün ortaya atdıqları bir məsələdir.

-Ümumiyyətlə qapanmaq, hicab qadınlar üçün hansı şəkildə buyurulub, necə qapanmaq lazımdır?

-Mən bunu həmişə özüm də düşünmüşəm, amma konkret olaraq hələ bir cavabını tapmamışam. Həmişə fikirləşirəm ki, adamın yanında baxırsınız ki, başdan ayağa qapanmış bir xanım var. Qara qapanıb, niqab da taxırlar. Amma yanındakı kişi çox rahatlıqla şortikdə gəzir. Niyə qadın qapansın, kişi yox? Bunun səbəbi nədir? Peyğəmbərin dövründə, məsələn, kişilərin özləri qapanmırdılarmı? Qapanırdılar. Niyə? Çünki, qum fırtınası deyilən bir anlayış var, onların yaşama uyğunluğu var. Məsələn, Hammurapi qanunlarında da qapanmanın olduğunun şahidi oluruq. Hətta orda insanların başının açılıb küçəyə buraxılması ilə bağlı iddiaların olduğunu görürük. Bu gün yəhudiliyin özündə harədi məzhəbi var. Ən çox İsraildə olan məzhəbdir. "Ultra ortadoks yəhudilər" deyirlər buna. Onlarda qadınlar müsəlman qadınlardan daha çox qapanırlar. Ona görə, bunu sırf İslamla, müsəlman qadınlarla əlaqələndirməyin tərəfdarı deyiləm. Məsələn, Hindistanda baxırsan ki, qadın başını qapayıb, amma göbək bölgəsi ənənəvi olaraq açıq olur. Yəni bunu nə ilə əlaqələndirəcəksiniz? Bu sadəcə gənclərlə əlaqəli deyil, yaşlı qadınlarda da bunu müşahidə edə bilərsiniz. Ona görə məsələnin təktərəfli olduğunu düşünmürəm, amma bunu ciddi şəkildə araşdırmadığıma görə konkret bir şey deməyim də doğru olmaz.

-Bütün söhbətlərimizin əsasında belə bir məsələ ortaya çıxır ki, bizim gözəl İslam dinimiz, bütün dünyada humanist qəbul olunan din müəyyən təbəqələr əlində hansısa bir məqsədi həyata keçirtmək üçün bir alətə çevirilib. Dinimizi qorumaq üçün nə etməliyik?

-Çox ciddi şəkildə Qurana yönəlməliyik. Mən heç bir zaman insanlara demirəm ki, mənə gəlin, mənim dediyim doğrudur. Deyirəm, mənim dediklərim əgər Quranda yoxdursa, o zaman bəli, mənə qarşı qaytarın ki, sənin dediklərin uydurmadır, yalandır. Mən Qurandan əsaslanıb deyirəm. Allah Qurani-Kərimdə bu kitabın asan olduğunu deyir. Həm də dəfələrlə deyir. Məsələn, "Qəmər" surəsinin 17, 22, 30, 32, 40-cı ayələrində Quranın, dinin asan olduğunu deyir. Dində məcburiyyətin olmadığını deyir. Amma biz neynəmişik? Elə bir din formalaşdırmışıq ki, insanları qaçırdırıq, qorxuduruq, çəkindiririk. Ay "onu etməlisən", rituallaşdırırıq, sonra qəliblərə salırıq. İnsanların azadlığını əlindən alırıq. Qadınları 2-ci dərəcəli məxluq kimi təqdim edirik. Halbuki, bu, Quranın heç bir yerində yoxdur. Biz əgər bu gün burda oturub rahatlıqla söhbət edə biliriksə, niyə biz insan olaraq bu söhbətləri, ya başqa iş olsun, başqa şey olsun, həyata keçirə bilmirik? Nəyə görə bu gün təəssüflər olsun ki, qadınların cənnətə getməsinə sanki, vizanı, pasportu əri vasitəsiylə vermiş oluruq. Məsələn, bu gün din anlayışında qadınların ağlının da, dilinin də zəif olduğu kimi uydurmaları ortaya çıxardıb, bunu da peyğəmbərə istinad edirlər. Belə bir din anlayışı ola bilməz. Din həqiqətən, həmişə biz dostlarımızla dediyimiz kimi o qədər asandır ki, sadəcə o qədər yalnış üzərinə yalnışlar yığılıb ki, bunları yavaş-yavaş təmizlədikcə hər bir suxurun altından başqaları çıxır, etirazlar edirlər. Niyə? Çünki, insanlar oyanır, insanlar ayılır, həqiqətən Quranda onların dediklərinin olmadıqlarına, əksinə bizim dediklərimizin tamamilə Qurana uyğun olduğunun şahidləri olurlar. Deyirəm ki, bütün bunların hamısını Allah bizə Quranda çatdırıb. Din asan olub. Hər kəs öz işini, peşəsini rahatlıqda yerinə yetirə bilər. Allah bizdən xüsusi bir peşə istəmir, dindarlıq deyilən bir peşə istəmir, dini darlıq deyilən bir məsələni, din xadimliyi deyilən peşəni istəmir. Bunlar sonradan ortaya çıxmış, uydurulmuş yalanlardır. Biz nə etməliyik? Allahın dinini, Allahın dininin yeganə mənbəyi olan Quranı sorğulayaraq, bu günki tərcümələri istədiyiniz dildə oxuyanda "Allah burda nə demək istəyir?" deyin. Bu deyilən məsələnin günümüzdə bizə nə aidiyyatı var? Mən bunu öyrəndiyim zaman həyatımdakı müsbət və ya mənfi haralara təsir edə biləcək? Həyata baxışım, insanlara baxışım dəyişirmi? Bunu öz üzərində işləyəndən sonra, bəli, görəcəyik ki, Allahın bizdən istədiyi din anlayışı əslində budur.  Yoxsa, insanların uydurduqları, yalanlar, nağıllar deyil. Həqiqətən din asandır. Peyğəmbərə də istinad edilən gözəl bir söz var ki, deyir, çətinləşdirməyin, asanlaşdırın. Nifrət etdirməyin, sevdirin. Bununla bağlı başqa bir məsələ də var. Deməli, İslam əslində insanın əlindən və dilindən başqasının zərər görməyəcəyi bir fərd olaraq formalaşmağımızı istəyir, arzulayır və buna uyğun olaraq bizə yol göstərir.

Qiymət Mahir

Elşad  Miri ilə  razılaşmayanların  fikirlərini  dərc  etməyə  hazırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31