Azərbaycanımızı hədəf olmağa qoymayaq- MÖVQE
19 Avqust 2021 11:36 DinMəhərrəmlik ayındayıq. İslam aləmində diqqətə alınan bir təqvimdir. İslam ölkələrində, o cümlədən Azərbaycanda məhərrəmliyi qeyd edən, İslam peyğəmbərinin nəvəsinin qətl edilməsinə həsr olunan aksiyalar keçirən milyonlarla müsəlman var. Bu onların inamıdır, etiqadıdır. Onların ayinlərini, aksiyalarını anlayışla qarşılamaq və hörmət etmək lazımdır. Azərbaycanda bu mövzuda hansısa ciddi gərginliklərin olduğunu söyləmək mümkün deyil. Aşura mərasimində qarşıdurmaların olduğunu müşahidə etmirik. İmam Hüseyn üçün keçirilən əzadarlıq məclisləri sakit bir axarda, normal şəraitdə keçib. Pandemiyaya qədər bu istiqamətdə Azərbaycanda böyük toplantılar da keçirilib. Bu hadisəyə nə polis müdaxilə edib, nə də hansısa bir dövlət qurumu. Hər kəs öz ibadətini rahat bir şəkildə gerçəkləşdirib. Qafqaz Müsəlmanları İdarəsi bu fəaliyyətlərin qanvermə aksiyalarına yönləndirilməsini də çox peşəkarlıqla həyata keçirir. İnsanın özünə xətər yetirməsi İslam dininə görə də qadağandır. Ona görə də Aşura mərasimində zəncirlə, bıçaqla, xəncərlə özünə xəsarət yetirmək düzgün hal kimi qəbul oluna bilməz və bunların qarşısı haqlı olaraq alınır. Bütün bunlar hamısı öz yerində. Lakin bir sıra hallarda internetdə, xüsusən də sosial şəbəkələrdə Məhərrəmliyin, Aşura mərasiminin, bu inamın sahibi olan müsəlmanları lağa qoyulması, bəzən isə hətta təhqir olunması hallarına da rast gəlirik. Bu kimi addımları çox böyük yanlışlıq hesab edirəm. Heç kim digərinin inamına, etiqadına lağ etməməlidir, təhqir isə ümumiyyətlə yolverilməzdir. Bu kimi hallar qarşılıqlı narazılıqları, konfrantasiyanı artırır. Çünki bu kimi hallar digər tərəfin də radikallaşmasına gətirib çıxara bilir. Aşura ilə bağlı nəyisə bəyənmirsənsə ona əməl etməyə, o ayini yerinə yetirməyə bilərsən. Amma bəyənməməklə qalmayıb qarşı tərəfi təhqir etmək sənin gücsüzlüyünün, acizliyinin göstəricisidir. Tolerantlıq, multikulturalizm beşiyi, ünvanı olan Azərbaycanda belə hallar olmayıb, bundan sonra da yol vermək olmaz. Digər bir məqam İmam Hüseyn tərəfdarlarının, şiə qrupunun radikal olanlarının onların düşüncə, fikir və ideyalarını bölüşməyənlərə qarşı dözümsüzlük göstərməsidir. Bəzən müşahidə edirsən ki, Məhərrəmlik ayında toy və nişan edənlərə qarşı hansısa sərt, tənqidi, bəzən isə təhqiramiz ifadələr səslənir. Əgər hansısa Azərbaycan vətəndaşı Məhərrəmlik vaxtı xeyir iş görürsə, onun buna görə linç edilməsi ciddi problemlər yarada bilər. Bu sırf mənəvi, dini dünyagörüşü məsələsidir. Həmin şəxsin Məhərrəmliyə görə xeyir işini təxirə salması onun İmam Hüseynə hörmətini göstərə bilər. Təxirə salmadığına görə hədəfə alınması isə əlavə gərginlikdir. Yaxud hansısa azərbaycanlı ailəsi Məhərrəmlik ayını, Aşuranı onun qaydalarına uyğun keçirmirsə buna görə də onu günahlandırmaq olmaz. Sən inamını, imanını elə yaşa, etiqadını elə bir şəkildə apar ki, onun gözəlliklərini görənlər ona meyllərini salsınlar. Amma şiddət, hədə, təhqir yolverilməzdir. Sonda önəmli daha bir məqamı qeyd etmək istərdik. Builki Məhərrəmliyin hədəfə alınmasında incə bir üsul seçilib. Vətən müharibəsində şəhid olan azərbaycanlılarla İmam Hüseyn müsibəti qarşılaşdırılmaqdadır. "Şəhidlərinə yas tutmayan toplumun Məhərrəmlik keçirməsi düzgündürm" sualı cəmiyyətimiz üçün əlavə gərginlik mənbəyidir. Vətən uğrunda canından keçən şəhidlər də, Kərbəla yasını tutan azərbaycanlılar da bizimdir. Bu cür uğursuz müqayisələrlə biz cəmiyyətin bütövlüyünü hədəfə almış oluruq. Şəhidlərimiz bizim baş tacımızdır, dinimiz isə bizim cəmiyyətin təməlini qoruyan mühüm bir amildir. Qarabağ müharibəsində nə qədər şiə azərbaycanlı, İmam Hüseyn aşiqi olan vətəndaşlarımız şəhid oldular. Belə müqayisələr onların da ruhuna, inamlarına hörmətsizliyin göstəricisi sayıla bilər. Hər bir ideya, düşüncə sahibinin bir-birinə hörmət etməsi lazımdır. Ateistin, deistin, dindarın, millətçinin və s. ideya sahiblərinin bir-birinə, digərinin inancına, ideyasına hörmət etməsi lazımdır. Razı olmadığın məqamları faktlarla, təhqirsiz şəkildə çatdıra bilərsə. Amma təhqir əsla yolverilməzdir. Hər kəsin ortaq düşüncəsi Azərbaycan, onun daha da güclənməsi olmalıdır. Azərbaycan vətəndaşı olan, müxtəlif ideya sahiblərinin bir düşməni ola bilər: o da Vətənimizi hədəfə alanlar və onu bölməyə, məhv etməyə çalışanlar...
Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri