O, Allahı yada salar...
18 Yanvar 2016 06:20 DinAllahın adlarının əhəmiyyətinə və ruhumuza qoyduğu təsirə diqqət edərək, bu mövzunun bizim üçün nə qədər mühüm olduğuna işarə edək.
Allah Təala Quranda buyurur: "(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır)". ("Əraf" 180).
"Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur". ("Taha" 8).
Həzrət Peyğəmbər (s) buyurur: "Allahın 99 adı vardır ki, hər kəs Allahı onlarla çağırarsa, duası yerinə yetər və hər kəs onları yada salarsa, behiştə gedəcəkdir". (Tebyan)
Şeyx Səduq buyurur: "Əgər hər kim Allahın adlarını tanıyar, başa düşər və dərk edər və onlara inanar və mənalarına iman bəsləyər - behiştə daxil olar".
İmam Rza (ə) buyurur: "Allahın 99 adı vardır ki, hər kəs onunla dua edər, yerinə yetər".
Allahın bütün adları nurdur və vahiddir və onları yada salmaq insana hər iki dünyada xeyir və bərəkət gətirər.
Məsumlarımız (ə) hədislərində buyururlar ki, onlar - Allahın gözəl adlarıdırlar. Həmçinin özlərini Allahın zikri adlandırmışdılar.
İmam Sadiq (ə) "Əraf" surəsinin 180-ci ayəsi ilə bağlı buyurur: "Allaha and olsun ki, Onun gözəl adları bizik və heç bir əməl bizi tanımadan qəbul olunmayacaqdır".
İmam Sadiq (ə) və İmam Baqir (ə) buyurur: "Allahın 99 adlarının nişanəsi bizik".
Allah Təalanın biz müsəlmanlara əmr etdiyi ibadətlərdən biri də Onun adlarını zikr etməkdir. Allah Təala Qurani-Kərimdə buyurur:"Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım". ("Bəqərə" 152).
Allah Həzrət Musaya (ə) buyurur: "Mən o kəsin yoldaşıyam ki, Məni yada salar".
Allahın gözəl adları - hacətlərimizin, istəklərimizin yerinə yetməsi üçün bir vasitədir və bizi Allaha yaxınlaşdırar. Həzrət Muhəmmədin (s), Həzrət Əlinin (ə), Həzrət Fatimənin (s.ə), Məsum İmamların (ə) müqəddəs varlığında Allahın əzəmətli və gözəl adlarının həqiqəti vardır. Onları özünün ən böyük adları hesab edir. Ona görə də bütün peyğəmbərlərlə onların vilayətini qəbul etməsi üçün əhd bağlamışdır.
Qurani-Kərimdə buyurulur: "Ey iman gətirənlər, Allahı çox zikr edin!". ("Əhzab" 41).
İmam Sadiq (ə) buyurur ki, çox zikr etmək dedikdə Həzrət Zəhranın (s.ə) təsbihi nəzərdə tutulmuşdur. Allahı çoxlu zikr etmək odur ki, insan ürəyi, dili və bütün bədən üzvləri ilə Allahı zikr edər. O kəs ki, zakir olar - Allahın əmr etdiklərini yerinə yetirər. Allahın qadağan etdiklərini isə yerinə yetirməz. Zakir o kəsdir ki, Allahı yada salar və Ondan qeyrisinə diqqət etməz. Zakir özünü Allahın hüzurunda görər və ona görə də günah etməz. İnsan o zaman günah edir ki, Allahdan qafil olur.
Allah Təala Quranda buyurur: "Buna görə də əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun (ki, İslam Peyğəmbərinin göndərilməsinin təəccüblü olmamasını biləsiniz)". ("Nəhl" 43). Burada zikr əhli deyildikdə, Həzrət Muhəmməd (s) və Ali-Muhəmməd (ə) nəzərə tutulur. Bu on dörd pak nur özləri zakirlərdir, zikrdirlər və zikri təcəssüm edəndirlər. O kəs ki, Əli (ə) vilayətini ürəkdən qəbul edər - zakir olar.
Allahın ən böyük adı olan "Allah" sözünün xüsusiyyətləri:
- Əgər gün ərzində yüz dəfə deyilərsə, çətinlikləri aradan qaldırar.
- 1001 dəfə deyilərsə, böyük təhlükələri aradan qaldırar.
- Sübh namazından sonra hər gün 66 dəfə deyilərsə, çətinlikləri həll edər.
- Xəstəliyin şəfası üçün Qurandan 100 ayə oxumaq və sonra 7 dəfə "Ya Allah" demək lazımdır. İmam Əli (ə) buyurur: "Əgər bu əmri daşa oxusalar, daş açılar. Bütün həkimlərin cavab verdiyi xəstəyə şəfa verər, hətta əcəli çatan insanın əcəli bir neçə gün dala düşər".
- Həzrət Peyğəmbər (s) buyurur: "O iş ki, Allahın adı ilə başlanılmaz - naqis və nəticəsiz qalar".
- Hər kim hər gün 100 dəfə bu ayələri deyərsə:
"... هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ عَالِمُ الْغَيْبِ" ("Həşr" 22-23) Allah onu yəqin əhlindən qərar verər.