Quran diriləri xəbərdar etmək üçündür- Elşad Miri

" Başlayıblar ki, kim  peyğəmbərə çox salavat çəkəcəksə, cənnətdə hurilərinin sayı çox olacaq, bəs qadın çox salavat çəkəndə nə  olacaq?"

Müsahibimiz  açıqlamaları ilə gündəm  yaradan ilahiyyatçı alim Elşad Miridir.

BİRİNCİ HİSSƏ

- Elşad bəy, gəlin əvvəl devizinizi aydınlaşdıraq. Sizi tanımayan bir şəxs sizi araşdırdığı zaman qarşısına çıxan ilk söz bu olacaq: "Məqsədimiz insanların uydurub Allaha aid etdikləri dinin yerinə Allahın dinini insanlara düzgün çatdırmaqdır." Dediyinizə görə uzun illərdir, hətta deyərdim əsrlərdir bizə təbliğ edilən din uydurulubmu? Və kimlər tərəfindən?

- Maraqlı sualdır. Bu yeni  məsələ deyil. Çünki, mən özüm də uşaqlıqdan bu uydurulan dini öyrənmişəm. Daha doğrusu, mədrəsədə, ilahiyyat kollecində  bunu öyrədiblər. Demirəm hamısı yalnışdır, amma əksəriyyət etibarı ilə Qurandan uzaq bir din öyrədiblər. İnsanların, şeyxlərin, alimlərin, müftilərin, şeyxülislamların dedikləri sözləri bizə dinin əsas mahiyyəti, məqsədi olaraq öyrədiblər, amma bunları öyrəndikcə həmişə qarşımıza müəyyən suallar çıxıb. Amma  həmin  suallara   verdiyimiz cavab heç bizim özümüzü qane etmirdi. Buna  görə də araşdırmağa başlamaq lazım idi. İki yoldan biri  seçilməli idi, ya olduğu kimi hər şeyi qəbul eləmək, ya da çətin bir yol olan araşdırmağa başlamaq. Amma  araşdırmağa başlayarkən də, bilirsən ki, müəyyən çətinliklərlə üzləşəcəksən. Bu həm maddi, həm mənəvi tərəf olur. İkisi ilə də üzləşmişəm.  Ən yaxın dost  bildiyim, dost dediyim insan belə bu fikirlərimə görə məndən uzaqlaşmaq qərarı aldığını özü şəxsən demişdi. Yəni bu  yolda   insan bir çox şeyləri itirir, bu bir tikanlı yoldur. İnsanların uydurduğu din deyilən anlayışı təbliğ etmək çox asandır, rahatdır. Məsələn, gəlin, hamı kimi deyək ki, pirə getmək, yeni pirlər formalaşdırmaq, hətta ora gedəndə filan dualar etmək lazımdır. Mən bunları daha yaxşı edə bilərəm. Molla kimi, din xadimi kimi getmiş olsam, insanlar alqışlayacaqlar. Sonra ölüyə Quran oxumaq lazımdır. Məsələn, müəyyən şəxslər var ki, həm vəzifəcə, həm maddi cəhətdən bir az başqalarından üstün olurlar. Onlar dəvət edəcəklər, başqa bir imic formalaşdıracaqsınız.  İmam Hüseyn üçün özünü vurmaqdır, bəli, ən gözəl şəkildə vurum, 40-nı saxlayaq, sonra deyək ki, təkcə imam Hüseynin yox, gəlin, imam Hüseynin oğlu olan Zeynalabdinlə bağlı da yas keçirək. İnsanlar rituallaşdıracaq. Həccə getmək ərəfəsində biri  deyəcək ki, gəlin, mən qrup rəhbəri olaraq gedirəm. Daha çox insanlar yığışacaq, ortada nağıllar danışacaq, "orda bu qədər adam öldü, Həmzəni belə öldürdülər" və s. İnsanlar ağlayacaqlar, gəlib deyəcəklər ki, bəli, içimiz rahatlaşdı, həqiqətən hiss etdik ki, günahlarımız yuyuldu. Yəni bunları danışmaq mümkündür. Hətta demək olar ki, bəzi kişilər başqa ölkələrə getdikləri zaman çətinlik yaranmasın deyə müvəqqəti olaraq bir dua oxuyub kiminləsə siğə elətdirə bilərlər. Çox rahatdır, bunu kişilər də xoşlayacaqlar. Sonra məsələn, deyirlər  ki,   qadınların cənnətə getmə yolu ərlərindən asılıdır. Ərlərinə tabe olduqları zaman belə olur. Bəli, onlar da buna sevinəcək, xoşları gələcək. Yəni bu asan bir dindir, asan bir yoldur. Həmin