Oğlunu Rəbbinə qurban deyən ata... və qurbanlıqdan xilas olan oğul kimdir?

Əbdülmüttəlibin oğlunu qurban kəsəcəyi barədə nəzir deməsi haqqında

İbn İshaq bildirir: "Deyilənlərə görə, düzünü isə yalnız Allah bilir, Əbdülmüttəlib bin Haşim Zəm-Zəm quyusunu qazarkən (Olaylar.az saytının 4 iyun tarixinə baxın-red) qüreyşlilərin müqavimətilə üzləşdiyi zaman: "[əgər gələcəkdə] On övladım olsa və [onlar] məni qoruyacaq yaşa çatanda [övladlarımdan] birini Kəbənin yanında Allaha qurban kəsəcəyəm"-deyə nəzir demişdi... Övladlarının sayı ona çatanda [Əbdülmüttəlib] onların artıq atalarını müdafiə etməyə qadir olduqlarını görüb hamısını başına topladı, Allaha dediyi nəzir haqqında danışıb balalarını Rəbbinə olan borcunu ödəməyə hazır olmağa çağırdı. Övladları  ona itaət edib soruşdular: "Bəs bunu necə edəcəksən?" Əbdülmüttəlib cavab verdi: "Qoy sizlərdən hər biriniz bir fal oxu götürüb üzərində adını yazsın, sonra da oxları mənə gətirsin". Onlar elə də etdilər. Əbdülmüttəlib oxları götürüb Kəbənin içindəki bir quyunun üstündə olan Hübəl adlı bütün yanına gəldi. Kəbəyə edilən hədiyyələr həmin quyuda toplanırdı.

Hübəlin yanında üzərində müxtəlif yazılar olan yeddi fal oxu vardı:

-üzərində "cərimə" yazısı olan ox: insanlar arasında mübahisə yarananda atılarmış, kimə düşürdüsə, cəriməni də o ödəməliydi.

-üzərində "hə" yazılmış ox: adamlar hər hansı bir işi görmək üçün ox falına müraciət edər, bu ox çıxardısa həmin işi həyata keçirərdilər.

-üzərində "yox" yazısı olan ox: bu ox çıxdıqda isə bütpərəst ərəblər başlamaq istədikləri [hər hansı bir] işdən vaz keçərdilər.

-üzərində "sizlərdəndir"; "yaddır" və "sizlərdən deyildir" yazısı olan oxlar.

-üzərində "sular" yazısı olan ox: bütpərəst ərəblər su quyusu qazmaq istədikdə fal oxlarının köməyinə müraciət edər, bu oxlar haranı göstərirdisə, orada da quyu qazardılar.

Bütpərəst ərəblər qul almaq, nikah bağlamaq, meyid basdırmaq və ya bir kimsədən şikayət etmək istədikdə yüz dirhəm pul və ya qurban kəsəcəkləri heyvanla Hübəl adlı bütün yanına gələr, gətirdikləri pulu və ya heyvanı oxatana verər, sonra da hansısa məsələ ilə bağlı onlarla gəlmiş adamı göstərib deyərdilər: "Ey Allahımız! Bu, filankəsin oğlu filankəslə filan işi görmək istəyirik. Bizə doğru yol göstər!" Sonra isə oxatana deyərdilər: "At!" Əgər üzərində "sizlərdəndir" yazılmış ox çıxardısa, həmin adamla o işə qol qoyar; "sizlərdən deyildir" oxu çıxdığı təqdirdə isə həmin adam bu və ya digər işdə müttəfiq rolunu oynayardı; üzərində "yad"dır sözü yazılmış ox çıxardısa, həmin adamın ərəblərin arasında heç nəyə hüququ çatmazdı; üzərində "hə" yazılmış ox çıxardısa, niyyət etdikləri işə qol qoyar; üzərində "yox" yazılmış ox çıxdıqda o işi təxirə salar, bir müddətdən sonra yenə Hübəlin yanına gələrdilər. [Həmin] işə görə onları qane edəcək ox çıxana qədər bütpərəst ərəblər dəfələrlə bu bütün yanına gəlib-gedərdilər.

Əbdülmüttəlib və onun övladları oxatanın qarşısında

Əbdülmüttəlib [də] oxatana özünün nəziri barəsində danışdı və üzərində oğlanlarının adı yazılmış oxları ona verdi. Abdullah  Əbdülmüttəlibin ən kiçik oğlu idi. [Abdullahın, eləcə də Zübeyrin və Əbu Talibin  anası Əmr bin Aiz bin Əbdin qızı Fatimə idi]. İbn İshaq bildirir: "Deyilənlərə görə, Abdullah Əbdülmüttəlibin oğlanlarının  ən sevimlisiydi. Əbdülmüttəlib [ata məhəbbətilə] düşünürdü ki, [Abdullahın adı yazılmış] ox çıxmayacaq və [sevimli oğluna] ziyan dəyməyəcək...

