İsa Peyğəmbərin (ə) İncildəki vəsiyyətini oxumusunuzmu?-Bu vəsiyyətin sirri nədədir?

Allahın Elçisinin(s) İncildə aşkar sifəti haqqında

İbn İshaq bildirir: "Eşitdiyimə görə, Allah-Təala tərəfindən İncil əhlinə göndərilmiş və Məryəmin oğlu İsaya(ə) nazil olmuş [kitabda] Allahın Elçisi(s) haqqında xəbər var. Bu barədə həvari Yuhənnəsdən (İohan-tərc) olan və xristianlar üçün köçürülmüş İncildə bəhs edilir. Məryəmin oğlu İsanın(ə) dövründən danışılan  İncildə onun [İsanın (ə)] Allahın Elçisi(s) barədə xristianlara ünvanlanmış vəsiyyətində deyilir: "Məni inkar edəcək kəs, Allahı da inkar etmiş olacaq. Əgər mən özümdən əvvəl bir kimsənin yarada bilmədiyi möcüzələri onların arasında yaratmasaydım, onlar günah işlətməzdilər. Lakin, həmin andan etibarən onlar naşükürlük etdilər və nəinki mənə, hətta Allaha belə qalib gələcəklərini düşündülər. Lakin Cəbrailin(ə) gətirdiyi Sözün tamamlanması gərəkdir... Onlar haqsız yerə mənə nifrət etdilər. Əl-Münhəmənnə-Müqəddəs ruh gələcəyi zaman mənim haqqımda şahidlik edəcək. Elə sizin özünüz də mənim haqqımda şahidlik edəcəksiniz, çünki siz əzəldən bu işdə mənimləydiniz. Bunu mən sizlərə ona görə dedim ki, [zamanı gələndə] şikayət etməyəsiniz".

Əl-Münhəmənnə siryani dilində Muhəmməd deməkdir, yunan dilində isə Berklitisdir. (Bəraqlit və ya Fəraqlit-"Haqqı nahaqdan ayıran" deməkdir. Bu, Peyğəmbərin(s) gözəl adlarından biridir.)

Peyğəmbərin(s) göndərilməsi

Əbu Muhəmməd Əbdülməlik bin Hişam bizə bunları danışıb: "Ziyad bin Abdullah əl-Bəkkai, Muhəmməd bin İshaq əl-Müttəlibidən bizə bunları rəvayət edib: "Allahın Elçisi(s) qırx yaşına çatanda Allah-Təala onu aləmlərə rəhmət, bütün insanlara isə müjdəçi olaraq göndərdi. Böyük və Qadir Allah Muhəmməddən(s) əvvəl göndərdiyi bütün peyğəmbərlərdən ona [Muhəmmədə(s)] iman gətirəcəklərinə, onu təsdiq edəcəklərinə, əleyhinə çıxanlarla mübarizədə ona  kömək edəcəklərinə dair əhd almışdı. Allah-Təala buyurub: "[Ey kitab əhli!  Xatırlayın o vaxtı ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra sizdə olanı təsdiq edən bir Peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz"-deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?"-demişdi. Onlar da: "Təsdiq etdik"-deyə cavab vermişdilər. [Bu zaman]   Allah: "Elə isə [bir-birinizə] şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm"-deyə buyurmuşdur" ("Ali-İmran"; 81). Beləcə, Allah bütün peyğəmbərlərdən Muhəmmədə(s) inanacaqlarına, əleyhinə çıxanlara qarşı mübarizədə ona kömək edəcəklərinə dair əhd almışdı. Peyğəmbərlər də bu əhdi onlara iman gətirmiş və onları təsdiq etmiş bu iki Kitab əhlinə çatdırmışlar".

İbn Hişamın Elmira Qafarovanın tərcüməsində çapa hazırlanan "Muhəmməd Peyğəmbər(s)in həyatı" kitabından

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31