zaman sizin dostlarınız, sponsorlarınız, dəstək verənləriniz də çoxalır. Hər bir yerdə "hacı, orda durma, burda otur" deyirlər. Sözün əslini deyəndə bu insanların özləri belə ilk sizə qarşı gəlirlər. Sizə bir misal deyim, düzdü, müqayisəm bəlkə yalnış ola bilər, deyə bilərlər ki, özünü Məhəmməd peyğəmbərlə müqayisə edir, xeyr! Sadəcə anlaşılsın deyə! Məsələn, Məhəmməd peyğəmbər 40 yaşına kimi həmin cəmiyyətdə güvənilən bir insan idi. "Məhəmməd`ul-əmin" deyirdilər, yəni  etibarlı bir insan. Amma o necə idi, passiv yaxşı idi, yəni kim nə deyirdi, əmanətlərini ona gətirib verirdilər. Heç kimin əmanətinə, varına, dövlətinə kül, toz qondurmazdı. Amma nə vaxt ki, Məhəmməd peyğəmbər Allahın dinini insanlara çatdırmağa başladı, o zaman ona yalançı, kahin, arraf, dəli, məcnun, ərlə arvadın arasını açan dedilər. Hər  şey dedilər.  Amma  40 yaşına qədər dəyişməyən insan birdən birə niyə dəyişdi?  Niyə?  Çünki, adamların qurduğu bir mexanizm, bir sistem var idi. Həmin sistemə, mexanizmə çomaq soxduqları zaman belə bir etirazla qarşılaşdılar. O etirazın nəticəsində də bəli, Məhəmməd peyğəmbər oldu istənməyən adam. Hətta öldürməyə çalışdılar, ondan sonra ölkədən,  yaşadığı Məkkədən qaçmaq məcburiyyətində qaldı. Taifə getdi, orada onu uşaqlara daşlatdılar. Sonra təzədən Mədinəyə getmək məcburiyyəti yarandı, evində öldürmək istədilər. Yəni haqq yolunda olan, Allahın əslində həqiqi dinini çatdıran insanlara, Allahın elçilərinə qarşı həmişə  təzyiqlər  olub. O  insanlar dinsiz, ateistlər, deistlər, aqnostiklər deyildi. Onlar da dindar insanlar idi. Onlar da həcc, ümrə edirdilər, hətta oruc tutanları, namazı fərqli şəkildə həyata keçirənləri var idi. Allahı inkar etmirdilər. Deyirdilər ki, bəli, bizə ruzini verən  Allahdır. Bunları qəbul edən insanlar idi. Yəni Məhəmməd peyğəmbər belə dinsizlərə deyil, dindarlara qarşı gəlmişdi. Yəni dindarların etiraz etmələri başa düşüləndir. Bu sadəcə Məhəmməd peyğəmbərlə bağlı deyil. Bir misal da deyim, İsa peyğəmbərin özü gəldiyi zaman həmin dövrdə mövcud olan yəhudilikdə məzhəblər var idi. Sadukeylər, fariseylər və s.. İsa peyğəmbərin etiraz elədiyi fariseylər idi. Fariseylər  ona sual verirdilər ki, bəs sənin tərəfdarların şabat günü, yəni  həmin o məhşur altıncı gün-səbt günü deyirlər, onunla bağlı müəyyən qaydaları pozdular və s. buna münasibətin necədir?  Sonra qadının daşqalaq edilmə məsələsi var idi. Orda İsa peyğəmbərə istinad edilən söz var ki, ilk daşı hansınız günahsızdırsa, o atsın. Yəni bunları araşdıranda görürük ki, hər birinin həyatında bu anlayışlar olub. O insanlar da dinsizlərlə yox, tam əksinə qəlibləşmiş dini anlayışla mübarizə aparıblar. Ona görə də, bunun adına məsələn, Qurani-Kərimdə bir məsələ var, deyir: " Allaha dininizimi öyrədəcəksiniz?"  Və yaxud başqa bir ayə də var, deyir: "Allahla aldadanlar". Bu insalar əllərində Allah anlayışını  tutaraq insanları aldadırlar, din adı altında aldadırlar. Buna görə bu Allahın endirdiyi bir din deyil. Bu insanların uydurub, Allahın dininin adı ilə adlandırdıqları bir dindir. Bax, yanaşma budur. Ona görə burdan belə bir problem, etirazlar, qarşıçıxmalar yaranır. Ona görə müxtəlif böhtanlar və sairlər var.

