Azərbaycanın haqq işi uğrunda mübarizəsində diasporumuz da fəaldır

Azərbaycanın növbəti erməni təxribatına qarşı başlamış olduğu əkshücum əməliyyatı və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı haqq işi uğrunda mübarizədə təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ona mane olmağa, dayandırmağa, Ermənistanı Azərbaycanın əlindən, haqlı mübaizəsindən xilas etməyə çalışan beynəlxalq təşkilatlar, qurumlar, eyni zamanda dövlətlər də var. Bu da təbii ki, erməni lobbisinin, erməni diasporunun uzun illər həmin ölkələrdəki məqsədyönül fəaliyyətinin nəticəsidir. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycan diasporu da bu illər ərzində fəaliyyət göstərdiyi ölkələrdə fəaliyyətsiz qalmayıb, erməni təxribatları, yalanlarına qarşı əzmli mübarizə aparıb, beynəlxalq aləmdə, ayrı-ayrı dövlətlərdə Azərbaycanın haqq səsini həmin ölkələrin cəmiyyətinə, rəsmi və qeyri-rəsmi qurumlarına çatdırmağa çalışıb. Onu da etiraf etmək lazımdır ki, ötən müddət ərzində qeyd etdiyimiz istiqamətdə müəyyən uğurlara da imza atılıb, nailiyyətlər əldə edilib.

Qeyd etdiyimiz kimi günümüzdə də, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün apardığı haqq işi uğrunda mübarizədə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, Azərbaycan cəmiyyətlərinin üzərinə çox böyük iş, vəzifə düşür. Onlar da ğöz növbələrində fəaliyyət göstərdikləri ölkələrdə müxtəlif dipli tədbirlər, etiraz aksiyaları təşkil etməklə məsələnin əsl mahiyyətini, Azərbaycanın haqlı dava apardığını həmin ölkələrə çatdırırlar. Bu ərəfədə ermənilərin, Ermənistanın terrorçu hakimiyyətinin dinc vətəndaşlarımızı hədəfə alması, mülki şəxslərə Gəncə və Bərdədə raket hücumu təşkil etməsi də xarici ölkələrdə soydaşlarımız tərəfindən təşkil edilən aksiyalarda, mitinqlərdə kəskin şəkildə pislənilir, dünya birliyindən ermənilərin terrorçu əməllərinə qarşı sərt və təxirəsalınmaz tədbirlər görmək tələb olunur.

Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəallığı, mövcud olduqları ölkələrin rəsmi dairələri, qanunverici və icraedici orqanları ilə qurduqları səmərəli əməkdaşlıq, müntəzəm olaraq keçirdikləri görüşlər, həmçinin apardıqları müzakirələrin nəticəsidir ki, əksər ölkələrin rəsmi qurumları səviyyəsində Azərbaycanın apardığı mübarizə, torpaqlarının işaldan azad edilməsi istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlar təqdir edilir, bəyənilir. Hər nə qədər hərbi əməliyyatların, döyüşün, müharibənin insan həyatı üçün arzuedilən olmadığı, insan itkisinə gətirib çıxardığı verilən bəyanatlar, açıqlamalarda qeyd edilsə də, ancaq ümumilikdə bir məqam xüsusi olaraq vurğulanır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal altında olan ərazilər boşaldılmalıdır. Qeyd etdiyimiz kimi belə bir mövqenin, Azərbaycanın maraqlarına xidmət edən yanaşmanın ortaya qoyulmasında müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının əməyi, zəhməti əvəzsizdir. Bu mənada İsrail, Ukraynanın mövqeyi nəzərə alınmaya bilməz. Hər iki ölkənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən yana olması, ölkələr arasında siyasi səviyyədə əməkdaşlıq, yüksələn xətlə inkişaf edən əlaqələrlə yanaşı, diasporamızın uğurlu fəaliyyət göstərməsindən də irəli gəlir.  Elə ən son, bu günlərdə rəsmi Kiyev səviyyəsində açıqlanan mövqe də belə deməyə əsas verir. Belə ki, Ukrayna Azərbaycanın yanında olduğunu bir daha təsdiqləyib. Belə ki, Ukraynanın Xarici İşlər Nazirliyi xarici dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyinə dair mövqeyini bir daha bəyan edib. Bu barədə xarici siyasət idarəsinin ölkədə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynova cavab məktubunda bildirilib. Məktubda qeyd edilib ki, sentyabrın 27-də - Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi gün - Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında qarşıdurmanın kəskinləşməsindən narahatlığını bildirib və tərəfləri sülh danışıqlarına geri dönməyə çağırıb. 30 sentyabr tarixli onlayn brifinqində isə xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, "dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi Ukrayna xarici siyasətinin təməl daşıdır". Soydaşımızın nəzərinə bir daha çatdırılıb ki, Ukraynanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqeyi dəyişilməzdir: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir".

