Bizi birləşdirən dəyər - dinimiz və əxlaqımız
“Bizim kimi siyasi və tarixi düşmənləri çox olan bir millət üçün vətən və millət əxlaqı əsasdır”
7 Avqust 2015 14:33 Dinİnsanı ağlı kəsəndən məzara qədər təqib edən din onun ruhi və mənəvi ehtiyaclarını ödəməklə yanaşı həm də bütün maddi həyatını da nizamlamağa çalışan Tanrı lütfüdür. Din həm də insanla Tanrı arasını tənzimləyən bir prinsiplər sistemidir. Din insan cəmiyyətinin həyat nizamı, qarmaqarışıq dünyanın qurtarıcısı, Tanrı tərəfindən Peyğəmbərlər vasitəsilə insanlığa bəxş edilmiş mənəviyyat elmidir. Din insanla Tanrı, insanla insan, insanla cəmiyyət arasında mənəvi-əxlaqi dəyərləri tənzimləyən Tanrı hökmüdür. Din maddidən daha çox insanın mənəvi dünyasının sərhədlərini müəyyənləşdirir. Din insanı məsuliyyətli, əxlaqlı, ədalətli, ağıllı, iradəli, cəsarətli, ləyaqətli, inamlı, imanlı və s. bu kimi ali dəyərlərə malik olmağa səsləyir.
Gerçək mömin din uğrunda çarpışandır. Onların səcdə edəcəyi bir varlıq varsa, o da Tanrıdır. Tanrıdan başqa kiməsə qulluq edənə mömin demək olmaz. Gerçək mömin yaşadığı çağı, onun ruhunu bilməli, dindəki əsasları yararsız təfərrüat və rəvayətlərdən ayırıb onları çağın ruhuna uyğun bir şəkildə cəmiyyətə təqdim etməlidir. Əfsuslar olsun ki, belə ruhanilərimiz barmaqla sayılacaq qədərdir. Toplumu müqəddəs dinimizdən ayırıb xürafata sürükləyən, nə İslam dininin mahiyyətini, nə də çağın ruhunu anlayan dırnaqarası din xadimləri isə yüzlərlədir. Onlar yağışdan sonra baş qaldıran zəhərli göbələklər kimi bütün ölkəni sararaq cəmiyyəti məzhəb rəvayətləri ilə zəhərləyirlər.
Əgər bugün mükəmməl din olan İslamın gözəllikləri cəhalət, xürafat pərdəsi ilə örtülürsə, fəaliyyət göstərən bir çox məscidlərimiz din əvəzinə ildə bir dəfə sinə vurub zəncir döyməklə öz dini vəzifəsini yerinə yetirdiyini düşünürsə, əsil dindən danışmağa dəyərmi?!
Nə qədər ki, İslam dini məşhur din xadimləri Şeyx Əbduh (XIX əsrdə yaşamış məşhur din xadimi -A.M.), Şeyx Cəmaləddin Əfqani (XIX əsrdə yaşamış məşhur din xadimi və mütəfəkkiri-A. M.), Musa Carullah Bigiyev (1875-1949-cu illərdə yaşamış məşhur tatar maarifçisi. Məmməd Əmin Rəsulzadə 1922-ci ilin yazında onun yardımı ilə sövet dövlətini tərk edərək Finlandiyaya keçmişdir-A. M.) və bunlar kimi şəxslərin açmış olduqları yolla deyil, "Şeyx Nəsrullahların" yolu ilə gedəcək, Əlqaim Billahları təqlid edəcək, İran fars mollaları kimi qadınlara və kişilərə geyim forması biçəcək, İslam dinini məzhəbçiliyə və fars şovinizminə qurban verəcək, dinimiz öz mənəvi əxlaqi təsirlərini get-gedə tamamilə itirəcək, cəmiyyətimiz adı "İslam" özü "Cəhalət əxlaqı" ilə yaşayanlarla dolacaq, insanlarımızı cəhalətin sonu olan "Müsibət"ə sürükləyəcəkdir.
Əksinə, cəmiyyətimiz maddi zinaya qarşı davranışlarını mənəvi "zinalara" qarşı da göstərərsə, ruhlar təzələnər, cəmiyyət saflaşar, milli və dini iradə hər şeyə hakim kəsilər. Unudulmamalıdır ki, din çağın ruhu ilə uyğun yürüdükcə güc qazanar.
Əgər bu gün, bu müstəqillik dövründə xalqımız çağımızla, dünyada gedən proseslərlə ayaqlaşa, aradakı mənəvi boşluqları doldura bilməsə, dini və əxlaqi dəyərlərə sahib çıxmasa, zaman və məkan içində yalnız qalacaq və gələcəkdə başqalarının əsiri olacaq. Bütün bunları həyata keçirmək üçün ilk öncə əxlaqi dəyərlərə önəm verilməlidir. Çünki, əxlaq hər şeydən öncə yaxşılıq və pislik görüşlərindən və bu görüşlərin dayandıqları qayda və qanunlara, mənəvi dəyərlərə əməl olunmasını təmin edən gücdən ibarətdir. Əxlaq insan varlığının ən ali dəyəridir. Əxlaq insanın danışığında, yerişində, duruşunda, davranışında, haqqı, ədaləti müdafiə və rədd etməsində, bir şeyi sevməsi və ya nifrət etməsində, bir insana və ya insanlığa sayğı göstərib göstərməməsindəki təməlləri araşdıran, incələyən bir elm sahəsidir.
Əxlaq din və mənəviyyatla bərabər, mədəniyyətlə də sıx bağlıdır. Mədəniyyət təkcə para ilə deyil, daha çox əxlaqla formalaşır. Mədəniyyət parasızlıqdan daha çox əxlaqsızlıqdan çökər. Cəmiyyətimizdə çatışmamazlıqların ən böyük səbəblərindən biri də məhz toplumu saran mənəvi boşluqlardan yaranan əxlaq böhranıdır.
İnsanların cəmiyyətə yararlı olmaları yalnız mənəvi dəyərlərin inkişaf etdirilməsi və yüksək əxlaqi dəyərlərin toplumda keçərli olması ilə mümkündür. Haqqdan, ədalətdən, hürriyyətdən ilham alaraq formalaşan əxlaq cəmiyyətimizə daha böyük uğurlar qazandırar. Bunun üçün ana dilimizdə ictimai əxlaqa aid önəmli dərsliklər yazılmalı, əxlaq müstəqil bir bilgi sahəsi kimi qəbul və tədris olunmalı, yazarlarımız ictimai əxlaqı təlqin edən ciddi əsərlər vücuda gətirməlidirlər. Unudunlmamalıdır ki, əxlaq bütövlükdə ictimai bir dəyər olduğundan cəmiyyətin hər bir fərdi onun qarşısında cavabdehdir.
Aydın Qasımlı
Filologiya elmləri namizədi
Yazı "Ortaq Dəyərlər" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində çap olunur