- Məzhəb ayrılığı əvvəlki dövrlərə nisbətən hazırda azalsa da, davam edir. Müsəlmanlar arasındakı məzhəb ayrılığı dində həqiqətən öz əksini tapırmı? Hamımız müsəlmanıqsa, niyə şiə, sünnə və s. olaraq ayrılmalıyıq ki?

-Gözəl sualdır. Baxıni, bu da Quranın özünə ziddir. Qurani-Kərimin 3-cü surəsi var, "Ali-İmran" surəsi. "Ali-İmran" surəsinin 103-cü ayəsində deyir ki, hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Sonra başqa bir ayə var ki, onlar deyir firqələrə bölünənlər və onlar hər biri öz firqəsiylə sevinər. Yəni  Allah bizə, ümumiyyətlə 4-5 ayədə də var ki, bu cürə bölünmələri, məhzəblərə, qruplara, firqələrə bölünməyi qadağan edir. Halbuki biz peyğəmbərin özündən bir əsr keçəndən sora müxtəlif firqələrin adına şahid oluruq. Bu günləri adlandırılan hənəfilik, şafilik, maliki, hənbəli məhzəbləri, bunlar sonraki dövrlərdə çıxan məhzəblərdir. Ən tezinin peyğəmbərimizlə arasında 1 əsr var. Peyğəmbərimizdən sonra bəziləri, məsələn xəvaric adlandırılan xaricilər deyilən qrupların da ortaya çıxdığı bildirilir. Sonraki dövrlərdə mötəzililər və s. olub. Bundan başqa həmin dövlət, həmin dövrdəki hakimiyyət bunlara dəstək olub. Sonra hakimiyyət dəyişdiyi zaman hakimiyyətdəkilərin onlara münasibətinə görə bunların tarix səhifəsindən silinmələrinə şahid oluruq. Ona görə bunların sonradan çıxdığına şahid oluruq. Qurana məhzəb anlayışı ziddir. Çünki bu bölücülükdür, bu firqələşdirməkdir. İnsanlar arasında təfriqə yaratmaqdır.

- Bəs  Quranda yoxdursa, müsəlmanlar nəyə, kimə əsasən özlərini şiə, sünnə, və s. adlandırırlar?

- Baxın, bu da çox gözəl sualdır. Sizə bir şey deyim, bu gün müsəlmanların ən böyük problemi odur ki, müsəlman adlandırılan insanlar müsəlmançılığın əsas və yeganə mənbəyi olan Qurandan uzaqdırlar. Quranın ilkin, qəbul edilən ayəsində "İqra bismi rabbikə-l-Ləzii xaləq" deyir. Oxu, yaradan rəbbin adı ilə oxu!  Amma günümüzdə BMT-nin apardığı statistikaya görə dünyada oxumağı və yazmağı bacaranların azlığı müsəlman ölkələrinin payına düşür. Biz nə deyirik? Faktini olaraq müsəlmanlar həqiqətən Qurandan uzaqdırlar. Niyə? Çünki Quranı mahiyyəti üzərinə oxumurlar. Məqsədi üzərinə öyrənmirlər. Neynirlər? Ölü üçün oxuyurlar. Halbuki həmin o ölü üçün oxuduqları Yasin surəsinin 70-ci ayəsində deyir ki, diri olanları xəbərdar etmək üçündür, diri!  Quranda ordadır əsas məsələ, onu da biz ölülər üçün oxuyuruq. Siz bu insanlardan başqa nə gözləyirsiniz?

- Dediyinizə görə, mollaların yas mərasimində ölüyə oxuduğu Quran və yaxud da insanların öz ölüsünə oxutdurduqları Quran ölüyə çatmır, ölü üçün buyurulmayıb.