Ümumiyyətlə, dünyanın dörd bir yanında, Avropadan tutmuş Asiyaya, Birləşmiş Ştatlardan tutmuş Avstraliya, Yeni Zellandiyaya qədər bütöv bir coğrafiyada bu gün Azərbaycan həqiqərləri, erməni təcavüzü, eyni zamanda Azərbaycanın haqq işi uğrunda apardığı mübarizə bütün aspektləri üzrə dünya ictimaiyyətinə çatdırılır, bəşəriyyətdən, sivil dünyadan Azərbaycanın səsinə səs vermək istənilir, erməni terroruna qarşı ölçü götürmək tələb olunur.

Bu mənada Birləşmiş Ştatların Mayami ştatının əsas yollarında "Karabakh is Azerbaijan" şüarı yazılmış lövhələrin asılması da Azərbaycanın haqlı mövqeyinin dünyaya, Amerika cəmiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, "Karabakh is Azerbaijan" şüarı yazılmış lövhələr quraşdırılıb.

Assosiasiyanın sədri Tövhə Eminova lövhələrin ermənilərin sıx yaşadığı ərazilərdə - "Fort Lauderdale" beynəlxalq hava limanının önündə və ABŞ-n digər ştatlarına gedən yolları birləşdirən mərkəzi hissədə quraşdırıldığını deyib. O Bildirib ki, bu yerlər təsadüfi seçilməyib, məqsəd odur ki, daha çox  inşan lövhələri və "Karabakh is Azerbaijan" şüarını görsün. Assosiasiya rəhbəri ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini bildirib.  Tövhə Eminova, həmçinin əlavə edib ki, ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq və terror siyasətinə qarşı bir yumruq kimi birləşib. Qeyd edək ki, lövhələrin dizaynı ABŞ-da yaşayan həmyerlimiz Cəmilə Cavadovaya və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur.

Azərbaycanın haqq işi uğrunda başladığı müqəddəs savaşa qardaş Türkiyədən də davamlı olaraq dəstək gəlib və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız, cəmiyyət və birliklərimiz son proseslərdə xüsusi fəallıq nümayiş etdiriblər. Belə ki, bu günlərdə qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Gəncə və Bərdə terrorunun qurbanları yad edilib. Ankara Musiqi və İncəsənət Universitetində Gəncə və Bərdə şəhərlərində törədilən terror aktları qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib. "Bir millət, iki dövlət, tək ürək!" devizi ilə keçirilən tədbirdə azərbaycanlı ziyalılar, yerli ictimaiyyətinin nümayəndələri, Ankara Musiqi və İncəsənət Universitetinin professor, müəllim və tələbə heyəti iştirak edib. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın xalq artisti Azərin, Azərbaycan Respublikasının əməkdar artisti Toğrul Qəniyev və digər azərbaycanlı və türkiyəli sənətçilər çıxış ediblər. Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru, professor Erol Parlak çıxış edərək iki ölkə arasındakı əzəli dostluq, qardaşlıq münasibətlərindən söz açıblar. Mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalarla Bərdə rayonunun dinc əhalisinin hədəfə alınmasının müharibə cinayəti olduğu vurğulanıb. Tədbir boyunca rəssamlar tərəfindən kətan üzərinə yağlı boya ilə çəkilən Azərbaycan və Türkiyə bayraqları nümayiş olunub, Ankara Musiqi və İncəsənət Universitetinin əsas binasının üzərində hər iki dövlətin bayraqları asılıb.

Azərbaycanın haqq səsi, apardığımız müqəddəs savaş ərəb dünyasında da izlənilir, bu coğrafiyada fəaliyyət göstərən diaspor təşkilatlarımız, cəmiyyətlərimiz, soydaşlarımız vasitəsilə onlara çatdırılır və dəstək alınır. Belə ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Əmman şəhərində işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi yad edilib. Azərbaycan icmasının iştirakı ilə baş tutan tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin, həmçinin terror aktlarının günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dualar oxunub. Azərbaycanın ədalətli mübarizəsini dəstəklədiklərini bildirən tədbir iştirakçıları Ermənistanın işğalçı, təcavüzkar və terrorçu siyasətini qətiyyətlə pisləyiblər. Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin təcavüzkar Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulması və dinc sakinlərin hədəfə alınması insanlığa qarşı cinayət kimi qiymətləndirilib.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31