Hidayət Orucov Türkiyə Diyanət Vəkfinin başqanını qəbul edib
18 Aprel 2012 18:41 DinDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı Mazhar Bilgini qəbul edib. Bu barədə "OLAYLAR"a komitədən məlumat verilib. Tədbirdə Komitə sədri iki qardaş dövlət arasında mövcud olan yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərindən danışıb. Hidayət Orucov bildirib ki, indiyədək Türkiyə ilə Azərbaycan dünya siyasi arenasında çiyin-çiyinə addımlamış, hər zaman bir-birinin mənafeyini qorumuşdur və bu yol davam etdirilməlidir. Azərbaycanda son illər ərzində həyata keçirilən quruculuq işlərindən danışan Hidayət Orucov deyib ki, ölkədə bütün sahələr kimi, din sahəsində də böyük inkişaf var: "Ancaq təəssüf ki, bəzən qardaş Türkiyə mediasında Azərbaycandakı dini durumla bağlı yalan məlumatlara, həqiqəti əks etdirməyən yazılara da rast gəlirik. Şübhəsiz, həmin böhtan xarakterli məqalələrin qardaş ölkənin mətbuatında yer alması bizi daha çox məyus edir".
Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı Mazhar Bilgin xalqlarımız arasında mövcud olan bağlılığı zaman-zaman sarsıtmağa çalışan kiçik qrupların olduğunu, ancaq onların Türkiyə ictimaiyyətinin fikirlərini ifadə etmədiklərini xüsusi vurğulamışdır: "Türkiyədə mətbuat cəmiyyətin aparıcı qüvvəsi olsa da, bəzən demokratiyadan sui-istifadə hallarına yol verir, dedi-qodu yaradır, əsası olmayan məlumatlar yayır. Təbii ki, bunlar həm də vicdani məsələlərdir". Görüşdə iki qurum arasında işgüzar münasibətlərin daha da genişləndirilməsi istiqamətində də müzakirələr aparılmışdır.