- Ölüyə çatan bilirsiniz nədir?  Nə çatır ölüyə?  Çatan nədir? Deyək ki, biz dedik ki, savabı çatdı. Bunu kim çatdırır? Allah!  Allaha dua edirik ki, sən çatdır? Sanki  Allahı bir vasitəçi kimi təsəvvür edirik. Mən elədim, burda nə qədər savab qazanacağımı bilmirəm, amma qazandığımı sən göndər ki, mən burdan pulumu alıb cibimə qoyacam. Yəni belə bir anlayış ola bilərmi? Yaxud da başqa bir məsələ. Deyək ki, sizin varınız, dövlətiniz var. Yığırsınız 100 mollanı, hərəsinin cibinə 100 manat qoyursunuz ki, bəs mənim nənəm, babam vəfat edib, səhərdən axşama qədər Quran oxu. Sizin də nənəniz, babanız orda kef edir. Əhval-ruhiyəsi düzəlir. Deyir ki, şükürlər olsun ki, belə övlad yetişdirmişəm, onun bir balası olub, imkanı var, ona görə mən indi burda rahatam. O birisinin isə imkanı yoxdur. 10 manat, 5 manat verib balaca bir surə oxutdurur, o birisi də kor-peşman qalır ki, hə, neynəyək, bizim də payımıza düşən budur. Yəni budurmu? Yəni bu həqiqətən  Allaha bir növ rüşvət vermək mənasına gəlmirmi? Yəni belə bir din anlayışı mümkündürmü? Baxın Məhəmməd peyğəmbərin özünün sağlığında 6 övladı, 3 xanımı, əmiləri,  ona yaxın nə qədər insanlar vəfat edib. Hansı birinə özü Quran açıb oxuyub, oxutdurub, oxudulmasını təklif, tövsiyə edib? Heç birisinə. Yoxdur bunlar. Yəni bilirsiniz necədir, insanlar sonradan bir peşə çıxardırlar ortaya,sonra bu peşəyə görə molla, axund, imam, şeyx, müfti və s.çıxardırlar. Bir dini iyerarxiya formalaşdırırlar. Məsələn katolik, yəhudi dünyasında, baş kohenlər, kohen, levililər və s. gəldiyi kimi, bunlarda da belədir. Məsələn papadır, papadan sonra deyək ki, müəyyən, yekiskop və s. kardinalların gəldikləri kimi. Müsəlmançılıqda bunların heç biri olmayıb. Məhəmməd peyğəmbər kim olub? Qurani-Kərimdə deyir ki, mən də sizin kimi bir insanam, bəşərəm. Qurani-Kərimdə dəfələrlə - 2 ayədə peyğəmbərin özünə əmr elətdirir bunu. Elə olduğu zaman biz din xadimləri ilə bağlı fərqli bir peşə, geyim, uniforma,  başqa bir dəstəkverici məsələləri ortaya çıxardıb, bunları tuturuq əl üstündə. Amma halbuki araşdırsanız heç orta məktəbi, universiteti düzgün oxumayıb. Bu adamların nəyinə güvənək? Baxın burda başqa bir misal da deyim, uşaqlıqdan dini öyrənməyə başlayanda təbii ki, mənsub olduğum bir məzhəbi  öyrənməyə başladım. Görürdüm ki, nənəm əli bağlı namaz qılır, mən məsələn, əli açıq namaz qılırdım. Nənəmə deyirdim ki, nənə, sən səhv qılırsan. Sonra gedib  Ağdaşda, Qəbələdə mədrəsə oxumuşdum. SSRİ-nin dağılma  ərəfəsi idi. 1989, 90-91-ci illərdə. Öyrəndiyimiz yerlər gizli idi, sonradan rəsmiləşdi , bizi diplomla təyin etdilər. Orda oxuyandan sonra gəlib nənəmə demişdim ki, nənə, sən düz qılırsanmış. Özümü ondan sonra ikinci formada bu cür qəbul etdim. Fikirləşdim ki, doğru budur. Amma bütün bunları araşdırdıqca 40 yaş ərəfəsində həqiqətən gördüm ki, bu gün məhzəblərdi , təriqətlər, hansısa qruplaşmalar, camaatlardı, bunların heç birinin İslama uyğunluğu, doğruluq payı yoxdur.