...Oxatan oxları yığdı. Əbdülmüttəlib isə Hübəlin yanında dayanaraq Allaha dua etməyə başladı. Falabaxan oxları atdıqda üzərində... Abdullahın adı yazılmış ox çıxdı. Əbdülmüttəlib oğlunu qurban kəsmək üçün əlindən tutdu və bıçağı götürərək İsaf və Nailə adlı bütlərin yanına gəldi. Bu zaman qüreyşlilər ondan soruşdular: "Nə etmək istəyirsən, ey Əbdülmüttəlib!" O cavab verdi: "Oğlumu qurban kəsmək istəyirəm". Qüreyşlilər və Əbdülmüttəlibin digər oğlanları buna etiraz etdilər: "Allah xatirinə, qətiyyən bunu etmə, yaxşısı budur, onun əvəzinə fidyə ver. Əgər oğlunu qurban kəssən, başqaları da övladlarını qurban kəsməyə başlayacaq, bundan sonra [ölkədə] adam qalmayacaqdır". Abdullahın dayısı Müğirə bin Abdullah bin Əmr [də] dedi: "Allah xatirinə, onu qurban kəsmə, yaxşısı budur, əvəzində fidyə ver. Əgər Abdullaha görə bütün var-dövlətimizi vermək lazım gəlsə, biz buna hazırıq!" Başqa qüreyşlilər və Əbdülmüttəlibin oğulları da dedilər: "Bunu etmə! Abdullahla birlikdə Hicaza get, orada yanında cin olan bir falçı qadın var. Ondan nə edəcəyini soruş. O [qadın] nə desə, onu da edərsən; əgər o, sənə oğlunu qurban kəsməyi məsləhət görsə, o zaman  kəs, yox əgər başqa yol göstərsə, onu qəbul edərsən".

Əbdülmüttəlib məsləhətə qulaq asıb [oğlanları və başının dəstəsi ilə birlikdə] Mədinəyə gəldi və həmin falçı qadının  Xeybərdə olduğunu öyrənib onu tapdı. Falçı qadına qurban nəzir etdiyini bildirdi. Falçı qadın onlara dedi: "Bu gün buradan gedin, çünki yanıma cin gələcək, ondan məsləhət almalıyam". Onlar çıxıb getdilər. Ayrılanda Əbdülmüttəlib Allaha dua etdi. Ertəsi gün falçı qadın onlara dedi: "Mənə artıq xəbər gəlib.  Sizlərdə [bir adama] nə qədər fidyə ödəyirlər?" Cavab verdilər: "On dəvə". Qadın dedi: "Öz yurdunuza dönün, on dəvə götürüb ox falı ilə püşk atın. Əgər ox oğlunuza düşsə, onda dəvələrin sayını Allahı razı salana qədər artırın. Əgər ox dəvələrə düşsə, o zaman oğlunuzun əvəzinə onların hamısını qurban kəsin. Oxun dəvələri göstərməsi Rəbbinizin razı qalması, oğlunuzun isə nicat tapması demək olacaq".

Abdullahın qurban kəsilməkdən qurtulması

Onlar Xeybərdən çıxıb Məkkəyə gəldilər. Oxlarla püşk atmazdan öncə Əbdülmüttəlib Allaha dua etməyə başladı. Sonra püşk atdılar və ox Abdullaha düşdü. On dəvə də əlavə etdilər və onların sayı iyirmi oldu. Əbdülmüttəlib Hübəlin yanında dayanaraq [aramsız olaraq] Qadir Allaha dua edirdi. Sonra püşk atdılar. Ox yenə Abdullaha düşdü. On dəvə də əlavə etdilər və dəvələrin sayı otuz oldu. Sonra püşk atdılar. Ox Abdullahı göstərdi. On dəvə də əlavə etdilər və dəvələrin sayı qırxa çatdı. Əbdülmüttəlib [yenə]Allaha dua etdi. Bu püşkdən sonra da ox Abdullahı göstərdi. On dəvə də əlavə ediləndən sonra dəvələrin sayı əlli oldu. Əbdülmüttəlib Allaha dua etməyə başladı. Yenə püşk atdılar. Ox bu dəfə də Abdullahı göstərdi. On dəvə də artırdılar və dəvələrin sayı altmış oldu. Əbdülmüttəlib Allaha yalvarmaqda davam edirdi. Yenə püşk atdılar. Ox bu dəfə də Abdullahı göstərdi. On dəvə də əlavə etdilər və dəvələrin sayı yetmiş oldu. Əbdülmüttəlib Allaha dua etdi. Ox yenə də Abdullahı göstərdi. On dəvə də artırdılar və dəvələrin sayı səksən oldu. Əbdülmüttəlib Allaha dua etdi. Yenə püşk atdılar. Bu dəfə də ox Abdullahı göstərdi. On dəvə də artırdılar  və dəvələrin sayı doxsan oldu. Əbdülmüttəlib Allaha yalvardı. Yenə püşk atdılar. Ox Abdullahı işarə verdi. On dəvə də artırdılar və dəvələrin sayı yüz oldu. Əbdülmüttəlib Allaha yalvardı. Yenə püşk atdılar. Bu dəfə ox dəvələrə düşdü. Qüreyşlilər və meydana toplaşanlar dedilər: "Artıq məsələ bitdi, Əbdülmüttəlib, Rəbbin razı qalmışdır"! Deyilənlərə görə, Əbdülmüttəlib söyləmişdi: "[Çox şükür]! [Amma] Allaha and olsun, daha üç dəfə də dəvələrə düşməyincə rahatlanmayacağam". Yenə də Abdullahın [adına] və dəvələrə püşk atdılar. Əbdülmüttəlib Allaha dua etdi. Ox dəvələri işarə verdi. İkinci dəfə etdilər. Əbdülmüttəlib Allaha dua etməyə başladı. Oxları atdılar və yenə də dəvələrə düşdü. Püşkatmanı üçüncü dəfə təkrar etdilər. Əbdülmüttəlib Allaha dua etməyə başladı. Oxları atdılar və ox yenə də... dəvələri göstərdi...

[Bundan sonra] Dəvələrin hamısı kəsildi.  Qurbanlıq əti hamıya payladılar".

İbn Hişam bildirir: "Qurbanlıq əti həm insanlara payladılar, həm də heyvanlara verdilər".

İbn Hişamın Elmira Qafarovanın tərcüməsində çapa hazırlanan "Muhəmməd Peyğəmbər(s)in həyatı" kitabından

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31