- Quran oxumaq dediniz. Belə bir sual verim. İndi  belə bir anlayış var, "Quran açmaq". Yəni fala baxmaq. Kimsə gedir ki, belə bir diləyim var, Quranı aç,  gör yerinə yetəcəkmi? Bu artıq fala baxmaqdır. Fal əməlinə, baxıcılığa Quranı alət etmək nə dərəcə düzgündür?

- Əlbəttə, bu insanların hissləri ilə oynamaq, insanların dini heysiyyatını ələ salmaq deməkdir. Çünki, insan Qurana əsaslanır, inanır. Heç orda yazılanı bilmir, açıb bircə dəfə oxumayıb ki, burda onunla əlaqəli bir şey ola bilməz. Üzr istəyirəm, alaq bu dəftəri, açdıq. Burda neçə  ayə var, bunu sayır. Deyir ki, bilmirəm 7 günə olacaq, 7 aya olacaq nə bilim, bu olacaq. Baxır, cənnətlə əlaqəli xoş bir məsələ yazılıbsa, deyir xoş bir məsələ olacaq, cəhənnəmlə bağlıdırsa, pis olacaq kimi uydurmalar çıxarırlar. Bunun İslamla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Çünki, peyğəmbərin dövründə Quran bu formatda deyildi ki, açalar. Dərilərə yazılırdı, bu günlərdə mövcud olan ilkin nüsxələrə baxdığınız zaman bu masadan daha böyük Quran nüsxələrinin olduğunu görürük. Kim o zaman bunu açıb, baxa bilərdi? Bu gün daha da inkişaf edib, deyək ki, telefondakı Quranları açıb baxmaqla. Təbii ki, bunlar hamısı nağıldır, uydurmadır. Dinlə heç bir əlaqəsi yoxdur.

- Hədislərdə peyğəmbərimizin Aişə ilə evləndiyi zaman Aişə xanımın 9 yaşında olduğu vurğulanır. Siz inanmırsınız ki, Məhəmməd peyğəmbər 9 yaşlı uşaqla ailə həyatı qursun. Bəs onda Aişə xanım peyğəmbərimiz üçün kim olub?

- Birincisi, peyğəmbərimizin 4 qızı olub. Peyğəmbərimiz hansı bir qızını 6 yaşında nişanlayıb, 9 yaşında ərə verib? Heç birini. Rəvayətlərin heç birində buna rast gələ bilməzsiniz. Qəbul edilə biləcək yaş anlayışı 15 olub. Yaxşı, bəs peyğəmbərimiz həmin dövrdə öz qızlarından da balaca, nəvəsi yaşlı bir  qızı niyə alıb gətirsin öz evinə? Özünün həmin vaxt 53 yaşı olub. Məsələyə başqa bir prizmadan baxaq. Bu gün hansı bir kişi öz qızını kiməsə 6 yaşında və ya 9 yaşında ərə verər? Dostu olsa belə. Bu kiminsə qeyrətinə sığışarmı? Yaxud da peyğəmbər özü öz qeyrətinə sığışdırıb kiminsə qızını istəyərmi?

Qeyd olunana görə 3 il də sözlü olaraq qalıblar.

6 yaşda nişanlanır, 9 - da ailə həyatı qurmuş olur. Yəni, bunu necə təsəvvür edə bilirik?  Bu gün düzdür, baxırsan ki, 40 yaşındakı adam 20 yaşındakı biri ilə evlənir, o insanlarda fərqli yanaşmaya səbəb olur. Amma peyğəmbərin bu cürə qeyd edilməsi düzgündürmü? Baxın, sizə başqa bir tərəfin deyəcəm. Mən deyirəm ki, siz peyğəmbərin aşağılanmasına razı olursunuz, amma peyğəmbərin bu hadisəsini yazan adama toz qondurmursunuz. Halbuki, həmin adam peyğəmbərdən 200 il sonra yaşayıb. O adamın yazdığı əsər belə günümüzə, onun ölümündən 400 il sonra gəlib çatıb.

- Aişə xanımın yaşı səhv qeyd olunub?

- Təbii ki! Onunla bağlı bir nəfər Oksfordda təzəlikcə dissertasiya müdafiə etdi. Həmin o dissertasiyanın ingiliscə versiyası, onunla bağlı hazırladığı videosu da artıq var. Bu adam araşdırır ki, həqiqətən  6, 9 yaş məsələsini danışan adamın özü, üzr istəyirəm, uşaqbaz, yəni xəstə olduğu üçün peyğəmbərin belə bir məsələsinin olduğunu danışıb, uydurub, sonra özü belə biri ilə də evlənibmiş. Sonra da bunu peyğəmbərin adı ilə etdiyinə görə, həmin o bölgədəki insanların  bu evliliyə haqq qazandırması üçün bu məsələ yayılmağa başlayıb. Bu nə dərəcədə doğru ola bilər? Nə qədər əsaslı ola bilər? Birinci olaraq bunun özü uydurmadır. İkinci tərəfdən, rəvayətlərə baxdığımız zaman görürük ki, Aişə özü peyğəmbərdən öncə 2 dəfə nişanlı olub. Bu adam nə vaxt yaşadı, nə vaxt uşaqlığını gördü, neynədi bu? Peyğəmbərin özünün ilk evliliyi özündən bir neçə yaş böyük olan, rəvayətlərə görə 15 yaş böyük olan Xədicə anamızla olubsa, sonraki evlilikləri, məsələn, 2-ci evliliyi də Sevda dediyimiz 53 yaşında xanımla olubsa, noldu birdən- birə?  6 və ya  9 yaşındakı insanamı gözü düşdü?  Ya da hansı məntiqlə, ağılla, dini dünyagörüşü, razılıqla alıb, evinə bir xanım olaraq qəbul etdi? Məqsəd nə olub burda? Burda o qədər absurd yanaşma var ki. Buna heç bir şəkildə haqq qazandırmaq düzgün deyil.

- Bəs belə bir deyim var ki, bir kişinin 4 xanımla evlənməsi mümkündür. Bu varmı?

- Belə bir qadağa yoxdur ki, evlənə bilməzsən. Amma bu da nə ilə bağlıdır. Bilirsiniz ki, bizim həm 1-ci Qarabağ döyüşündə, həm də  2-ci Qarabağ döyüşündə daha çox dünyalarını dəyişənlər, şəhid olanlar kişilərdir. Bu cür  hallarda  dövlətlərdəki balans pozulur. Çünki,   bu gün kişilərin sayı ilə qadınların sayı dünyada da nisbət olaraq götürəndə 49% kişilər, 51% qadınlardır. 49%-i 49% ilə evləndirdikdə geridə qalan insanlar necə olacaq? Bu anlayış həmişə çıxıb. Ona görə də,  bəzən, məsələn, doğulanların sayı, ölənlərin sayından az olarsa, həmin il dövlətdə "ölü il" adlandırılır. Dövlət bununla bağlı müəyyən addımlar atmalıdır, çünki dövlət fərdi yox, dövlətin bütünlüyünü düşünən bir sistemdir. Ona görə də dövlət həmin vaxt 1 kişinin 2-ci evliliyinə səs çıxarmaya bilər, ya icazə verə bilər. Əgər din qadağan etmiş olsaydı, qarşısını almaq mümkün olmazdı. İkinci tərəfdən məsələn, bir insan evlidi, amma deyək ki, evliliyin əsas bəhrələrindən biri olan övladı yoxdur. Xanımını boşayıb evlənməkdənsə, xanımı icazə verərsə, ikinci  evliliyi həyata keçirə bilər.  Başqa bir tərəfi də var. Qurani-Kərimdə 6236  ayə var. O ayələrdən cəmi birinin   ortasında gəlir bu məsələ. Nisa sürəsinin 3-cü ayəsində. Ayənin əvvəlində də yetim qızlardan gedir söhbət. Digər 2-ci ayədə yenə yetimlərin haqlarından söhbət gedir . Ordakı  məsələ  əslində insanların 2, 3, 4, 5-ci dəfə  evlənmələri  kimi  deyil. Türk dilində ikişər, üçər sözləri var. Fatihə sürəsinin 1-ci ayəsindən gəlir, onu da təəssüf ki, mələklərin qanadları ilə əlaqələndirirlər. Quranda başqa bu cür söz keçmir çünki. Əslində yetimlərin 2-2, 3-3- imkan daxilində evləndirilməsi ilə əlaqəli olan bir məsələdir, amma biz bunu gətirib kişilərin 1-dən çox evliliyinə haqq qazandırmağa bağlamışıq. Peyğəmbər ərəb idi, ərəb adətlərinə görə də həyatını davam etdirib. Allah Quranda peyğəmbəri nümunə göstərmir ki, onun etdiyi kimi et. Allahın rəsulunu nümunə göstərir. Yəni, Allahın rəsulu nə idi? Allah tərəfindən elçisinə verilən sözlər idi, Quran idi. Quranda yazılanları nümunə götürməyimizi bizdən tələb edir.

-Müsəlmanların salavat çəkmək adəti də var. Azan oxunduğunda, dua oxunduqdan sonra və s. hallarda salavat çəkilir. Bu əməlin yalnış icra olunduğunu, Qurandan səhv tərcümə olunduğunu yazırsınız. Bəs doğrusu nədir?

-Bu da gözəl sualdır. Sizə bir şey deyim, bu gün salavat çəkəndə necə edirlər, biri əlini belə gətirir (sağ əlini üzünə çəkir), biri belə (hər iki əlini üzünə çəkir) gətirir. Güya şiələr belə, sünnələr belə edir. Bunu da məzhəb ayrılığına gətirib çıxarıblar. Pandemiya dövründə əli ağıza apara bilmirdik, insanlar nə qədər yuyurdular. İnsanın əli mikrobun ən çox olduğu yerdir. Peyğəmbərin dövründə insanlar neynirdilər? Onu görəndə əllərini üzlərinə aparıb, salavatmı çəkirdilər? Təbii ki, xeyr. Burdaki əsas məsələ "əs-Saff" sürəsinə gəlir. Deyir ki, Allah və mələkləri peyğəmbərinə salavat çəkirlər, mövcud tərcüməni deyirəm, sonra: "Ey iman gətirənlər, siz də salavat gətirin." Belə tərcümə edirlər. Yaxşı, Allah və mələklər necə salavat çəkirlər? Orda salavat sözü 3 yerdə keçir, götürüb 3-ünə də fərqli-fərqli mənalar veriblər. Baxın, ayədəki salat sözünün bir mənası da insanın onurğasını dik saxlamağına dəstək olmaqdır. Bu sözün kökündə dəstək var, salavat çəkmək anlayışı yoxdur. Bunlar sonradan əlavə edilmiş yox, uydurulmuş məsələlərdir. Çünki, ordakı salavat insanlara konkret olaraq deyir ki, Allah və mələkləri peyğəmbərə dəstək olduqları, təşviq etdikləri, həvəsləndirdikləri kimi, ey iman gətirdiklərini iddia edənlər, siz də peyğəmbərə dəstək olaraq imanlarınızı sübut edin. Peyğəmbərə deyəndə, rəsula dəstək olaraq, kömək edin. Onun gətirdiyi dini yaymağına dəstək olun. Bu sadəcə keçmişlə yox, günümüzlə də əlaqəli məsələdir. Bu gün Allahın kitabının insanlara çatdırılmasına dəstək olmaq həmin salavatı həyata keçirməkdir. Allahın əmrinə uyğun olaraq rəftar etməkdir. Bu gün  "filankəsin ruhuna bir salavat", -deyib tutub pullarını  alırlar. Bunlar olmayan şeylərdir. Baxın, bu ayəyə zidd olan bir şeydir. Peyğəmbərin özünün dövründə edilməyən bir məsələdir. Sonradan başlayıblar ki, kim peyğəmbərə bu qədər salavat çəkərsə, cənnətdə hurilərin sayı bu qədər olacaq. Artıq huri artırmağa başlayıblar, bonus dalınca bonus. Belə bir din, İslam, peyğəmbərə yardım anlayışı ola bilərmi? Yəni  ancaq  patriarxal bir şəkildə, salavat çəkdiyi zaman fikirləşir ki, huri olacaq. Bəs qadın salavat çəkəndə nə olacaq? Nurimi, qılmanmı, vildanmı olacaq? Heç vaxt bunun başqa tərəfini düşünmürlər. Bu doğru bir yanaşma deyil axı.

ARDI VAR

QİYMƏT MAHİR

P.S. Elşad Miri  ilə  razılaşmayanların  fikirlərini dərc etməyə hazırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31